Onlayn ictimai-siyasi qəzet
Son illərdə Türkiyə serial və filmləri həm ölkə daxilində, həm də xaricdə geniş auditoriyaya malikdir. Bu mədəni məhsullar böyük tamaşaçı kütləsinə təsir göstərir və cəmiyyətlər arasında qarşılıqlı münasibətlərin formalaşmasına xidmət edir. Lakin təəssüf ki, bir çox hallarda Türkiyə istehsalı olan bəzi serial və filmlərdə azərbaycanlı obrazlar yanlış, stereotiplərlə yüklənmiş və alçaldıcı şəkildə təqdim olunur. Onlar ya savadsız, ya da komik, sadəlövh və məişət səviyyəsində qalan tiplər kimi təsvir edilir.
Serial və filmlərdə diqqətçəkən digər məsələ Azərbaycan dilinin təqdimatıdır. Dil çox vaxt təhrif olunur, komik effekt yaratmaq üçün süni şəkildə şişirdilir və anlaşılmaz səviyyəyə gətirilir. Azərbaycan dilində danışan obrazların sözləri tamaşaçılara gülüş doğurmaq üçün vasitə kimi istifadə edilir.
Son günlər isə “Kızılcık şerbeti” serialında azərbaycanlı kimi təqdim edilən Abidin obrazı diqqət çəkib. Onun danışığının digər obraz tərəfindən xor görülməsi birmənalı qarşılanmayıb.
Musavat.com mövzu ilə bağlı tanınmışların fikrini öyrənib.
Kinoşünas Sevda Sultanlı bildirib ki, sözügedən serialda yayımlanan kadrlarda aşağılayıcı nüanslar görmür:
““Yahşi cazibe” serialının bəzi bölümlərinə baxmışam. Finalda azərbaycanlı Yahşını fırıldaqçı kimi göstərmələrindən xəbərsizəm. Sonra “Uçan kuş” filmində dilimizdəki bəzi sözlərin türk dilində ədəbsiz mənalarının verilməsi mənim üçün də xoş deyil. Amma o ortaq işdir və bizimkilərlə birlikdə yazılıb.
“Kızılcık şerbeti” serialında bizim mahnımız yayımlanıb, Abidin obrazı da azərbaycanlıdır. Amma mən o kadrlarda bizi alçaldan bir nüans görmədim. Bu kadrları həmkarım, kinoşünas Aygün Aslanlıya da göndərdim. O da mənimlə eyni fikirdədir.
Belə bir hal “Recep İvedik” ilə bağlı da olmuşdu. Amma orada da aşağılayıcı bir hal yox idi. Ötən il Çağatay Ulusoyun rol aldığı “Terzi” serialında “Füzuli kantatası” yayımlanmışdı. Türklər bizim musiqiyə heyran olmuşdu. Çox gözəl təqdim edilmişdi”.
Ssenarist-aktyor Azər Aydəmir isə məsələyə bu cür münasibət bildirib:
“Düzünü desəm, sözügedən serialı izləmirəm. Amma mən məsələyə bir istiqamətdən baxmıram. Məsələn, bir neçə il öncə Azərbaycanın xalq mahnısı “Aman ovçu” “Gecenin kraliçesi” serialında səsləndirilmişdi. “Terzi” serialında mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası” yayımlanmışdı. Bu cür nümunələr çoxdur. Bu bizim PR-ımızdır, hər bir varıantda sənətimizin, mahnılarımızın nümayişidir, geniş yayılmasıdır. Həyatda necə hər sahədən adam varsa, film, seriallarda da bu əksini tapır. Biz qardaş ölkəyik. Düşünmürəm ki, onlar bizi alçaltmaq, kiçik göstərmək üçün bunu edirlər. Bir filmdə, serialda Azərbaycandan, azərbaycanlılardan, incəsənətimizdən nümunə varsa, bunu xoş qarşılamalıyıq”.
Könül
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ