İnsanlara hürriyət, millətlərə istiqlal!

44 ölkədən gələn fəallar İsrailə meydan oxuyur: Qəzza üçün dəniz yürüşü başladı

44-dən çox ölkədən yüzlərlə fəal və siyasətçidən ibarət “Qlobal Sumud Donanması” (Global Sumud Flotilla) Aralıq dənizində İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq məqsədilə missiyasını davam etdirir.

Musavat.com xəbər verir ki, donanmanın tərkibində insan haqları müdafiəçiləri, həkimlər, hüquqşünaslar, din xadimləri, incəsənət nümayəndələri və Avropa Parlamentinin deputatları da var.

Onlar Qəzzaya əsasən qida, dərman, tibbi ləvazimat və digər zəruri humanitar yardımlar aparır.

Missiya Barselona (İspaniya), Genova (İtaliya), Tunis, Catania (Siciliya) və Yunanıstanın Syros limanlarından start götürüb. Əsas məqsəd beynəlxalq sularda gəmiləri birləşdirərək birlikdə Qəzzaya doğru hərəkət etməkdir. Donanma Freedom Flotilla Coalition və digər beynəlxalq humanitar təşkilatların iştirakı ilə yaradılıb.

Qeyd edək ki, Tunis limanında gəmilərdən birinin dron hücumuna məruz qaldığı iddia olunub, nəticədə yanğın baş versə də, xəsarət alan olmayıb. Tunis hakimiyyəti bu hadisəni araşdırır.

Hava şəraiti və texniki problemlər səbəbilə bəzi gəmilərin hərəkəti gecikib.

Missiyanın əsas məqsədi yalnız yardım çatdırmaq deyil, həm də beynəlxalq ictimaiyyəti Qəzzada davam edən humanitar böhrana diqqət yetirməyə çağırmaqdır. Fəallar bildirirlər ki, İsrailin tətbiq etdiyi blokada beynəlxalq hüquqa ziddir və mülki əhalini aclıq və dərman qıtlığına məhkum edir.

İsrail tərəfi belə təşəbbüsləri təhlükə kimi qiymətləndirərək bəzi iştirakçıları “radikal” adlandırıb. Bununla belə, beynəlxalq hüquq müdafiəçiləri qeyd edirlər ki, humanitar yardım daşıyan gəmilərə beynəlxalq sularda müdaxilə etmək hüquqi baxımdan mübahisəlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR