Onlayn ictimai-siyasi qəzet
Hüquq sahəmizdə inanılmaz olaylara rast gəlinməkdədir. Mart ayının 18-də Əmircan sakini Bəxtiyar Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət alaraq azadlığa çıxmışdır. Onun əhvalatı çox maraqlıdır.
2022-ci ildə şanlı narkotik polislərimiz Bəxtiyar müəllimi nə az, nə çox – düz 5 kilo narkotik maddə, sadə yazsaq, bir torba həşişlə tutublar. Guya saxlanılanda bu torba onun əlindəymiş. Lakin iş gəlib məhkəməyə, Bəxtiyar müəllim ona idarədə işgəncə verildiyini, narkotikdən qətiyyən xəbəri olmadığını söyləmişdir. Ərazidə videokamera varmış, hakim çəkiliş lentlərini tələb edib. Baxıblar, görüblər doğrudan da bu yazıq adamın əli boşdur. Hətta deyərdim bombalamboşdur. Torbanı idarədə şanlı polislərimiz, türkün sözü, onun əlinə keçirmişlər.
Bəraət əladır, buna görə zəhmətkeşimiz Bəxtiyarı bu bəxtiyarlığı münasibətiylə təbrik edirəm (torbanı, faktiki kəfəni yırtıb), gün o gün olsun türmədəki başqa Bəxtiyarlar da azadlığa qovuşsun, lakin görəsən o torbanı onun əlinə keçirən hüquq-mühafizə əməkdaşları ən azı xəcalət çəkiblərmi? Cəza çəkmək-zad, bunları qoyuram bir qırağa, çünki bizə dövri-qədimdən məlumdur: hüquq-mühafizə orqanları heç vaxt günahkar olmur. Necə deyərlər, günah öləndədir. Ancaq heç olmasa xəcalət, vicdan əzabı, günah hissi-zad çəkmək yaxşı olar, üstəlik bəraət müqəddəs Ramazan ayında çıxıbdır, bizim orqan işçilərininsə əksəriyyəti hacı, məşədi və kərbəlayıdır. Özlərinin torbalı işlərə başı qarışıb ziyarətə gedə bilməyəndə də ən azı ata-analarını qutsal topraqlara yollamağı övladlıq, vətəndaşlıq borcu bilirlər.
Əlbəttə, hər işdə səhv olar, istintaq da bunun kimi. Lakin adamın əlinə 5 kilo narkotik vermisənsə, bu artıq səhv deyil. Bu, sözün bütün anlamlarında torba tikməkdir. Səhv 2-3 qram marixuanada olar. Uzağı.
Cinayət işinin bir detalı da diqqətimi çəkdi. Yuxarıda yazdığım kimi, hadisə kameraya düşübmüş, o kamera isə yaxındakı iri marketə məxsus imiş. 2022-ci ildə Bəxtiyar müəllimin vəkili kamera görüntülərini dükan yiyəsindən istəsə də adam bundan qətiyyətlə imtina edibmiş. Ancaq Ağır Cinayət Məhkəməsi tələb edəndə görüntüləri verib. Kim bilir, bəlkə o görüntülər vaxtında verilsə adam günahsız yerə 2 il dustaq olmazdı. Hesab edirəm həmin dükan yiyəsi də azı vicdan əzabına məhkum olmalıdır. Ayıb olsun. Sonra yalan-palandan insanpərvərlikdən, bir-birimizə həyan olmağımızdan dəm vururuq.
Başqa bir cinayət işində də mart ayında dəyişikliklər olmuşdur. (Mart dəyişmələr ayıdır). Şirvan gömrük postunun əməkdaşı 240 manat rüşvət alıb qanunsuz mal keçiribmiş. Bunu prokurorluğun korrupsiya ilə mübarizə idarəsi tutub, Bakı Ağır Cinayət Məhkəməsi şərti cəza verib, azad buraxıb. Prokuror qərara etiraz verib, bu dəfə Apelyasiya Məhkəməsi gömrükçüyə real, şərt-mərtsiz 7 il 6 ay həbs cəzası kəsib. Gömrükçünün vəkilləri Ali Məhkəməyə şikayət edib, ordan işi təzədən apelyasiyaya qaytarıblar. Bakı Apelyasiya Məhkəməsi isə özünün öncəki qərarını dəyişib, bu dəfə gömrükçünü azadlığa buraxıb.
İndi ortaya sual çıxır ki, apelyasiya məhkəməsinin iki daban-dabana zidd qərarının arasında nə olubdur? Ədalətin zəfər çalması üçün gömrükdə neçə əməliyyat bəs eləyir?
Əlbəttə, bunlar şərti suallardır – şərti cəza kimi. Cavab istəmirəm. Heç kiminsə həbsə düşməsini də arzulamıram. Ancaq hər halda güman edirəm Məhkəmə-Hüquq Şurası, həmçinin Ali Məhkəmənin sədri, hörmətli İnam müəllim belə qərar küləklərinin əsmə istiqamətlərini diqqətdə saxlasalar yaxşı olar. Çünki şair demişkən: “Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən bu gün can verir”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ