İnsanlara hürriyət, millətlərə istiqlal!

Yayın bitməyən dərdi - suda boğulmalar yenə başladı...

Ekspertdən xəbərdarlıq: “Çimərlik seçimində ehtiyatlı olun, çünki...”

Ölkəmizdə qışın və yayın öz spesifik faciələri var. Qışda insanlar dəm qazından, yayda isə suda boğulurlar. Əlbəttə, dünyanın hər yerində yayda su hövzələrində faciələr olur, amma Azərbaycanda bu kimi hallar daha çox baş verir.

Çimərlik mövsümü hələ qabaqdadır. Amma indiyədək xeyli adam sularda boğulub ölüb.

Təkcə iyulun 11-də 3 nəfər boğulub. Bilgəhdə dənizdə bir nəfər batıb, İmişlidə isə Arazda ata və oğlu batıb. Hadisə Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.

Çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.

Necə edək ki, çiməndə boğulmayaq? Boğulmaya əsasən hansı hallar səbəb olur? Üzərkən nələrə diqqət etməliyik?

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əvvəla onu qeyd edim ki, FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla  əlaqədar olaraq zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, aprel ayından etibarən ölkə ərazisində sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd çimərlik üçün əlverişsiz ərazilərin müəyyən olunması, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı bildirişlərin təqdim edilməsidir. Bununla yanaşı, qurumun nəzarət etdiyi  çimərliklərdə, o cümlədən "İdea" İctimai Birliyinin Bakı şəhərinin Qaradağ, Səbayel, Sabunçu, Xəzər və Binəqədi rayonlarında ümumi 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri həyata keçirilib, qurumun balansında olan xilasetmə texniki vasitələr, o cümlədən axtarış xilasetmə tədbirləri üçün istifadəsi nəzərdə tutulmuş  avadanlıqlar  işlək vəziyyətə gətirilib, çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün maarifləndirici məlumatverici lövhələr quraşdırılıb. Bildiyiniz kimi son illər çimərliklərdən istifadə edən vətəndaşların sayında da müəyyən qədər artım müşahidə olunur. Məhz bu xilasetmə əməliyyatlarının daha səmərəli təşkili üçün bu il əlavə olaraq 50 nəfər xilasedici müqavilə əsasında bizim xilasedicilərimizlə birlikdə xidmət aparacaqlar, bununla bağlı  artıq mart ayından elan vermişdik və elana uyğun olaraq müraciətlər qəbul olundu və müraciətlərə əsasən 50 nəfər seçildi.

Həmçinin qurumumuzun nəzarət etdiyi çimərliklərdə təcili tibbi yardım briqadaları ilə təchiz olunmuş həkim briqadaları da təcili tibbi yardım maşınları ilə birgə fəaliyyət göstərir. Əgər suda boğulma faktı ilə üzləşən şəxslər olarsa, əməkdaşlarımız dərhal həmin şəxsi xilas edir, elə qayığın içərisində ona ilkin yardım göstərilir, əgər tibbi yardım ehtiyac olarsa, artıq bizimlə çiyin-çiyinə xidmət aparan həkimlərə təhvil verilir. Məhz bu uğurlu təhlükəsizlik  tədbirlərinin nəticəsidir ki, artıq bu il 49 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilasedicilərimiz tərəfindən xilas olunub".

Aqşin Əlili qeyd edib ki, təmsil etdiyi qurumun nəzarət etdiyi çimərliklərdə suda boğularaq ölmə faktı qeydə alınmayıb: “Biz  hər zaman vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olun. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələr mövcud deyilsə,  bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib və ondan istifadə təhlükəlidir. Məntiqlə də əgər suda boğulma təhlükəsi ilə üzləşəriksə, bizi yalnız xilasedicilər  xilas edə bilər, yox əgər ərazidə xilasedici yoxdursa, bu o deməkdir ki, bizim köməyimizə  heç kim gəlməyəcək.

O ki qaldı çaylarda, süni göllərdə boğulma faktlarına, məlum  olduğu kimi, xüsusən də bölgələrdə suvarma kanalları, süni göllər, çaylar mövcuddur ki, bu cür  su obyektlərinin, su tutarlarının  təyinatı  çimərlik kimi nəzərdə tutulmayıb. Lakin təəssüflər olsun ki, bəzi yeniyetmələr, azyaşlılar bu kimim ərazilərdən çimərlik kimi istifadə edirlər ki, sonda da bədbəxt hadisələr qaçılmaz olur. 

Suvarma kanallarının inşasında dəmir beton qarışığından istifadə olunur və məhz bu betonla suyun təması nəticəsində həmin hissədə müəyyən bir ot təbəqəsi əmələ gəlir ki, inanın, xilasedicilər  belə ora tək düşəndə oradan çıxa bilmirlər. Bu baxımdan, diqqətli olmaq lazımdır. Nəzərdə tutulmayan  ərazilərdən istifadə qətiyyən olmaz.

Çimərliklərdə təhlükəsiz istirahət üçün əsas amillərdən biri hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda çimərliklərdən istifadə təhlükəli və qadağandır".

f87fc697-7f0e-455d-bade-28df4380efa8.jpeg (83 KB)

Aqşin Əlili həmçinin qeyd edib ki,  bəzən hava qaraldıqdan sonra, gecə saatlarında da çimərlikdən istifadə halları müşahidə olunur ki, bu da çox təhlükəlidir: “Hava qaraldıqdan sonra çimərlikdə üzmə sərhədlərini müəyyən edən nişanları görə bilmirik. Əgər hər hansı hadisə baş  verərsə, görüntü olmadığı üçün xilasedicilər axtarış etməkdə çətinlik çəkir, axtarışlar da nəticə vermir.

Axtarış-xilasetmə əməliyyatlarında bəzən kiçik həcmli gəmilərdən, xüsusən asma mühərrikli qayıqlardan istifadə olunur ki, qanunvericiliyə görə də kiçik həcmli gəmilərin günün qaranlıq vaxtı istismarı qadağandır. Məhz bu səbəbdən vətəndaşlara müraciət edirik ki, hava qaraldıqdan sonra suya  girməsinlər.

Həmçinin küləkli havada, dalğalı dənizdə suya girmək, içki qəbul edərək, sərxoş halda çimərlikdən istifadə etmək suda kobud hərəkətlər etmək qadağandır".

Aqşin Əlili çimərlik ərazisində uşaqların itməsi ilə bağlı müraciətlərin də daxil olmasından danışıb: “Doğrudur, xoşbəxtlikdən bütün müraciətlər uğurla başa çatıb, yəni uşaqlar çimərlik ərazisində tapılaraq, valideynlərinə təhvil verilib, ancaq  bu faktların özü də təhlükəlidir. Məlum olduğu kimi, 13 yaşa qədər uşaqlar yalnız valideynlərinin nəzarətində olmalı və tək buraxılmamalıdırlar. Yəni hər zaman valideynlərinin müşayiəti ilə çimərlikdən istifadə etməlidirlər.

Daha bir məsələ, bəzən olur su nəqliyyatı vasitələrinin sahibləri xüsusən də skuter adlandırdığımız hidrosikl, motosikllar insanların çimərlikdən istifadə etdiyi ərazilərə daxil olurlar, bu çox təhlükəli hərəkətdir. Bildiririk ki, əgər bu kimim xoşagəlməz hallar aşkarlanarsa, həmin şəxslərin barəsində İnzibati Xətalar Məcələlsinin müvafiq qərarı ilə 100 manat cərimə olunacaqlar və yaxud  onların sürücülük hüququ 6 aydan  2 ilədək məhdudlaşdırılacaq. Kiçik həcmli su nəqliyyatı vasitələrindən yalnız onlar üçün  ayrılmış zolaqda istifadə etmək olar. Burada söhbət yalnız su ərazisindən gedir, sahildən deyil.

Bəs boğulmuş şəxsə necə yardım göstərməli?

Mütəxəssislər tövsiyə edir ki, boğulmuş şəxs sudan çıxarıldıqdan sonra vəziyyətinə uyğun yardım göstərilməlidir. Belə ki, zərərçəkmişin huşu özündədirsə və nəbzi normal vurursa, onu başıaşağı sərt döşək üzərində uzatmaq, quru dəsmalla ovxalamaq və geyindirmək lazımdır.

Zərərçəkmişə isti içki, çay, kofe verib, isti adeyela bürümək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, amma nəbzi normal vurursa, normal nəfəs alırsa, bu zaman onu başıaşağı meylli uzatmaq, çənəsini açıb ağzında olan lil və qusuntuları təmizləmək, daha sonra qurulayıb, isitmək lazımdır.

Suda batan şəxsin huşu özündə deyilsə, tənəffüsü və ürəyi dayanıbsa, ona süni nəfəs verib, ürək masajı etmək məqsədəuyğundur. Tənəffüs yollarından maye çıxarmaq üçün yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR