İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaydasız müharibənin iki ili - Bakı da uduşda

Bu gün Qəzzaya, çoxdan gözlənilən sülh gələcəkmi?

Bu gün - oktyabrın 7-si Yaxın Şərqin ən qanlı və qaydasız savaşlarından biri, minlərlə günahsız mülki insanın həyatına son qoyan İsrail-HƏMAS müharibəsinin başlanmasının ikinci ildönümüdür. Bəlli olduğu kimi, ABŞ lideri Donald Tramp konfliktin, nəhayət, köklü həlli üçün 20 bəndlik təklif irəli sürüb. Planda HƏMAS-ın könüllü tərk-silah olması və girovların azad edilməsi, bölgədə müvəqqəti mülki idarəçilik və Qəzzanın bərpası, İsrail ordusunun ərazidən mərhələli çıxarılması, digər bəndlər yer alır.

Artıq HƏMAS plana ilkin razılığını verib. Oktyabrın 5-də isə 7 ən nüfuzlu və qarant müsəlman ölkəsi - Türkiyə, Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniya xarici işlə nazirləri bəyanat qəbul edərək, bölgənin tezliklə texnikalardan ibarət keçid hökumətinə verilməsinə HƏMAS-ın razı olmasını alqışlayıb və sülhün detallarını müzakirə etməyə çağırıb.

Bu gün Qəzzaya, nəhayət, çoxdan gözlənilən sülh gələcəkmi? Gələcəkdə nə dərəcədə uzunömürlü olacaq? Trampın dediyi kimi, 3000 illik konfliktin çözülməsi mümkünmü? İki illik müharibənin qalibi kimdir? Türkiyə və İsraillə xüsusi münasibətlərimiz də nəzərə alınarsa, konkret olaraq Azərbaycan üçün sülh razılaşmasının önəmi nədir?

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib | Modern.az

Kənan Rövşənoğlu

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bu qarşıdurmanın qalibinin olmadığını qeyd etdi: “Əvvəla, bu münaqişənin 3 min il yaşı yoxdur. Doğrudur, Qüds (Yerusəlim) şəhəri mövcud olduğu 5 min il ərzində həmişə qan və zülmlər görüb, dünyanın böyük imperiyaları bu şəhər uğrunda müharibə aparıb, ona sahib olmağa çalışıb. Ancaq bunu tarixi ərəb-yəhudi və ya müsəlman-yəhudi davası hesab etmək olmaz. Ən son tarixdə, 1917-ci ilə qədər faktiki olaraq yəhudilər və müsəlmanlar Osmanlı idarəsi altında birgə yanaşı yaşayıblar. Belə demək olarsa, bu münaqişə son 100 ilin hadisəsidir. Bunun da bir kilid məqamı var: Qüds güclülərin şəhəridir. Kim güclü olubsa, bu şəhərə də o nəzarət edib. İndi də elədir. İsrail silahlı güc yolu ilə Qüdsü ələ keçirib, ona nəzarət edir, amma bu nəzarət nə zamana qədər davam edəcək, onu kimsə bilə bilməz. Qüdsün tarixi bu cür münaqişələrlə doludur. O ki qaldı hazırda Qəzzada davam edən qeyri-bərabər müharibəyə, daha doğrusu, soyqırımına, prezident Trampın sülh təşəbbüsü münaqişəyə son qoya bilər. Bunun üçün zəmin mövcuddur. Ancaq məsələ ondadır ki, hər iki tərəfdə barışmaz, gözlərini açandan bir-birinə nifrətlə böyümüş bir nəsil var. Bunlar arasında ədalətli sülh yaratmaq olduqca çətindir”.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Qəzzada müharibənin durdurulması və sülhün əldə olunması müsbət hadisə olardı: “Beynəlxalq ictimaiyyət çoxdandır ki, bu yöndə səylərini artırmaqda və faciənin qarşısını almağa çalışmaqda idi. Təəssüflər olsun ki, Birləşmiş Ştatların İsrailə qətiyyətli dəstəyi bütün bu təşəbbüsləri nəticəsiz edirdi. Nəhayət, Donald Tramp sentyabrın 29-da 20 bənddən ibarət Qəzza sülh planını elan etdi və bu plan Qərbin və müsəlman dövlətlərinin bir çoxunun dəstəyini qazandı. Artıq planın icrası ilə bağlı işlərə başlanılıb. HƏMAS və İsrail nümayəndə heyəti və Birləşmiş Ştatların da təmsilçilərinin iştirakı ilə Misirdə dolayı danışıqlar baş tutacaq. Planın şərtlərinə görə, hər iki tərəf ilkin olaraq girovları və məhkumları azad edəcək, atəş dayandırılacaq, ikinci mərhələdə HƏMAS silahlarını təhvil verəcək, İsrail ordusu geri çəkiləcək, Qəzzaya sühməramlı kontingent yerləşdiriləcək, bölgənin idarəçiliyi Trampın rəhbərlik etdiyi beynəlxalq komitəyə veriləcək, ardınca isə yerli texnokratlardan ibarət keçid hökuməti yaradılacaq. Göründüyü kimi, Qəzza planını baş nazir Netanyahunun xilası planı adlandırmaq daha uyğun olardı. Baş nazir müharibə başlayandan indiyədək qarşıya qoyduğu məqsədlərin heç birinə çata bilmədi. Nə girovları azad edə, nə də HƏMAS-ı tərk-silah, yaxud da tam sıradan çıxara bildi. İsrailin qəddarlığı, 60 mindən çox mülki insanı qətlə yetirməsi, böyük miqyaslı dağıntılar, nəticədə Təl-Əvivə nifrəti və qəzəbi o həddə çatdırdı ki, özünün hətta qərbli müttəfiqləri də ondan üz döndərdi. Böyük Britaniya, Fransa, Avstraliya, Kanada və s. dövlətlər Fələstinin müsəqilliyini tanıdılar. Trampın Qəzza planı hesab etmirəm ki, İsrail-Fələstin problemini tam həll edəcək və bölgəyə qalıcı sülh gətirəcək. Çünki müharibəni yaradan köklü səbəblər haqqında bir sətir də yoxdur. İki dövlət həll prinsipi, Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olmasına Birləşmiş Ştatların əks mövqeyi hələ də dəyişməz qalır. Göründüyü kimi, Trampın iddia etdiyi kimi, 3000 min illik konfliktin çözülməsindən danışmaq hələ çox tezdir. Bunu da bu cür yanaşma ilə çözmək mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR