İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyard manatlıq əmlakın üzərinə həbs qoyulub – CİNAYƏT DOSYESİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verib verir ki, ötən prosesdə Bahadır Qasımovun vəkili Kamandar Nəsibov bir neçə şəxsin məhkəməyə çağırılması üçün vəsatətlə çıxış etmişdi.

Qısa müşavirədən sonra vəsatətlər təmin olunmayıb. Vəkil vəsatətin təmin edilməməsinə etirazını bildirib.

Qeyd edib ki, məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı əsaslı arqument təqdim etməyib:

“Həmin şahidlər müdafiə etdiyim şəxsə qarşı ifadə veriblər. Onlar gəlib, məhkəmə iclasında da ifadə versinlər”.

Bundan sonra müttəhimlərin vəkilləri məhkəmə tərkibinə etiraz ediblər. Hakim etirazın yazılı təqdim olunması üçün müdafiə tərəfinə aprelin 18-nə kimi vaxt vermişdi.

Vəkillərin məhkəmə heyətinə etirazlarına baxılıb. Qısa müzakirələrdən sonra vəsatət baxılmamış saxlanılıb. Vəkillər vəsatət verərək xahiş ediblər ki, Bahadır Qasımov və İkram Qasımov səhhətlərindəki problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülsünlər. Hakim vəsatət münasibət bildiriləcəyini açıqlayıb. Bundan sonra müttəhim Bahadır Qasımova ifadə üçün söz verilib. Müttəhim bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb:

“1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb, investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznesdən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım etmişəm. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. 1 həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur.

Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Ora gedəndə məni tutdular. Əsasən, ticarətlə məşğul olmuşam. Mənə elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa ehtiyacım yoxdur”.

Digər təqsirləndirilən İkram Qasımov isə bildirib ki, onun əsas ticarəti Dubayda olub:

“Mən, əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə isə heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələrə qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu, doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllar isə ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, beş-altı avtomobil niyə ala bilməyim ki?”

Müttəhim Vəli Əliyev sərbəst ifadəsində bildirib ki, əmanətləri Dubaya aparıb və ya oradan gətirib:

“Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri - qızılları və mala aid möhürlənmiş sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə, xahiş ediblər, mən də etmişəm. Daha sonra onları Bakıya gətirib, Müşviq adlı şəxsə vermişəm. Qaçaqmalçılıq ittihamını qəbul etmirəm”.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinin həyata keçirilməsinə qarşı əməliyyat keçirib. Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən altı nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov - həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana və geriyə qanunsuz pul vəsaitləri köçürüblər və qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb.

Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır. Təqsirləndirilənlərə qarşı CM-in 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə cinayət işi açılaraq ittiham verilib.

Növbəti proses aprelin 25-nə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR