İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeddilikdən "üç qardaş"a sanksiya gəlir – “Bloomberg”

“Böyük yeddilik”(G7) Rusiyaya hərbi avadanlıq və texnologiyalar göndərən Çin, İran və Şimali Koreya şirkətlərinə sanksiyaların tətbiqi məsələsini müzakirə edir. Xəbəri ABŞ-ın “Bloomberg” agentliyi yayıb.

Novator.az-ın məlumatına görə, agentlik adını çəkmədiyi mənbələrə istinadla bildirir ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyadan ibarət “Böyük yeddilik” sanksiyalar paketini fevralın 24-ü, Rusiyanın Ukraynada başlatdığı son total müharibənin ilk ilinin tamam olduğu gün açıqlamağı nəzərdə tutur.

“Bloomberg” sanksiyaların hansı şirkətləri əhatə edəcəyinin hələ bəlli olmadığını diqqətə çatdırır. Qeyd olunur ki, G7 dövlətlərinin həmin şirkətlərə qarşı atacağı addımlar bir-birindən fərqlənə bilər. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri “Bloomberg”in məsələ ilə bağlı sorğusunu cavablandırmaqdan imtina ediblər.

“Bloomberg” vurğulayır ki, G7 dövlətləri Rusiyaya qarşı sanksiyalara qoşulmamış ölkələrin Ukrayna müharibəsində Kremlə yardım etməsinin qarşısını almağa çalışır. Kremlin dadına çatmağa çalışanlar arasında əsas yeri isə Çin, İran və Şimali Koreya tutur. 2022-ci ilin fevralında Ukraynada müharibə başlanandan bəri Çinin Rusiya ilə ticarəti genişləndirməyə cəhd göstərdiyini yada salan “Bloomberg” yazır: “Həmin ilin martında Pekinin Moskvadakı səfiri rusiyalı sahibkarları vaxt itirməməyə, bazardakı boşluğu Çinlə ticarəti artırmaq hesabına doldurmağa çağırıb. Bu günlərdə isə Pekinin Parisdəki səfiri fransız jurnalistin Çin şirkətlərinin Rusiyaya müharibədə yararlana biləcəyi ehtiyat hissələri satıb-satmadığı haqda sualına “Ehtiyat hissələri silah deyil axı, elə deyilmi?” cavabını verib və Çinin Rusiyaya silah satmadığını iddia edib”.

Daha sonra “Bloomberg” Ukraynanın müttəfiqlərinin Rusiyanı pilotsuz təyyarələrlə təchiz edən İran şirkətlərini artıq sanksiyalar altına aldığını xatırladır və müttəfiqlərin hazırda bu tədbirləri genişləndirmək istədiyini vurğulayır: “Onlar Şimali Koreyanı da Moskvaya silah-sursat verməməyə çağırıblar”.

Çin, İran və Şimali Koreya Rusiyaya müharibədə kömək etdiyini boynuna almır. Amma G7 ölkələrinin buna inanmadığını vurğulayan “Bloomberg” Qərbin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi boşluqları aradan qaldırmaq məqsədilə diplomatik səyləri də güclədirdiyini yazır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR