Onlayn ictimai-siyasi qəzet
Moskva-Tiflis yaxınlaşması və Lavrovun açıqlaması Abxaziya və Cənubi Osetiya probleminin həll olunacağına ümid yaradıb; əgər bu ay inqilab olmasa...
“Rusiya Federasiyası ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir”. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb. “Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biri sayılır”, - deyə gürcü baş nazir qeyd edib.
Kobaxidze bununla bərabər, Avropa İttifaqı və ABŞ-la münasibətlərin yenidən əvvəlki səviyyəyə çıxarılmasının Gürcüstan üçün ən vacib vəzifə olduğunu da vurğulayıb. Gürcüstan son vaxtlar tamamilə yeni siyasət həyata keçirir və şübhəsiz ki, burada məqsəd Rusiya ilə barışmaqdır. Ekspertlərə görə, rəsmi Tiflis artıq o qənaətə gəlib ki, bölgədə Rusiya ilə konfliktdə olmaqla hansısa ciddi nailiyyətlər əldə edə, vaxtilə ilhaq olunmuş torpaqlarını geri ala bilməyəcək, Qərbin, Avropanın isə ona kömək etməsi, Rusiyanın Qafqazda təsirlərini heçə endirməsi mümkün deyil. Gürcüstan doğru siyasətmi seçib?
Lakin bu ay Gürcüstanda keçiriləcək parlament seçkiləri ölkənin müqəddəratını müəyyən edəcək. Seçkilərdə indiki hakim partiyanın qələbəsi Gürcüstanın Rusiya ilə yaxınlaşmasını sürətləndirəcək. Əgər qərbpərəst müxalifət qalib gələrsə, yenidən Moskva-Tiflis münasibətləri korlana bilər. Rusiya kəşfiyyatı bəyan edib ki, Qərb Gürcüstanda çevrilişə hazırlaşır. Hər halda, Kreml “Gürcü arzusu”na əksinqilab üçün dəstək verəcək. Hadisələrin inkişafından asılı olaraq, Rusiya-Gürcüstan əlaqələrində yeni baxış haqda danışmaq mümkün olacaq. Hazırkı gedişatda görünən budur ki, İvanişvili hökuməti Rusiya ilə yaxınlaşmağa ümid kimi baxır. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Rusiya ilə qurulan yüksək səviyyəli münasibətlər də Tiflis üçün presedentdir. Gürcüstan hakimiyyəti Putin Rusiyasının Abxaziya və Cənubi Osetiya problemini həll edəcəyinə inanır. Lakin vəziyyət fərqlidir. Əvvəla, abxazlar və osetinlər öz torpaqlarında yaşayırlar, oradan qovulan gürcülərdir. Eyni zamanda gürcü xalqında bizim qədər suverenliyini bərpa etmək ehtirası hiss olunmur.
“Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq”. Partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib. “Agentura antimilli söz-söhbətlər ortaya atıb ki, guya Gürcü Arzusu qondarma Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq, ölkəni konfederativ struktura keçirəcək. Bununla onlar seçkilərə təsir göstərməyə çalışırlar. Heç bir tanınma və ya buna bənzər antimilli məsələlər nəzərdən keçirilmir. Konfederasiyaya razılaşmaq işğal olunmuş ərazilərin tanınması deməkdir”, - Mdinaradze bildirib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiya Gürcüstanı tanınmamış Abxaziya və Cənubi Osetiya “respublikaları” ilə barışdırmağa kömək etməyə hazırdır. Onun sözlərinə görə, indiki Gürcüstan rəhbərliyi keçmişi vicdanla qiymətləndirir və tarixi barışıq istəyir: “Bu barışıq formatını ölkələr özləri seçməlidir”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, regionda müxtəlif siyasi qütblər var. Onun sözlərinə görə, siyasət bir elm sənətidir. Partiya sədri hesab edir ki, keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətdə olduğu vaxtlarda Qərbin vədlərinə inanıb az qala Rusiyaya müharibə elan etmişdilər: “Nəticəsi də məlumdur. Həmin 5 günlük müharibə nəticəsində Abxaziya və Cənubi Osetiya özləri üçün müstəqilləşdilər, geri qayıtmaları qeyri-mümkün oldu. Xalqlarda da bir inamsızlıq var idi. Amma ərazi bütövlüyü demokratiyadan, hər şeydən üstündür. Nəzərə almaq lazımdır ki, Qərb regiondan uzaqdır, amma Rusiya müsbət imici olmasa da, kobud güc amilidir və proseslərə təsir edir. Bu faktor Azərbaycan tərəfindən 30 il ərzində nəzərə alınıb. Ona görə bir nümunə ortaya qoymuşuq”, - deyə A.Nağı bildirdi. AVP sədri qeyd etdi ki, Gürcüstan da real siyasətə qayıdıb, Rusiyadan jestləri qiymətləndirib konfederasiya yarada bilər: “Yəni Abxaziya, Cənubi Osetiya və Gürcüstan konfederasiyada birləşə bilərlər. Rusiya da mesaj vermişdi ki, bu iki subyektin maliyyəsi kəsilə bilər. Onlar da bu reallığı başa düşürlər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ