Onlayn ictimai-siyasi qəzet
Ermənistanda yeni qarışıqlıqdır. Hökumətlə müxalifət arasında qarşıdurma günü-gündən artır.
İyunun 27-də arxiyepiskop Mikael Acapaxyan həbs olunub. Onun barəsində 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Keşiş 2024-cü ilin aprelində ona qarşı irəli sürülmüş maddələrlə ittiham olunur.
Bildirilib ki, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısına qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. O, “KİV vasitəsilə hakimiyyətin zorakı yolla ələ keçirilməsinə” və “konstitusiya quruluşunun devrilməsinə” çağırışda şübhəli bilinərək saxlanılıb.
Vəkili saxlanmanın əsassız olduğunu və arxiyepiskopun günahını etiraf etmədiyini vurğulayıb.
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan ölkənin baş naziri Nikol Paşinyanın qanunsuz olaraq hüquq-mühafizə sisteminin fəaliyyətinə rəhbərlik etdiyini gizlətmədiyini bildirib.
Arman Tatoyan vurğulayıb ki, Ermənistanda iyunun 26-da saxlanılanlar arasında yetkinlik yaşına çatmayanlar da var.
Acıqlamaya əsasən, demək olar ki, iqtidar və müxalifət yetkinlik yaşına çatmayanlarla bağlı məsələdə bütün insan hüquqları ilə bağlı normaları pozur. Müxalifət qanunsuz olaraq bu təbəqədən etirazda alət olaraq istifadə edir, qarşı tərəf də fərqinə baxmadan etirazçıların hamısını həbs edir.
Keçmiş ombudsmanın sözlərinə görə, Nikol Paşinyan hüquq-mühafizə sisteminə din xadimlərinin şəxsi həyatı haqqında dosye toplamağı tapşırıb. Rəsmi dairələr bu məlumatı təkzib etməyib.
Tatoyan bildirib ki, inzibati resurslardan istifadə etməklə, ən yüksək səviyyədə din xadimlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və düşmənlik təbliğ edilir.
Vəkil Yerem Sarkisyan jurnalistlərə bildirib ki, bütün proses bir il əvvəl cinayət tərkibi olmayan köhnə müsahibə üzərində qurulub: “İndi isə yuxarıdan göstəriş ilə cinayət tərkibli hesab edilir”.
İyunun 26-da isə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Daşnaksütyun” Partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbsi barədə qərar qəbul edib. Daha əvvəl məhkəmə İstintaq Komitəsinin vəsatətinə əsasən, arxiyepiskop Baqrat Qalstanyana qarşı iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin "terrorizm" və "hakimiyyətin qəsb edilməsi" maddələri ilə ittiham irəli sürülüb. İstintaq Komitəsində hesab edirlər ki, Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatı ölkədə terror aktlarının törədilməsinə və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər planlaşdırıb. Bu iş çərçivəsində daha 15 nəfər təqsirləndirilir.
Ermənistanda Paşinyan hakimiyyətinə kilsə ilə yanaşı, iş adamların da etiraz edirlər. Rusiya vətəndaşı, milyarder, “Taşir” şirkətinin prezidenti Samvel Karapetyan, deputatlar və başqalarının həbsi ümumerməni kilsəsi ilə hökumətin problemləri cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu isə ölkədə fərqli düşünənlərə qarşı polis əməliyyatı sayılır, söz, fikir, mətbuat, sərbəst toplaşmaq azadlığının pozulmasıdır.
Demokrat sayılan Nikol Paşinyan hakimiyyəti bu addımı ilə daim istinad etdiyi insan hüquqlarımın kobud şəkildə pozur.
Hökumət başçısı əvvəllər Samvel Karapetyan və rusiyalı erməni iş adamları ilə əməkdaşlıq edib. Baş nazirin komandası son zamanlar onlara qarşı sərt davranır, Ermənistandakı daşınmaz əmlaklarına, şirkətlərinə qarşı əməliyyatlar keçirir. Bununla da sahibkarlıq və mülkiyyət hüququ pozulur.
Ermənistandakı Elektrik Şəbəkəsi şirkəti on ildən artıqdır “Taşir” tərəfindən özəlləşdirilib. Paşinyan onu keçmiş müttəfiqi Karapetyandan alaraq milliləşdirmək niyyətini gizlətmir. İddia olunur ki, şəbəkə özəlləşdirilərkən Ermənistanın uyğun sahə üzrə qanunu pozulub.
Bu kimi qanunazidd addımların 2026-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri üçün atıldığı ehtimalı çoxdur.
Paşinyan hakimiyyətdə qalmaq üçün potensial bütün rəqibləri sıradan çıxarır. Müxalifət düşərgəsində siyasi qüvvələr zəif olduğundan kilsənin başladığı etiraz aksiyasını güc yolu ilə susdurmağa çalışır.
Bununla baş nazir demokratik dəyərlərə məhəl qoymadan siyasi kampaniyada siyasi qüvvələr üçün bərabər şərait yaradılması prinsiplərinin pozur.
Bir gün əvvəl isə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Daşnaksütyun” Partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbsi barədə qərar qəbul edib. Daha əvvəl məhkəmə İstintaq Komitəsinin vəsatətinə əsasən, arxiyepiskop Baqrat Qalstanyana qarşı iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin "terrorizm" və "hakimiyyətin qəsb edilməsi" maddələri ilə ittiham irəli sürülüb. İstintaq Komitəsində hesab edirlər ki, Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatı ölkədə terror aktlarının törədilməsinə və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər planlaşdırıb. Bu iş çərçivəsində daha 15 nəfər təqsirləndirilir.
Qərb dövlətləri və onların nəzarəti altında olan Avropa Şurası, ATƏT və başqaları Ermənistandakı bu hadisələri görməzdən gəlir.
Azərbaycanda, yaxud başqa ölkələrdə buna oxşar kiçik bir hadisə baş verəndə Qərb institutları, hüquq müdafiə təşkilatları, Avropa Şurası, ATƏT və s. təşkilatlar bir-birinin ardınca bəyanatlar verir, tələblər irəli sürürlər. Ancaq Ermənistandakı söz, mətbuat, sərbəst toplaşmaq azadlıqları, sahibkarlıqla məşğul olmaq, mülkiyyət hüququ pozulur, Qərb institutları susur.
Kilsəyə hücum, əslində, vicdan azadlığının pozulması kimi də dəyərləndirilə bilər. Vaxtilə Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham olunan bir sıra vətəndaşlar mühakimə olunaraq həbs ediliblər. Onda Qərb institutları Azərbaycanı “dini etiqad azadlığı”nı pozmaqda qınayırdılar. Halbuki, həmin vətəndaşlar dövlət quruluşunu, konstitusiyanı dəyişməyə cəhddə, zorakılığı təbliğ etməkdə və başqa bu kimi cinayətlərdə təqsirli bilinərək müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.
İndi də Qərb institutları belələrinin müdafiəsinə qalxaraq Azərbaycana təzyiqləri artırmağa çağırışlar edir.
Belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan demokratiya adı altında avtoritar rejim qurmağa səy göstərir. Bu istiqamətdə ona Qərbdəki himayədarları yardım edir, dəstək verirlər. Azərbaycan torpaqları işğal altında olduğu illərdə Ermənistan ərköyünlük edib. Elə bu səbəbdən ərazilər 30 ilə yaxın işğal altında qalıb, qaçqınların insan hüquqları pozulub. Onlara dəymiş maddi, mənəvi ziyan bu günədək Ermənistan tərəfindən ödənilməyib.
Bəhs etdiyimiz məsələlərlə bağlı da ortada müəyyən imtiyaz var. Yoxsa, Nikol Paşinyanın demokratiya adı altında avtoritarlıq etməsi mümkün olmazdı. Necə deyərlər, “arxalı köpək qurd basar”.
Sədrəddin Soltan
Report.az
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ