İnsanlara hürriyət, millətlərə istiqlal!

Yayda artan yol qəzaları, vaxtsız ölümlər - ilginc səbəblər, əhali bunları bilməlidir!

Elməddin Muradlı: “Məsuliyyətsiz sürücülərin törətdiyi xətalar ucbatından dəhşətli qəzalar baş verir”

İyulun 9-da Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Qəzaya uğrayan “Mercedes Vito” markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər, “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş. Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.

Dünyasını dəyişən keçmiş hərbçilərdən İlham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi iştirakçısı olub. Qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib. Qeyd edək ki, qəzanın səbəbi haqda məlumat verilmir. Ötən ay da Naxçıvanda da iki minik avtomobili toqquşması nəticəsində 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət almışdı. Qəza ilə bağlı bəzi detallar məlum olub. Hadisə zamanı həlak olan Xanlar Sultanov və onun həyat yoldaşı Azadə Sultanova toydan qayıdırmışlar. Azadə Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.

Əfsus ki, belə faciəvi olaylar son vaxtlar, xüsusən də yay mövsümünün başlaması ilə artıb. Aydındır ki, yayda yollarda hərəkətin intensivliyi artır. Çünki insanlar həm də istirahət məqsədilə tez-tez bir yerdən başqa yerə, özü də ailəlikcə, doğmaları ilə yerdəyişmə edirlər.

Yeri gəlmişkən, bu ilin altı ayı ərzində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində 384 nəfər ölüb, 669-u xəsarət alıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev mediaya açıqlamasında deyib ki, həlak olanlardan 10-u yeddi yaşına qədər olan uşaqlardır: “Qəzalarda yeddi yaşından 16 yaşına qədər olan 18 nəfər həyatını itirib. Eləcə də yeddi yaşına qədər olan 15 nəfər uşaq, yeddi yaşından 16 yaşına qədər olan 55 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Bəs sürücülər bu zaman nələrə dıqqət etməlidir? Yayda yollarda qəzaların əsas səbəbi nədir?

Skuterlərin hərəkəti qanunla təmin edilməlidir- Elməddin Muradlı -  Azer.Press

Elməddin Muradlı 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı dedi ki, yay aylarında şəhər mərkəzlərində olmasa da, ümumilikdə yollarda intensivlik artır: “Xüsusən müəyyən saatlarda bunu qeyd etmək yerinə düşər. Elə ötən gün (iyunun 9-u, red.) dəniz mövsümi ilə əlaqədar olaraq dəhşətli tıxac müşahidə olundu. Bu, əsasən çimərlik yollarında, Səbayel, Xəzər, Sabunçu, Suraxanı rayonlarında, Abşeronda, Sumqayıt ərazisində müşahidə edildi. İnsanlar kütləvi şəkildə dənizə üz tutdular. Dünən temperatur 40 dərəcəni keçmişdi və sıxlıq yarandı. Bəzən insanlar hansısa ünvana eyni vaxtda hərəkət edirlər, eyni vaxtda da geri qayıdırlar. Misal üçün, dənizə hamı saat 3-də gedir, axşam da  təbii olaraq 9-dan sonra çimmək qadağandır. Ona görə də hamı saat 8-də dənizdən çıxır. Dünən bu prosesdə yol polisləri ilə bərabər iştirak etdim. Hərəkətin təşkilinə, təhlükəsizliyinə birbaşa şahidlik etmişəm. Çox əziyyətli işdir. Yol polisləri saatlarla günün altında hərəkəti tənzimləyirlər. Vətəndaşların etdiyi səhv isə eyni çimərliyə daxil olmağa çalışmalarıdır. Misal üçün, Zağulba tərəfdə Kardioloji Mərkəzin sanatoriyası var. Orada bu böyüklükdə obyekt tikiblər, düzəldiblər, insanlar oradan istifadə edir. Amma obyektin girişi də, çıxışı da bir qapıdan ibarətdir. Bəzi sahibkarlar çimərlikləri yaradır, istirahət zonasına çevirir. Keçmişdə dövlətin balansında idi, indi özəlləşdiriblər, böyük biznes qurublar. Belə əcaib yanaşmalar var ki, eyni qapıdan həm giriş, həm də çıxış olur. Bu nə dərəcədə doğrudur. Həmin o çimərliyə giriş nöqtəsində sıxlıq yaşanır, azca oradan qabaqda, "Şaurma" deyilən yerdə böyük sıxlıqdır, ondan o tərəfə isə yollar boşdur. Bir qapıdır, qapıçı kefi istəyəndə deyir ki, içəridə yer yoxdur, ya da açıb buraxır. Hamı da maşından istifadə edir. Çimərlik istiqamətlərinə baxıram, heç avtobus keçmir. Nadir hallarda avtobus keçir. Bakı Nəqliyyat Agentliyi formal olaraq elan edir ki, filan nömrəli avtobusu çimərlik istiqamətinə yönləndirdik, hamısı boş söhbətlərdir. Heç ümumi tutumun 30 faizini ödəmir".

Ekspert əlavə etdi ki, ikinci problem insanların bölgələrə səfərləri zamanı yaşanır: “Bu səfərlər zamanı sürücülərin yorğunluğu, yuxusuzluğu problem yaradır. Tələskənliyə yol verirlər. Təsəvvür edin, adam ailəsi ilə istirahətə gedir, 90-lıq yolu 140-la gedir. Axı niyə tələsirsən. Azərbaycanın ən ucqar rayonuna normal sürətlə yarım saatdan çox fərq eləmir, təqribən 15-20 dəqiqə fərq edir. Bu 15 dəqiqəyə görə ölməyə dəyərmi, kiminsə həyatını təhlükəyə atmağa dəyərmi. Çox lazımsız hərəkətlərdir, sürücülər bunu gedəndə də, gələndə də edirlər, çox tələsirlər. Əks istiqamətə çıxanlar, sürət həddini aşanlardı. Ötmə manevr qaydalarını pozanlardı. Başqası ötmə əməliyyatına çıxanda kimlərsə qəsdən ona mane olur. Misal üçün, üz-üzə gəlirlər, baxır ki, bunun yoluna çıxır, ötmə əməliyyatı aparır.  O istəsə, sürəti azaldıb yol verə bilər ki, ötməni başa çatdırsın. Amma bəzi insanlar var, sanki qatildir. Sürəti artırıb, həmin adamı qəzaya salırlar. Bədbəxtlik ondadır ki, o adam düşünmür ki, bununla üz-üzə gəlir. Çaşsa, elə onun özü ilə toqquşacaq. Dəfələrlə olub, üz-üzə toqquşmalar zamanı 5-6 nəfər birdən qəzada ölür. Hamısı bax belə məsuliyyətsiz insanların törətdiyi xətaların ucbatından baş verən qəzalardır”.   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR