Onlayn ictimai-siyasi qəzet
Ölkə üzrə əsas kapitala yatırılan investisiyaların həcminə baxdıqda regionlarla Bakı arasındakı fərqi aydın görmək mümkündür
Azərbaycanda iqtisadiyyatın əsas hissəsinin Bakı və Abşeron yarımadasında cəmləşdiyi heç kimə sirr deyil. Ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələri üzrə rəsmi statistikaya nəzər yetirdikdə, az qala bütün iqtisadiyyatın Bakı və onun ətrafında təmərküzləşdiyi açıq görünür.
Bugünlərdə iqtisadçı-ekspert Natiq Cəfərli regionlarla paytaxt arasındakı disproporsiyanın daha bir göstəricisini qeyd edib: “2024-cü ilin ilk 3 ayı, 1-ci rübü ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb - yeni iş yerləri ilə bağlı rəqəmlər diqqətimi çəkdi. 2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb və bu iş yerlərinin 80 faizi (!!!), yəni hər 10 iş yerindən 8-i Bakının payına düşür. Soruşsanız ki, bəs işğaldan azad edilmiş regionlarımızda nə qədər iş yeri açılıb, onu da deyim - 2024-cü ilin I rübündə cəmi 292 yeni iş yeri açılıb”.
Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkədə məşğul kimi qeydə alınan 4,9 milyon nəfərin yalnız 1,1 milyon nəfəri Bakıda, qalanları rayonlardadır. Ölkədə əmək müqaviləsi ilə çalışan muzdlu işçilərin regional bölgüsü açıqlanmasa da, yeni yaranan iş yerlərinin sayındakı nisbət muzdlu işçilərin də 80 faizinin Bakı və ətrafında çalışdığından xəbər verir. Məşğul əhalinin 75 faizinin regionlarda göstərilməsi isə sırf kənd təsərrüfatında məşğul kimi qeydə alınan şəxslərlə bağlıdır. Məlumdur ki, Azərbaycanda pay torpağı olan bütün əhali kənd təsərrüfatında məşğul əhali kimi qeydə alınır.
Azərbaycanda nəinki yeni iş yerləri, elə onları yaradan sahibkarlıq subyektləri də Bakı və Abşeronda cəmləşib. Sahibkarlıq subyektlərinin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı heç 10 faiz belə paya malik deyil. Rəsmi statistikaya əsasən Azərbaycanda kommersiya təşkilatlarının ümumi sayında ən çox - 92,2 faiz paya mikrosahibkarlıq subyektləri sahibdir. Onların ölkə üzrə ümumi sayı 166 890-a çatır. Mikrosahibkarlıq subyektlərinin ən çox fəaliyyət göstərdiyi sahə ticarət; nəqliyyat vasitələrinin təmiridir - burada ölkə üzrə belə sahibkarlıq subyektlərinin 34,7 faizi - yaxud 57 842-si məşğuldur. Ondan sonra 15949 subyektlə tikinti, 12 723 subyektlə peşə, elmi və texniki fəaliyyət, 11 358 subyektlə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və sair sahələr gəlir.
2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,4 faizini kiçik sahibkarlıq subyektləri (9709) təşkil edib. Onların da onların əsas hissəsi ticarət; nəqliyyat vasitələrinin təmiri (31,4 faiz), tikinti (13,1 faiz), emal sənayesi (10,3 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,3 faiz) sahələrində fəaliyyət göstərir.
Qeyd olunan dövrə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2,0 faizini orta sahibkarlıq subyektləri (3587) təşkil edib. Orta sahibkarların da əsas hissəsi ticarət; nəqliyyat vasitələrinin təmiri (30,2 faiz), tikinti (15,7 faiz), emal sənayesi (11,5 faiz) və nqliyyat və anbar təsərrüfatı (5,0 faiz) sahələrində yaradılıb.
Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının cəmi 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edir. Sahələr üzrə bölgü nisbəti az fərqlidir: bu subyektlərin əsas hissəsi ticarət; nəqliyyat vasitələrinin təmiri (22,6 faiz), emal sənayesi (15,9 faiz), tikinti (12,6 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,9 faiz) sahələrində fəaliyyət göstərir.
Regional bölgüyə nəzər saldıqda, aydın olur ki, mikrosahibkarlıq subyektlərinin 68,1 faizi Bakıda, 6,7 faizi Abşeron-Xızı, 3,8 faizi Lənkəran-Astara, 2,9 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Kiçik sahibkarlıq subyektlərinin 69,9 faizi Bakıda, 6,5 faizi Abşeron-Xızı, 2,9 faizi Gəncə-Daşkəsən, 2,7 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda, orta sahibkarlıq subyektlərinin 66,0 faizi Bakıda, 6,5 faizi Abşeron-Xızı, 3,3 faizi Şəki-Zaqatala, 3,2 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda, iri sahibkarlıq subyektlərinin 79,1 faizi Bakıda, 7,7 faizi Abşeron-Xızı, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Şirvan-Salyan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.
Müxtəlif regionlarda yaradılmalarına rəğmən, reallıqda ümumi sahibkarlıq subyektlərinin 80 faizə yaxınının Abşeron yarımadasında fəaliyyət göstərdiyini rahatlıqla söyləmək olar.
Ölkə üzrə əsas kapitala yatırılan investisiyaların həcminə baxdıqda regionlarla Bakı arasındakı fərqi aydın görmək mümkündür. 2022-ci ildə ölkə üzrə ümumi investisiyaların həcmi 17,9 milyard manata yaxın olub ki, bunun da 9,5 milyard manatı - 53 faizi sırf Bakının payına düşür. Regionlardan yalnız Qarabağ iqtisadi rayonunda 1,8 milyard manatlıq investisiya qoyuluşu var ki, bu da işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlıdır.
Ölkə üzrə investisiya qoyuluşundakı bu fərqin əsas səbəbi də sahibkarlıq subyektlərinin Bakı və Abşeronda cəmləşməsidir. Bunun nəticəsidir ki, regionlara yatırılan investisiyaların 80 faizdən çoxunu dövlət investisiyaları təşkil edir. Regionlar üzrə investisiyaların artım-azalma dinamikasını bölgələrdə həyata keçirilən dövlət investisiya layihələri müəyyən edir. Məsələn, ötən il ümumilikdə ölkəyə yatırılan investisiyaların məbləği 11 faiz artıb. Amma bəzi rayonlarda yatırımlar artsa da, digər rayon və şəhərlərdə kəskin azalmalar var. Fed.az-ın hesablamalarına əsasən, 73 rayondan 42-də investisiyaların artımı, 31 rayon və şəhərdə isə azalma baş verib. İnvestisiyaların azaldığı rayonlarda bu dəyişikliyin səbəblərini müxtəlif amillərlə izah edirlər, bəzi hallarda isə ümumiyyətlə izah edə bilməyiblər. Məsələn, yatırımların 28 dəfə azaldığı Xızı Rayon İcra Hakimiyyətində rayona yatırılan investisiyaların belə kəskin azalmasının səbəbini izah edə bilməyiblər. Qurumdan bildirilib ki, investisiyaların yatırılmasında sahibkarların özləri maraqlı olmalıdır. Şabran Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Fariz Məlikovun sözlərinə görə isə rayonda yatırımların 3 dəfə azalması son iki-üç ildə əlverişsiz hava şəraitinin kənd təsərrüfatında mənfi təsiri ilə bağlıdır. Havaların dəyişməsi tərəvəzçilik sahəsində özünü daha qabarıq göstərir, bu da yatırımların azalmasına səbəb olub.
Siyəzən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Eldar Muradovun sözlərinə görə, rayona yatırımların 2,7 dəfə azalması dövlət layihələrinin başa çatması ilə əlaqədardır. Belə ki, Bakı-Rusiya sərhədi avtomobil yolunun tikintisi zamanı yolun Siyəzən rayonuna düşən hissəsinə ayrılan vəsait rayona yatırım kimi, qeyd edilib və 2022-ci ildəki rəqəmlərdə özünü göstərib. Yolun istifadəyə verilməsi ilə 2023-cü ilin sonunda artıq göstəricilərdə kəskin azalma qeydə alınıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov isə Lerik rayonu üzrə 2,6 dəfəlik azalmanı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Lerik rayonuna düşən investisiya layihələrinin azalması ilə əlaqələndirib. Onun sözlərinə görə, yeni Dövlət Proqramında yol tikintisi, yaşayış məntəqəsinin qazlaşdırılması kimi məsələlərin olması ilə investisiyaya yatırımlarda artımın olması gözlənilir.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov qeyd edib ki, 2022-ci ildə Qobustan rayonunda iki məktəb tikintisi, bir yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçirilib və rabitə sahəsində investisiya yatırımı olub. 2023-cü ildə isə sadəcə bir yaşayış məntəqəsi qismən qazlaşdırılıb. Dövlət investisiyalarının həcminin azalması illik müqayisədə öz təsirini göstərib və rayonda yatırımların 5,5 dəfə azalmasına səbəb olub.
Astarada da investisiyaların azalması dövlət layihələrinin başa çatması ilə bağlıdır. Rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Əhmədov bildirib ki, 2023-cü ildə rayonda yatırımların azalmasının səbəbi nəqliyyat va anbar təsərrüfatına yönəldilən investisiyanın həcminin 18,4 milyon manat azalması, eləcə də Bakı-Ələt-Astara İran avtomobil yolunun tikintisinin başa çatmasıdır. Amma azalma təkcə yolla bağlı deyil. 2023-cü ildə rayonda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,5 milyon manatlıq azalma olub. Yəni bu sahədə yeni qurulan müəssisələr üçün əsas kapitala investisiya 2022-ci ildə başa çatıb. Bundan başqa, Astarada 2023-cü ildə sənaye sahəsində də 1,9 milyon manat azalma olub.
Yatırımların 3,1 dəfə azaldığı Sədərək rayonunda da azalma dövlət işlərinin azalması ilə bağlıdır. Rayon icra hakimiyyətindən bildirilib ki, 2022-ci ilin sonunda və 2023-cü ilin əvvəllərində içməli su və kanalizasiya sistemləri ilə bağlı işlər aparılırdı. Lakin 2023-cü ildə həmin işlər dayandırıldı. Sonradan işlər açıq tender və kotirovka sorğusu ilə keçirilməyə başladı.
Göründüyü kimi, regionlarda dövlət layihəsi olmayanda investisiyalar da minimuma düşür. Çünki özəl sektor, əsasən də kiçik və orta sahibkarlar regionlara investisiya qoymaqda maraqlı deyillər.
Məlumdur ki, məşğulluğun təminatında bütün dünyada aparıcı yer kiçik və orta sahibkarlığa məxsusdur. Azərbaycanda belə sahibkarlıq subyektlərinin ÜDM-də payı 2022-ci ildə 17-18 faiz civarında olub. Azərbaycan hökuməti 2030-cu ilədək bu payı 35 faizə çatdırmağı hədəfləyir. Bu məqsədlə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək mexanizmləri hazırlanır. Bununla bağlı fevral ayında Azərbaycan Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı”nı təsdiqləyib. “Yeni Müsavat” quruma istinadən xəbər verir ki, qərarla Sənaye, Kənd təsərrüfatı, İnformasiya və rabitə, Turizm, Tikinti, Nəqliyyat və Ticarət sahələri mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələri kimi təsdiqlənib.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ