Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Oval kabinetin və administrasiya rəsmilərinin iclas zalının qızıl bəzəklərini nümayiş etdirib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, “hamı interyerin gözəlliyinə heyran qalır”.
Aprel ayında “Atlantic” jurnalına müsahibəsində Tramp bildirmişdi ki, o, Ağ Evin interyerini şəxsi vəsaiti hesabına yeniləyib və bura 24 karatlıq qızıl bəzəklər əlavə edib.
“Oval kabinetdə və kabinet zalında istifadə olunan bir neçə yüksək keyfiyyətli 24 karatlıq qızıl bəzək. Xarici liderlər də, hamı kimi, keyfiyyət və gözəllik qarşısında heyran qalır. Dünyanın uğur və gözəlliyinə görə ən yaxşı Oval kabineti!!!” – deyə prezident sosial şəbəkə “Truth Social”da yazıb.
Bundan əvvəl “Wall Street Journal” yazmışdı ki, Tramp Ağ Evə köçdükdən sonra rəsmi prezident iqamətgahının interyerinə əhəmiyyətli sayda qızıl əşyalar və dekor elementləri əlavə edib, onu öz Mar-a-Laqo malikanəsinə bənzədib. Xüsusilə, Tramp öz portretini və vitse-prezident Cey Di Vensin portretini qızıl haşiyəli çərçivələrdə sifariş edib; hazırda mövcud olan ağ çərçivələr xüsusi olaraq dəyişdirilib. O həmçinin Oval kabinetdəki kaminin üzərinə oyma qızıl fiqurların quraşdırılmasına şəxsən nəzarət edib və Mar-a-Laqodan qızıl keruvimlər gətirib. Keçmiş prezident Co Baydenin administrasiyası dövründə isə kaminin üzərində bitkilər yerləşdirilmişdi.
Qeyd edək ki, Trampın Oval kabineti qızıl bəzəklərlə doldurması, Mar-a-Laqo üslubunu Ağ Evə gətirməsi dəfələrlə həm ABŞ mediasında, həm də ictimaiyyətdə “zövqsüzlük” və “görməmişlik” kimi təqdim olunub. Onun öz malikanəsini “qızıl saray”a çevirməsi və bunu prezident iqamətgahına da daşıması, əslində, siyasi imicindən çox şəxsi “qızıl sevgisi”ni göstərir.
Milyarder olmasına baxmayaraq, Trampın lüks anlayışı klassik sadəlik üzərində yox, qızıl və parıltı ilə assosiasiya olunur. Bu da onu həm ABŞ-da, həm də dünyada tez-tez satiranın hədəfinə çevirir.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ