Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Moldovada keçirilən parlament seçkilərinin nəticələri Kremlin strateji planlarını alt-üst edib və Rusiyanın bu ölkədəki təsir ambisiyalarına ağır zərbə vurub. Protokolların 100 faizinin hesablanmasından sonra prezident Maya Sandunun rəhbərlik etdiyi avropayönlü “Fəaliyyət və Həmrəylik” Partiyası 49,93 faiz səslə birinci yeri tutaraq seçkilərin qalibi olub. İkinci yeri isə 24,32 faiz səslə müxalif “Vətənpərvər blok” qazanıb. Daha bir avropayönlü qüvvə – “Alternativ” bloku isə 8 faiz səs toplaya bilib.
Seçkilərin nəticələri göstərir ki, Moskvanın Moldovanı yenidən öz təsir orbitinə qaytarmaq və parlamentdə mütləq çoxluğu ələ keçirməklə prezident Maya Sandunu hakimiyyətdən salmaq planı tam iflasa uğrayıb. Kreml bu planı mərhələli şəkildə həyata keçirməyi və 2025-ci ilin 22–25 sentyabr tarixlərində başlanğıc mərhələsini reallaşdırmağı hədəfləyirdi. Lakin Sandu və onun komandasının məqsədyönlü fəaliyyəti, Qərbyönlü elektoratın fəallığı və Moldovanın Avropaya inteqrasiya kursuna sadiqliyi bu planı puç edib.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Moldova indi sanki “geopolitik eksperiment meydanı”na çevrilib: “Burada iki qütb qarşı-qarşıyadır, amma Qərbin imkanları daha güclüdür. Çoxsaylı vətəndaşlar həm Moldova, həm də Rumıniya pasportuna malikdirlər və Avropa İttifaqına çıxış imkanlarını itirmək istəmirlər. Millətçi düşüncəli moldovanlar özlərini rumınlarla eyni millət sayır və birləşmək istəyirlər. Bu səbəbdən də kimin təbliğat və təşviqat imkanları daha güclü idisə, o da qalib gəldi. Maya Sandunun komandası daha məqsədyönlü və çevik hərəkət etdi. Rusiya yönümlü düşərgədə isə qanunsuz yolla sərvət əldə etmiş oliqarxlar var ki, onların adı insanları qorxudur. Bu da ictimai rəyin Sandunun xeyrinə dəyişməsinə səbəb oldu”.
Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov
Moldovada yaşayan azərbaycanlı icmasının da bu prosesdə aktiv iştirak etdiyi vurğulanır. Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, azərbaycanlılar seçkilərdə Sandunun rəhbərlik etdiyi partiyanı dəstəkləyiblər:
“Bu nəticələr Moldovada yaşayan Azərbaycan icmasını da sevindirir. Biz Moldova vətəndaşları kimi bu prosesdə fəal iştirak etdik, seçicilərlə birlikdə hərəkət etdik və Maya Sandunun tərəfdarlarına dəstəyimizi ifadə etdik. Biz də səsimizi verdik və ölkənin Avropayönlü yolunu dəstəklədik. Ölkələrimiz və dövlət başçıları arasında çox gözəl münasibətlər mövcuddur və biz inanırıq ki, bu kurs davam edəcək”.
Bayramovun sözlərinə görə, Moldovada hələ də Rusiyaya meyilli və SSRİ dövründə yaşamış insanlar az deyil, lakin cəmiyyətin əksəriyyəti artıq Avropa ilə yaxınlaşmanı və Moskvanın təsirindən uzaqlaşmağı arzulayır.
Seçkilərin nəticələri göstərdi ki, Moldova cəmiyyəti yenidən Qərb yolunu seçib və Kremlin Moldova siyasəti növbəti dəfə uğursuzluğa düçar olub. Rusiya parlamentdə çoxluğu ələ keçirməyi və Sandunu hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırsa da, seçicilərin iradəsi bu planı puç etdi. Bununla da Moldova öz siyasi istiqamətini bir daha aydın şəkildə ortaya qoydu – ölkə Avropa İttifaqına inteqrasiya yolundan dönməyəcək.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ