İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyonluq dələduzluqda ittiham olunan vəkilin məhkəməsi başlayır

Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Cinayət dosyesi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, “Mərkəz” vəkil bürosunun rəhbəri olub. Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Elçin Qəmbərovun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, keçmiş general-mayor Mövlam Şıxəliyevin oğludur. Elçin Qəmbərov 500 min manatdan yuxarı məbləğdə vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunur. İş üzrə zərərçəkən Elgün Şıxəliyevin atası Mövlam Şıxəliyev 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü - külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb. O, Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edirlər. Yəni bu pul qarşılığında Mövlam Şıxəliyev barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməli idi.

Musavat.com-un əldə etdiyi məlumatda deyilir ki, Elçin Qəmbərov pulu alandan bir müddət sonra işin düzəlməməsi səbəbi ilə geri qaytarıb. Növbəti dəfə isə işin düzəlməsi adı ilə pulu həbsdəki generalın yaxınlarından alıb və bu dəfə geri qaytarmayıb. İş üzrə zərərçəkmiş qismində tanınan Elgün Şıxəliyevə verilən vədi də yerinə yetirməkdən boyun qaçırıb. General Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış 3 nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Zərərçəkmişlər dəfələrlə onların həbsini tələb etsə də, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan ediləndə onlar məhkəmə zalında həbs olundu. Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Elçin Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. 2022-ci ilin avqust ayında o, ev dustaqlığına buraxılıb. Elçin Qəmbərov 2017-ci ildə “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabında onun vasitəsilə həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlayıb. O, hüquq müdafiəçisini dostlarına xəyanətdə suçlayır. Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ildə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib, 2015-ci ilin dekabrında isə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Onlar daha sonra Niderlanda mühacirət ediblər. Elçin Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Səid Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Elçin Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz. Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, Elçin Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: “Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

Bir neçə gün əvvəl bu mövzu ilə əlaqədar “20 milyon mənimsəyən generala 500 min manatlıq kələk - Məşhur vəkilin qalmaqalı” (https://www.musavat.com/news/movlam-sixeliyevin-oglu-500-min-manati-vekile-niye-verib-qalmaqal_956136.html) sərlöhvəli yazı dərc etmişdik.

Musavat.com xəbər verir ki, həmin yazıda hazırda general Şıxəliyevin hüquqlarını müdafiə edən vəkil Arzu Cavadovun da cinayət işi üzrə istintaqa cəlb olunduğunu açıqlamışdı. Vəkil Arzu Cavadov təsdiqləmişdi ki, iş üzrə şahid qismində dindirilib. O, Elçin Qəmbərovun rəhbərliyi dövründə də “Mərkəz” vəkil bürosunda çalışıb, indi də elə orada işləyir. Arzu Cavadov həm də general Mövlam Şıxəliyevin qohumudur.

Elçin Qəmbərovun oğlu da vəkillik fəaliyyəti ilə məşğuldur. “Kredo” vəkil bürosunun üzvü olan Əli Qəmbərov hazırda həm də atasının vəkilidir. Elçin Qəmbərovun ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır. 2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

Elşən Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR