İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Suriya: hardan-haraya?..

“Yeni Suriya” anlayışı müharibədən sonrakı dönəmin dövlətin yenidən formalaşması və bölgəsəl siyasətdəki rolunun yenidən təyini ilə bağlıdır.

Bu yazıda Suriya məsələsində maraqlı olan dövlətlərin fərqli strategiyalarını yığcam şəkildə göstərməyə çalışaraq, “Yeni Suriya” üçün münasibətlərin necə qurulmalı olduğunu müzakirəyə cəlb edəcəyik.

2011-ci ildə başlayan (çağdaş dönəmin ən mürəkkəb bölgəsəl böhranlarından biri kimi tarixə düşən) Suriya münaqişəsi həm iç, həm də beynəlxalq maraqların toqquşduğu bir “meydan” oldu. İdeoloji, etnik və dini fərqlərdən qaynaqlanan münaqişə, qlobal güclərin müdaxiləsi ilə daha da mürəkkəbləşdi.

I. İran və Suriya: ideoloji və strateji müttəfiqlik

İran və Suriya arasındakı bağlar uzun illər içində siyasi, ideoloji əsaslara (və “əsaslar”a) söykəli olaraq davam və inkişaf edib. İran Suriyadakı mövcudluğunun təmini, davam və inkişafı üçün ciddi bədəllər ödəyib. Bugündən baxdıqda, “o bədəllərin dərin bir anlamı varıydımı?” deyə sual etmək olar…
Suriya İran üçün strateji tərəfdaş qismində çıxış edirdi, çünki o, Livandakı Hizbullah qruplaşmasına dəstək vermək üçün önəmli dəhliz sayılırdı.

Rəsmi Tehran Suriyanı öz “şiə hilalı” strategiyasının tərkib hissəsi kimi görürdü. Bu dəhliz vasitəsilə İran ən azı İraqa və Livana təsir gücünü artırmağı, habelə Suriyaya ilgili dövlətlər qarşısında əlini gücləndirməyi hədəfləyirdi.

II. Türkiyə: hədəflər, təhlükəsizlik və PKK məsələsi

Qardaş Türkiyə haqlı olaraq, Suriyada baş verənləri öz milli təhlükəsizliyinə birbaşa təhdid olaraq qəbul edirdi. PKKyanlısı qruplaşmalarının güclənməsi və sərhəd boyunca terror riski rəsmi Ankaranın prioritet məsələləri idi.
Türkiyə Suriyanın quzeyində “təhlükəsiz bölgə” yaratmaqla həm öz sərhədlərini qorumağa, həm də, aşırı qaçqın axınının qarşısını almağa çalışırdı.
Türkiyə, Rusiya ilə Suriyada keçici işbirliyi qurarkən, Qərblə olan əlaqələrində də ehtiyatlı davranmağa çalışırdı - bu davranış şəkli hələ bir müddət də qüvvədə ola bilər.

III. Rusiya: Suriyadan qayıdan böyük güc

Rusiya üçün Suriya sadəcə bir münaqişə meydanı deyil, həm də Yaxın Şərqdə güc nümayişi baxımından bir vasitə idi. Tartus dəniz bazası və Latakiya hava bazası Moskvanın geosiyasi təsirini möhkəmləndirən əsas amillər kimi qəbul görmüşdü.
Kreml Suriyanı Qərb təsirinə qarşı dayanacaq kimi istifadə edirdi. Rusiya üçün Suriyada hərbi mövcudluq, həmçinin enerji marşrutlarını idarə etmək baxımından vacib sayılırdı.

IV. İsrail və Suriya: təhlükəsizlik paradoksu

İsrail Suriyadakı İran təsirindən (özəlliklə Golan təpələrinin strateji önəmi ilə bağlı olaraq) ciddi şəkildə rahatsız idi.
İsrail, İranın Suriyada mövqelərini zəiflətmək üçün dəfələrlə hava zərbələri endirdi. Bu müdaxilələr İsrailin milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi yorumlanırdı.

V. Qərb: diplomatiya və maraqların yenidən təyini

ABŞ və Avropa Birliyi Suriyadakı münaqişədə əsasən diplomatik və iqtisadi vasitələrlə iştirak edib.
Qərb Suriyanın gələcəyində Əsəd rejiminin qalmasına qarşı çıxsa da, praktiki olaraq, uzun illər boyu bu gerçəkliklə uzlaşmışdı...
Suriya hazırda Qərbin humanitar yardım və iqtisadi dəstəyinə ciddi ehtiyac duyur.

VI. Digər dövlətlər: Ərəb dövlətləri və Çin

Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına qayıtması bölgəsəl birliyə və sabitliyə xidmət edə bilər.

Rəsmi Pekin isə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Suriyanı önəmli iqtisadi tərəfdaş kimi görür.

VII. Azərbaycan və Yeni Suriya münasibətləri

Bu münasibətlər həm tarixi, həm də çağdaş geosiyasi, mədəni bağlar kontekstində maraqlı və vacibdir.

Tarixi və mədəni bağlar

Suriya türkmanlarına Suriya azərbaycanlıları yaxud Suriya türkləri də deyə bilərik. Onların dil, mədəniyyət və gələnəkləri Azərbaycanla sıx bağlılıq göstərir.

Suriya türkmanları Suriyanın əsasən quzey-batısında, özəlliklə Hələb, Homs və Laskiya ərazilərində məskunlaşıb.
Onlar münaqişə zamanı həm iç, həm də dış təzyiqlərə uğrayıb və bir çoxu qaçqın düşərgələrində yaxud Türkiyə ərazisində məskunlaşıb.

Yeni Suriyanın Qafqaz, Anadolu, ümumən Türk dünyası ilə strateji tərəfdaşlıq bağlarının qurulması və güclənməsi üçün türkmanlar önəmli faktordur.

Çağdaş bağlar və diplomatik potensial

Azərbaycan Suriya əhalisinə, o cümlədən türkmanlara humanitar yardım göndərib. Bu cür dəstək “Qardaş köməyi” prinsipi əsasında daha da genişləndirilə bilər.

Azərbaycan, Suriya ilə bağlarını həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər beynəlxalq platformalar çərçivəsində inkişaf etdirə bilər. Bu isə multilateral işbirliyini ifadə edir.

Azərbaycan türkmanlar üçün daha nə edə bilər?

Azərbaycan türkman gəncləri üçün ali təhsil proqramları təklif edə bilər. Bu, onların öz milli-mədəni irsini qoruyub saxlamasına kömək olacaqdır.

Suriya türkmanları Azərbaycan tərəfindən maliyyələşdirilən humanitar və infrastruktur layihələrindən yararlana bilər.

Azərbaycan ilə Suriya türkmanları arasında mədəniyyət və incəsənət sahəsində bağların qüvvətləndirilməsi, ölkələr arasında həmrəyliyi gücləndirmiş olar.

Geosiyasi perspektivlər

Azərbaycan türksoylu ölkə və topluluqlarla olan mövcud bağları ilə birgə, Suriya türkmanları ilə bağları gücləndirə bilər. Bu həm Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni bir bağlantı, həm də humanitar təsir vasitəsi olacaqdır.

Azərbaycan beynəlxalq aləmdə nüfuzunun artması ilə, Suriya böhranının nəhayi çözümü və türkmanların hüquqlarının qorunması yönündə vasitəçi rolunu oynaya bilər. Bu, Azərbaycanın bölgəsəl və beynəlxalq mövqeyini möhkəmləndirə bilər.

Vlll. Yeni Suriya ilə münasibətlərin qurulması

Suriya hər hansı yadelli bir gücün təsir dairəsinə tam olaraq daxil olmamalı, müxtəlif dövlətlərlə dəngəli münasibətlər qurmalıdır. Ən səmimi, ən uyğun və yaxşı yol, Suriyanın ən uzun (911 km (!) boyunca) sərhəd qonşusu olan Türkiyə (Türkiyənin timsalında Türk dünyası) ilə bağlarını, işbirliyini gücləndirməkdən keçir.
Suriya qonşu dövlətlərlə mədəni və iqtisadi dialoq qurmaq (dialoqu bərpa etmək) yaxud gücləndirmək zorundadır.

Münaqişələrdən qaçınmaq və bölgəsəl sabitliyin təmini üçün bütün ilgili tərəflərlə dialoq aparılmalıdır.

Beynəlxalq ictimaiyyət Suriyadakı sosial-iqtisadi strukturların bərpasında fəal rol oynamalı, humanitar yardım və yenidənqurma layihələrində səmimi iştirak etməlidir.

Beləliklə:

1. “Yeni Suriya” anlayışı yalnız milli maraqlarla məhdudlaşa bilməz. Bölgəsəl və qlobal aktorların işbirliyi, özəlliklə Türkiyənin, Türkiyənin timsalında Türk dünyasının dəstəyi (himayəsi) olmadan Suriyanın yenidən (konstruktiv şəkildə) formalaşması çox çətin görünür. Suriyanın gələcəyi həm daxili islahatlara, həm də beynəlxalq işbirliyi mexanizmlərinə bağlıdır.

2. Azərbaycan-Suriya münasibətləri və Suriya türkmanları ilə bağlar isə həm tarixi, həm də çağdaş kontekstdə strateji önəm daşıyır. Azərbaycan, türkmanların dil və mədəniyyətini qorumasına yardım etməklə yanaşı, Suriya ilə işbirliyi sahələrini genişləndirərək, bölgədə həmrəylik və sabitlik üçün önəmli addımlar ata bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR