Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Xabarovsk vilayətində inanılmaz bir fakt üzə çıxıb: 1993-cü ildə Boris Yeltsinə qarşı sui-qəsd planlaşdıran və ruhi xəstə kimi tanınan İvan Kislov illər sonra uşaq bağçasında süpürgəçi işləyib.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.
“Süquta görə Yeltsindən intiqam”
İvan Kislov 1993-cü ilin əvvəlində Xabarovskdan Moskvaya gələrək SSRİ-nin dağılmasına görə Boris Yeltsindən “intiqam almaq” məqsədilə iki ədəd özünün hazırladığı partlayıcı qurğu və cib bıçağı ilə sui-qəsd planı qurmuşdu. Lakin partlayıcılar nəm çəkdiyindən işləməyib və Kislov son çarə olaraq prezident administrasiyasının binasının damında pusquya yatıb. Amma Yeltsin həmin gün Hindistanda səfərdə olub. Kislov isə prezident binasının mühafizəçiləri tərəfindən saxlanılıb.
Saxlanılan zaman özünü “dvorniçki” – süpürgəçi kimi təqdim edən Kislovun yalanı tezliklə üzə çıxıb. Onun üzərində hərbi bilet tapıldığından iş hərbi prokurorluğa ötürülüb. Dindirmə zamanı o, sui-qəsdi tam etiraf edib.
Ekspertiza nəticəsində Kislov ruhi xəstə – “şizofreniya” diaqnozu ilə məsuliyyətə cəlb olunmayacaq şəxs kimi tanınıb. Ona qarşı terror və sui-qəsd ittihamları üzrə cinayət işi sübut çatışmazlığı səbəbindən bağlanıb. O, bir müddət psixiatriya klinikasında yatdıqdan sonra azadlığa buraxılıb və sadəcə həkim nəzarətində qalıb.
Uşaqlarla eyni məkanda çalışıb
Təəccüblü fakt odur ki, Kislov 2020-ci ildə Xabarovskdakı 184 saylı uşaq bağçasında süpürgəçi kimi işə düzəlib. Onun aylıq gəliri 5–6 min rubl civarında olub. Hazırda bağçadan verilən açıqlamada bildirilib ki, artıq bu şəxs orada çalışmır.
2023-cü ildə o, pensiya üçün bank hesabı açıb və o andan etibarən onun izi itib. Yalnız bu məlumdur ki, hələ də psixiatrik klinikada qeydiyyatdadır, amma harada yaşadığı bilinmir. Hazırda İvan Kislovun 66 yaşı var.
Yeltsinə qarşı sui-qəsd hazırlayan, təhlükəli ruhi pozuntuları olan bir şəxsin illərlə uşaqların təhsil aldığı bir müəssisədə rahat şəkildə çalışması Rusiyada sistemin nə qədər boşluqlu və təhlükəli olduğunu açıq-aşkar ortaya qoyur.
Musavat.com
28 Mart 2025
27 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ