İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni məktəbli formaları narazılıq yaradacaq

Ekspertlərə görə, məktəbli formasını üç ildən bir dəyişdirmək yüz minlərlə valideyni çətin vəziyyətdə qoymaq deməkdir; fərqli rəylər də var

2023-2024 təhsil müddətində məktəblərdə yeni müəyyənləşdirilmiş formalar geyiniləcək. Məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib. O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına forma aldıqları üçün məcbur edilməmişdi: “Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, "forma istəmirik". Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".

Elnur Əliyev qeyd edib ki, növbəti tədris ilindən milyondan artıq şagird məktəbli forması ilə dərsə gedəcək: “Məktəblərin böyük hissəsi artıq forma seçimi edib. Konkret saylar tədris ilinin sonunda açıqlanacaq. Qərarda açıq-aydın qeyd olunub ki, formalarla bağlı yekun qərarı məktəblərin pedoqoji şuraları verməlidir. Məktəblər özlüyündə kifayət qədər müstəqil qurumdur. Sadəcə, biz tövsiyə edirik ki, məktəblilərin formada dərsə gəlməsi daha müvafiqdir”.

Şöbə müdiri həmçinin əlavə edib ki, artıq məktəbli formaları ilə bağlı istehsalçı müəssisələrə məlumatlar verilib: “Nə qədər məktəbin seçim etdiyi, təxminən nə qədər şagirdin forma alacağı öz əksini tapıb. İstəyirik ki, valideynlər almaq istədikdə rahatlıqla formanı tapa bilsinlər”.

Ekspertlərə görə, məktəbli formasını üç ildən bir dəyişdirmək yüz minlərlə valideyni çətin vəziyyətdə qoymaq deməkdir. İnsanların çoxunun maddi vəziyyəti yaxşı deyil. Bahalıq, işsizlik, bir tərəfdən də məktəbli formasının dəyişməsi insanların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Yeni məktəbli forması tətbiq etməkdənsə, məktəblərdə tədrisin keyfiyyətini yüksəltsinlər.

Kamran Əsədov: Müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata  keçirilir ki, bu da şəffaflıq üçün vacib amildir – Mektebgushesi

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb. Ekspert xatırlatdı ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunurdu, yəni hər məktəb öz şagirdləri üçün vahid geyim  forması tətbiq edə bilərdi: “Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilirdi. Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə" fərmana əsasən  dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilməlidir. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən 4-5 vahid məktəbli geyiminin formaları təsdiqlənməli və təhsil müəssisələri yalnız bu geyimlərdən istifadə etməlidir. Ümumi təhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir. Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasından istifadə etməlidir. Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib təklif edilmiş 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə bilər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar verildikdən sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz".

Ekspert qeyd etdi ki, rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu da hava şəraiti ilə bağlıdır. Belə ki, məktəbli formaları nazik olduğu üçün soyuq havalarda  uşaqlar üşüyürlər. Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz".

K.Əsədov hesab edir ki, geyimlərin tikilməsi ilə Bakı Tikiş Evi (BTE) məşğul olmamalıdır: “Bu, keyfiyyətə ciddi təsir göstərə və rəqabət mühitini aşağı sala bilər. Ona görə də Təhsil Nazirliyi 4-5 yox, 1-2 eskizi müəyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideynlər özləri ya fərdi qaydada, ya da kollektiv şəkildə yaxud məktəblə birlikdə həyata keçirməlidirlər”.

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev 

Təhsil eksperti Adil Vəliyev isə yay tətili müddətində uşaqlarda az olsa da fiziki dəyişikliklər baş verdiyinə diqqət çəkdi. Ekspert hesab edir ki, məhz bu səbəbdən də yeni məktəbli formasının alınması qaçınılmazdır: “Yaxşı olardı ki, vahid məktəbli forması olsun. Bu tədris ilində məktəblərdə fərqli formalar istifadə olundu. O ki qaldı təhsilin keyfiyyətinə, məktəbli forması bu məsələdə o dərəcədə rol oynamır. Təhsilin keyfiyyətinin artırılması üçün bir çox addım atılır. Son qərarlar, islahatlar müsbət nəticə vəd edir. İctimai müzakirələr, valideynlərin, şagirdlərin narazılıqları nəzərə alınır və müəyyən tədbirlər görülür”.

Nigar HƏSƏNLİ,
“Yeni MÜSAVAT”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR