İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev Putinə zəng etdi – münasibətlərdə dönüş nöqtəsi, yoxsa diplomatik protokol?

Politoloqlar deyir ki, İlham Əliyevin Putinə zəngi nə güzəştin, nə də təzyiqin göstəricisidir, bu...

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya lideri Vladimir Putinə zəng edib.

Musavat.com xəbər verir ki, bu gün Putin doğum gününü qeyd edir və liderlər arasında bu cür təbrik zəngləri uzun illərdir iki ölkə münasibətlərində ənənəvi xarakter daşıyır.

Lakin hazırkı geosiyasi vəziyyətdə – Moskva ilə Qərb arasında dərinləşən gərginlik, Rusiya-Ermənistan xəttində ziddiyyətlər və Bakı ilə Moskva arasında müşahidə olunan soyuqluq fonunda – bu zəng təkcə “ad günü təbriki” kimi deyil, həm də potensial siyasi siqnal kimi dəyərləndirilə bilər.

AZERB.jpg (100 KB)

İlham Əliyevin Putinə zəngi münasibətlərin normallaşması, qarşılıqlı etimadın bərpası istiqamətində dönüş nöqtəsi sayıla bilərmi? Yoxsa bu, sadəcə diplomatik protokolun davamıdır?

42e3787334-Elxan-sahinoglu-beynelxalq-edalet-mehkemesi-azerbaycanin-haqli-movqede-oldugunu-tesdiq-etdi.png (1.17 MB)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bunları bildirib:

“Təyyarə hadisəsindən sonra Rusiyanın yarıtmaz siyasəti səbəbindən münasibətlərdə gərginlik yarandı. Bu məsələdə nə normal şəkildə üzrxahlıq oldu, nə də kompensasiya ödənildi. Ardınca Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları baş verdi, bu, gərginliyi daha da artırdı. Ancaq ümumilikdə Azərbaycan cəmiyyəti Rusiya ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyil. Rusiya bizim qonşu dövlətdir və biz ticarət əlaqələrinin davam etməsini istəyirik. Bu baxımdan prezidentlər arasında dialoqu normal qarşılamalıyıq.

Bundan əlavə, bir müddət əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyevanı da Putin təbrik etmişdi.

Hər il İlham Əliyev Putini ad günü münasibətilə təbrik edir, eyni zamanda Putin də İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edir. Bu dəfə təbrik olmasaydı, bu, münasibətlərdə gərginliyin daha yüksək səviyyəyə çatdığını göstərə bilərdi. Amma görünür ki, liderlər arasında münasibətlər davam edir”.

Politoloq qeyd edib ki, Rusiyanın hələ atmalı olduğu addımlar var:

“Lakin son bir ayda hiss olunur ki, hər iki tərəf gərginliyin artmasının tərəfdarı deyil. Bunu Rusiya mediasında Azərbaycan əleyhinə fikirlərin azalma tendensiyasından da görmək mümkündür. Eyni zamanda Rusiya baş nazirinin müavini Aleksey Overçukun bölgəyə səfəri də planlaşdırılıb. Yəni təmaslar mövcuddur və telefonla təbriki də normal qiymətləndirirəm. Sadəcə düşünürəm ki, Putin üzərinə düşən addımları atmalıdır. Dekabr ayına qədər vaxt verildi ki, təyyarə insidenti ilə bağlı araşdırmanın nəticələri gözlənilsin. Artıq dekabrda bu məsələyə aydınlıq gətirilməli və konkret qərar verilməlidir ki, münasibətlərdə olan sualların sayı azalsın”.

azer huseynov.jpg (95 KB)

Siyasi analitik Azər Hüseynov da mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng etməsi regiondakı geosiyasi vəziyyətin reallıqlarına uyğun, tamamilə praqmatik addım kimi dəyərləndirilməlidir. Bu hadisəyə sırf protokol çərçivəsində deyil, Azərbaycan xarici siyasətinin strateji məntiqi və milli maraqları kontekstində yanaşmaq lazımdır. Azərbaycan-Rusiya münasibətləri tarixən mürəkkəb, lakin qarşılıqlı asılılıq və regional tarazlıq üzərində qurulmuş münasibətlərdir. Qafqazda sabitliyin qorunması, təhlükəsizlik məsələləri, enerji və nəqliyyat layihələri bu münasibətlərin əsas sütunlarını təşkil edir. Azərbaycanın bu çərçivədə Moskva ilə əlaqələri tamamilə kəsməsi və ya gərginlik üzərində siyasət yürütməsi nə praktik, nə də milli maraqlara uyğun olardı”.

Siyasi şərhçi əlavə edib ki, Prezident İlham Əliyev beynəlxalq siyasətdə rasional düşüncə və strateji praqmatizmlə hərəkət edən liderdir:

“O, Rusiya ilə münasibətlərdə qarşıdurmadan çox, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini üstün tutur. Əslində, bu yanaşma Azərbaycanın balanslaşdırılmış xarici siyasət xəttinin davamıdır. Azərbaycan bir tərəfdən Avropa İttifaqı və Qərb dövlətləri ilə əməkdaşlığı dərinləşdirir, digər tərəfdən isə Rusiya və regional aktorlarla dialoqu davam etdirir. Bu zəng həm də regionda dəyişən vəziyyətin - xüsusilə Qafqazda yeni reallıqların formalaşdığı bir dövrdə - Azərbaycanın təşəbbüsü ələ almaq istəyi kimi də oxuna bilər.

İlham Əliyev situasiyaya reaktiv deyil, proaktiv yanaşır. O, hadisələrə sonradan reaksiya göstərmək əvəzinə proseslərin istiqamətini müəyyən etməyə çalışır.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bütün diplomatik addımları milli təhlükəsizlik və suverenlik prinsiplərinə əsaslanır. Rusiya ilə münasibətlərin qorunması və idarəedilməsi də bu çərçivədə həyata keçirilir. Burada emosional deyil, strateji düşüncə üstünlük təşkil edir. Bu mənada İlham Əliyevin Putinə zəngi nə güzəştin, nə də təzyiqin göstəricisidir. Bu, Azərbaycanın öz regional maraqlarını qorumaq üçün diplomatik alətləri çevik və balanslı şəkildə işlətməsinin təzahürüdür. Azərbaycanın xarici siyasətində əsas məqsəd regionda sabitliyin qorunması və milli maraqların təminidir - bu zəng də həmin məqsədə xidmət edən addımlardan biridir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR