Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında “İstilik təchizatı haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, müzakirələrdə “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və digər səlahiyyətli şəxslər iştirak edib.
Çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, hazırda Azərbaycanda qaz abonentlərinin sayı 2,6 milyona çatır və bu göstərici dövlətin son illər ərzində əhalinin mavi yanacaqla təmin olunması istiqamətində gördüyü ardıcıl və sistemli işlərin nəticəsidir.
Koimitə sədrinin sözlərinə görə, bu nailiyyətlərlə yanaşı, istilik təchizatı ilə bağlı yaranmış xaotik vəziyyət ciddi narahatlıq doğurur və dərhal həllini tapmalıdır.
Zahid Oruc deyib ki, bir zamanlar şəhərsalma prosesinin plansız və standartlara zidd aparılması nəticəsində çoxmənzilli yaşayış binalarının istilik sistemləri mərkəzləşdirilməyib, əvəzində hər bir mənzil üçün fərdi kombi qurğuları quraşdırılıb:
“Alternativ hesablamalara əsasən, hazırda Bakı şəhərində qaz istifadəçisi olan 950 mindən artıq ev təsərrüfatının ən azı 600 minində kombi sistemi mövcuddur. Bu vəziyyət bir sıra təhlükələr və mənfi nəticələr doğurur.
Kombilərin işləməsi zamanı metan qazının təxminən 20 %-i ətraf mühitə buraxılır. Ölkə üzrə illik təxminən 13 milyard kubmetr qaz sərf olunduğu halda, yalnız paytaxtda bu rəqəm 5 milyard kubmetrdən çoxdur.
Mərkəzləşdirilmiş sistemə keçid bu istixana qazlarının əhəmiyyətli dərəcədə azalmasına, beləliklə Bakı şəhərinin “yaşıl şəhər” statusuna real töhfə verməsinə səbəb ola bilərdi.
Əgər istilik mərkəzləşdirilmiş şəkildə təmin olunsaydı, bu zaman qaz sərfiyyatı 40 %-dək azala bilərdi. Nəticədə təxminən 2,5 milyard kubmetr qaza qənaət edilə, bu resursun ixracı vasitəsilə isə ölkəyə yüz milyonlarla dollar gəlir gətirilə bilərdi”.
Komitə rəhbəri qeyd edib ki, hər il dəm qazından baş verən ölüm halları fərdi istilik sistemlərinin təhlükəliliyini bir daha gündəmə gətirir:
“Mərkəzləşdirilmiş sistem bu riskləri də minimuma endirə bilər. Ailə büdcələrinə yük baxımından, vətəndaşlar kombi qurğularının alınmasına və texniki xidmətinə artıq 1 milyard manatdan çox vəsait xərcləyiblər. Bu isə iqtisadi baxımdan əlavə və yersiz xərclər deməkdir”.
Zahid Oruc vurğulayıb ki, gələcəkdə bərpa olunan enerjinin ev təsərrüfatlarına inteqrasiyası zamanı 100 minlərlə köhnəlmiş kombinin utilizasiyası məsələsi ortaya çıxacaq və bu, ölkə iqtisadiyyatı və ekologiyası üçün əlavə yükə çevriləcək.
Komitə sədri hökuməti və Milli Məclisi yeni tikinti siyasətində istilik təchizatı üzrə vahid norma və standartlar tətbiq etməyə çağırıb. Təklif edib ki, hər bir bina və ya yaşayış massivi üçün mərkəzləşdirilmiş qazanxana sistemləri məcburi şəkildə planlaşdırılsın. Dediyinə görə, bu, həm təhlükəsizliyin təmin olunmasına, həm də enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
E.Paşasoy,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ