Onlayn ictimai-siyasi qəzet
BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyası İsrailin Qəzza Zolağındakı əməliyyatlarını fələstinlilərə qarşı soyqırımı adlandırıb.
Musavat.com bildirir ki, Komissiya İsrail və bütün dövlətləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, soyqırımı dayandırmağa və məsul şəxsləri cəzalandırmağa çağırıb.
Komissiya 2023-cü il oktyabrın 7-dən etibarən baş vermiş hadisələri iki il ərzində araşdırıb.
Hesabatda bildirilir ki, İsrail hakimiyyətləri və təhlükəsizlik qüvvələri 1948-ci il Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasının beş tərifindən dördünü həyata keçirib: qəsdən öldürmə, ciddi bədən və ya ruhi zərər vermə, yaşayış şəraitini qəsdən Fələstinlilərin məhvinə yönəltmək və doğumların qarşısını almaq.
Komissiya qeyd edir ki, İsrail sivil və hərbi rəhbərlərinin açıqlamaları və təhlükəsizlik qüvvələrinin fəaliyyəti göstərir ki, bu hərəkətlər Fələstinliləri qismən və ya tamamilə məhv etmək məqsədi ilə həyata keçirilib.
Hesabatda əlavə edilir ki, İsrail rəhbərliyi prezident İsxak Hersoq, baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant da daxil soyqırımı təşviq etməkdə məsuliyyət daşıyır.
Araşdırma zamanı İsrailin Qəzza şəhərində həyata keçirdiyi hərbi əməliyyatlar, minlərlə fələstinlinin öldürülməsi və yaralanması, blokada, humanitar yardımların əngəllənməsi, səhiyyə və təhsil sistemlərinin məhvi, uşaqların və dini-mədəni obyektlərin hədəf alınması kimi faktlar analiz olunub. Komissiya İsraili humanitar blokadanı aradan qaldırmağa, aclıq siyasətini dayandırmağa, BMT və digər beynəlxalq təşkilatların yardım fəaliyyətlərinə maneəsiz girişinə imkan yaratmağa və Qəzza Humanitar Fondunun fəaliyyətini dərhal dayandırmağa çağırıb.
Bundan əlavə, üzv dövlətlərə tövsiyə olunur ki, İsrailə soyqırımı törətməkdə istifadə oluna biləcək hərbi texnika göndərilməsini dayandırsınlar, şəxslərin və şirkətlərin soyqırımı törətməkdə və ya təşviq etməkdə iştirak etməməsinə nəzarət etsinlər və məsul şəxslərə qarşı hüquqi tədbirlər görsünlər.
Xalidə Gəray
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ