İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Anara irad: “Hansı çağdır ki, Elza Seyidcahanın şeirlərinin müdafiəsinə qalxmısınız”  

Məlum olduğu kimi iki gün öncə Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev E.Seyidcahana üzvlük vəsiqəsini təqdim edib. Ara-sıra bayağı şeirlər yazan müğənninin AYB-yə üzv olması həm onu, həm də qurumu hədəfə gətirib. Bəzi qələm adamları Elzanın AYB-yə üzv olmasını Yazıçılar Birliyinə həqarət kimi də qiymətləndirib.                                     

“Həqiqətən də çox acınacaqlıdır. Görün, ilin-günün hansı çağı gəlib ki, Azərbaycan çapında müəyyən qədər də olsa istedadı, sənəti olan yazıçı Anar Elza Seyidcahanın şeirlərinin müdafiəsinə qalxıb, akademik, dilçi-alim Nizami Cəfərov onun şerləri haqqında rəy verib. Sənət, ədəbiyyat adına adamın içində vicdanı titrəyir”.

Bu sözləri AYB üzvü, şair Emil Rasimoğlu Musavat.com-a açıqlamasında deyib. Emil Rasimoğlu qeyd edib ki, Elza Seyidcahan musiqi sahəsində müəyyən istedada malik ola bilər, amma bu onun mətn yaratmağı, ədəbiyyat olmağı demək deyil:

“Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul olunması AYB rəhbərliyinin səriştəsiz fəaliyyətinin mahiyyətinin bir daha təsdiqidir. Amma burada bir rəzil durum da odur ki, bu gün atılan bir səhv addıma dünən atılan hər hansısa bir səhv addımla bəraət qazandırırlar, xüsusilə də sədr olaraq yazıçı Anar. Belə ki, dəfələrlə qeyd edir ki, “bəs Yazıçılar Birliyinin iki mindən çox üzvü var, onlar hamısı dahidirmi və ya onlar hamısı yaza bilirmi?” və sairə. Soruşmaq istəyirəm, hörmətli AYB sədri, o iki min üzvü bəs, kim qəbul edib o quruma? Bəlkə, sizin onların qəbulundan xəbəriniz yoxdur? Yoxsa, o iki min dediyiniz üzvü Yazıçılar Birliyinin siyahısına zamanında topladınız ki, bu gün də Elza Seyidcahanlara onlarla bəraət qazandırasınız?”

Xatırladaq ki, tanınmış şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Əməkdar artist Elza Seyidcahanın  Azərbaycan Yazıçılar Birliyinə üzv olmasının Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyini bildirərək, AYB  üzvlüyündən istefa verdiyini açıqlayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR