İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni binalarda yüksək aylıq istismar haqqı istehlakçı hüququnun pozulmasıdır”

Daşınmaz əmlak üzrə ekspert: “Tikinti sahəsində də ciddi boşluqlar var...”

Bakıda hündürmərtəbəli binaların sayı günü-gündən artır. Əhalinin sayı xüsusilə paytaxtda mənzil tələbatına ciddi təsir edir. Bu da daşınmaz əmlak bazarının sürətli inkişafını şərtləndirir.

Uzun zamandır inşaat sektorundakı xaotik durum ciddi problemlərə yol açıb. Vəziyyəti ələ almaq üçün 2018-ci ilin avqust ayının 1-də Prezidentin fərmanından sonra Bakı şəhərində tikintilərə icazəni Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsi verir. Həmin Baş idarə o zamana kimi Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində idi. 2018-ci ildə tikinti sektorunda gedən islahatların nəticəsində bu idarə BŞİH səlahiyyətindən çıxarılaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərkibinə daxil edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və tezliklə təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Sənəd paytaxtın 213 min 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılıb.

Prezident bu yaxınlarda da bir neçə icra başçısını qəbul edərkən bu problemə diqqət çəkmişdi: “Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. ”Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında. Bax, siz də öz fəaliyyətinizdə bu məsələlərə ciddi fikir verməlisiniz və nəzarət etməlisiniz. Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik".

Sürüşmə zonalarında niyə evlər tikilir? – Ekspert şərhi - Milli Tribuna

Elnur Azadov 

Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda tikinti sahəsində xeyli irəliləyiş var: “2012-ci ildən sonra tətbiq olunan nəzarət olduqda güclüdür. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılıb. Betonun, armaturun keyfiyyəti yoxlanır. Binaların istismara qəbulunda ciddi nəzarət mexanizmi var. Bu baxımdan mülki tikintidə ciddi problem yoxdur. Bununla yanaşı, boşluqlar da var. Çox zaman yaşayış binası tikildikdən sonra yaşıllıq üçün nəzərdə tutulan  ərazi həyətyanı sahə, parkinq yeri kimi istifadə edilir. Ən yaxşı halda, ağac yox, güllər əkilir.

İkinci məsələ parkinqlə bağlıdır. Əgər bina, məsələn, 200 mənzillidirsə, parkinqdə 100 avtomobil üçün yer ayrılır. Çünki tikinti prosesində parkinqi hər yerdə satmaq olmur, bu böyük investisiya tələb edir və gələcəkdə binanın satışında çətinlik yaradır. Digər məsələ layihələndirmə sahəsinə uyğun mənzillərin satışıdır. Qanun tələblərinə uyğun olaraq, eyvanı əmsal ilə hesablamırlar. Tikinti şirkətləri adətən çöl iç divarlarından hesablayırlar, yaxud da çöl divarlarının yarısını götürürlər, iç divarların isə hamısını. Tikinti və şəhərsalma qanunvericiliyinin 59-cu maddəsinin 3-cü bəndinə görə, faktiki sahə hesablanmalıdır, yəni çöl iç divarlar, havalandırma xətti nəzərdə tutulmamalıdır".

E.Azadov həmçinin qeyd etdi ki, çoxmərtəbəli binalarda idarəetmə çox zəifdir: “Təəssüf ki, bu sahədə boşluq həddən artıq çoxdur. Ölkədə 1500-dən çox yaşayış binasında idarəetmə hələ də istehlakçıların tələblərinə uyğun qurulmayıb. Bu çox ciddi, sosial problemə çevrilib. Ölkədə bəlkə də yarım milyon əhali bundan əziyyət çəkir. Binalar sökülərkən də vətəndaşların hüquqları qorunmur. Məsələn, 50 kvadrat metrlik mənzil əvəzinə tikinti şirkəti ona studio-mənzil təklif edir. Yaxud prosedur çıxarışla nəzərdə tutulmuş qaydada həyata keçirilmir, məsələn, mətbəx dəhlizə salınır və s. Binanın aylıq istismar haqqı, yəni rüsum olduqca yüksəkdir - hər kvadrat metrə görə 0,50, 0,70 AZN. Bu, öncədən razılaşdırılmadan istehlakçı hüquqlarının pozulmasıdır. Hazırda vətəndaşları ən çox narahat edən məsələlərdən biri qiymətlərlə bağlıdır. İnsanlar vəsait toplayıb ev, əmlak ehtiyaclarına yönəldə bilmirlər. Bu baxımdan ipoteka daha əlverişli hesab olunur. Dövlətin ipoteka proqramı var, banklar da təkliflər də verir, amma şərtləri nisbətən sərtdir. Bu sahədə müəyyən təkmilləşməyə ehtiyac var”.

Ekspert pandemiyadan sonra bir çox ölkələrdə daşınmaz əmlak sektorunda qiymət artımına da diqqət çəkdi: “İnşaat materiallarının qiyməti artıb. Azərbaycanda isə qiymət artımının 2 ciddi səbəbi var. Birincisi, tikinti materiallarının ən az 10-15 faiz bahalaşmasıdır, armaturun qiyməti isə 70 faiz bahalaşıb. İkinci səbəb inşaat normativlərinin sərtləşməsidir. Əgər tikinti şirkətləri əvvəllər bir hektarda 50 min kvadratmetr inşa aparırdılarsa, hazırda iki dəfə az inşa edə bilirlər - təxminən 27-28  min kvadratmetr. Bu da maliyyəyə təsir edir. Vergi yanaşması da nisbətən sərtləşib. Bu üç amili nəzərə alsaq, tikinti şirkətləri qiymətləri artırmağa məcburdurlar. Lakin qiymət artımı əlverişli deyil, çünki alıcılığa ciddi təsir edir. Alıcılıq qabiliyyəti təxminən 20-25 faiz aşağı düşüb”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR