İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimovun yeni kitabı çapdan çıxdı - FOTO

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvanın “Elm” (“Наука”) nəşriyyatı tərəfindən “Cəza haqqında təlim” (“Учение о наказании”) adlı yeni kitabı çapdan çıxıb.

Musavat.com news24.az-a istinadən xəbər verir ki, cinayət hüququ və kriminologiya sahəsində mühüm mənbə olan bu tədqiqat cəzalar nəzəriyyəsinin nəzəri və praktiki aspektlərini əhatə edir. Kitaba professor İlham Rəhimovun son on beş ildə yazdığı “Cinayət və cəzanın fəlsəfəsi”, “Dünya dinlərində cinayət və cəza: tarixi, dini, hüquqi və fəlsəfi aspektləri” və “Ölümsüz ölüm cəzası” adlı monoqrafiyası daxil edilib.

“Cinayət və cəzanın fəlsəfəsi” əsərində cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif burada cinayətin mənbəyinə və səbəblərinə, eləcə də, cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. 

“Dünya dinlərində cinayət və cəza: tarixi, dini, hüquqi və fəlsəfi aspektləri” əsərində müəllif əvvəlki əsərdəki fikirlərini davam etdirərək cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

 Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.

“Ölümsüz ölüm cəzası” əsərində isə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında” adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.

Rusiya Elmlər Akademiyasının akademiki A.N Savenkov kitaba yazdığı ön sözdə qeyd edib ki, müəllifin təqdim etdiyi əsərlər nəinki onun vətəni Azərbaycanda, eləcə də, Rusiya və digər xarici ölkələrin hüquqşünas alimləri tərəfindən böyük maraqla qarşılanıb. Kitabda cəzanın məqsədləri, funksiyaları və növləri də daxil olmaqla, cəza haqqında təlimin tarixi inkişafı və müasir konsepsiyalarının dərin təhlili aparılır. Müəllif müasir cəmiyyət şəraitində cəzanın tətbiqi ilə bağlı aktual problemləri müzakirə edir və onların həlli yollarını təklif edir. 

Kitab təkcə universitetlərin hüquq fakültələrinin elmi əməkdaşları, professor-müəllim heyəti, aspirant və tələbələri üçün deyil, həm də cinayət hüququ məsələlərinə maraq göstərən kütləvi oxucular üçün nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR