Onlayn ictimai-siyasi qəzet
Seçki ilə bağlı rəy sorğusunun nəticələri açıqlandı
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsi üzrə namizəd irəli sürüb. Modern.az-ın məlumatına görə, YAP təşviqat müddətində 139.7 min manat pul xərcləyib. Vəsait seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətlərinin ödənilməsinə sərf olunub.
Məlumata görə, partiyanın xüsusi seçki hesabına 140 min manat daxil olub. Sözügedən vəsait partiyanın büdcəsindən ayrılıb. Qeyd edək ki, partiya seçici imzalarının toplanmasına vəsait sərf etməyib.
Seçkiyə qatılmış digər partiyalarda maliyyə məsələsi nə yerdədir? Vəsait nəyə xərclənir? Ümumiyyətlə, seçkidə pul amili nə qədər önəmlidir?
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, namizədlərdən hər biri öz daxili imkanları hesabına seçki kampaniyasının maliyyə tərəfini həyata keçirirlər, eyni zamanda partiyanın rəhbər strukturları da onlara dəstək verir: “Namizədlərimiz plakatlarını çap etdiriblər, müvafiq lövhələrdə yerləşdiriblər, bukletlər də seçicilərə paylanmaqdadır. Daha çox seçicilərlə görüşlərə üstünlük veririk. Keçirdiyimiz seçki kampaniyasına elə də böyük vəsait tələb olunmayıb”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, qeydiyyatdan keçmiş 6 nəfər namizədləri var: “Təbliğat-təşviqat materialları yaymaqla, seçicilərlə görüşlər keçirməklə seçki kampaniyasını aparırıq. Vəsait məsələsinə gəldikdə əsasən, təbliğat-təşviqat materiallarına pul xərclənib. Bizim maliyyə imkanlarımız elə də böyük deyil. Düşünürük ki, partiyamız parlament partiyası olacaq və bundan sonra partiya üçün daha geniş qanuni imkanlar açılacaq”.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hakim partiyanın büdcəsi qədər vəsait xərcləməyə imkanları yoxdur: “Məncə, hakim partiya büdcəsini az göstərib. 125 namizədə ümumilikdə 140 min manat o deməkdir ki, hər namizədə təxminən 1000 manat ayrılıb. Bu, real rəqəm deyil. Bizdə xərclənən büdcə əsasən namizədlərin öz şəxsi vəsaitləridir. Seçkiyə çox vəsait xərcləyən namizədlərimiz də, az xərcləyən namizədlərimiz də var. Vəsait daha çox təbliğat-təşviqat materiallarına xərclənir. Ümumən götürəndə seçki xərc tələb eləyən bahalı və maliyyəsiz mümkün olmayan prosesdir. Amma biz indi seçki prosesinin ümumi hesabatını aparmırıq ki, hər namizədimiz dəqiq nə qədər xərcləyib. Poster və bukletlərin çap olunması hər namizəd qarşısında tələb kimi qoyulmuşdu. Bu tələblərə uyğun da işlər həyata keçirilib. Hər namizədimiz özü fərdi qaydada DSK-ya seçki hesabatı verir. Bu gün əlimizdə dəqiq bir rəqəm yoxdur ki, dəqiq nə qədər vəsait xərclədiyimizi ifadə edək”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı da dedi ki, 6 namizədlə iştirak edirlər: “Bir namizəd Bakıdakı dairədəndir, beş namizəd rayonlardakı dairələrdə mübarizə aparır. Hər kəs öz imkanları daxilində seçki kampaniyasında vəsait xərcləyir. Əsasən plakatların, bukletlərin çapına pul xərclənib. Hər namizəd 100 plakat çap etdirdi. Plakatların çapına hər namizədimiz 150 manat xərcləyib. Bir neçə saytla ödənişsiz xidmət müqaviləsi imzaladıq. Sağ olsunlar, bizim məlumatlarımızı ödənişsiz yayırlar. Başqa elə bir xərclərimiz yoxdur”.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması prosesi isə başa çatıb.
Qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.
Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası barədə qərarın qəbulu üçün ayrılmış müddət də dünən bitib.
İtaliyanın SWG SPA şirkəti isə seçkiöncəsi ilə bağlı yerli respondentlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğuya əsasən əhalinin 81%-i parlament seçkiləri ilə bağlı maraqlandıqlarını deyiblər.
Respondentlərin 21%-i parlament seçkiləri ilə çox maraqlandığını, 13% o qədər də maraq göstərmədiyini, 5% maraqlı olmadığını, 1% isə bilmirəm dediyini bildiriblər.
Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib.
Qeyd edək ki, sorğu 15 iyul - 15 avqust tarixlərində keçirilib.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 22-də Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib. Beynəlxalq müşahidə missiyası təmsilçilərinin də qatıldığı iclasda, Mətbuat qrupunun tərkibinə daxil olan MSK üzvləri və media subyektlərinin nümayəndələri iştirak edib.
İclasda öncə Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələrindən bəhs olunaraq diqqətə çatdırılıb ki, qrup mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət olan Mətbuat qrupunun fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir. Mətbuat qrupu öz fəaliyyətində qanunvericiliklə müəyyənləşdirilmiş norma və tələbləri rəhbər tutmaqla, mediada seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.
Sonra medianın seçkilərdə rol və vəzifələrindən söhbət açılıb, media mənsublarının seçkilərdə azad, sərbəst şəkildə iştirak etdiyi, proseslərin gedişi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynadığı qeyd olunub. Vurğulanıb ki, qanunvericilik istər seçkilər zamanı aşkarlığın və şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü peşə fəaliyyətlərini yerinə yetirərkən media nümayəndələri üçün geniş hüquqlarla bərabər, vəzifə və məsuliyyətlər də nəzərdə tutub. Ona görə də seçkiqabağı təşviqat prosesində Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə ciddiyyətlə və dəqiqliklə əməl olunmalıdır.
İclasda, həmçinin Milli Məclisə seçkilərə hazırlıqların gedişindən danışılıb, MSK tərəfindən seçicilərin məlumatlandırılması və fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsinə hədəflənən genişmiqyaslı layihələr reallaşdırıldığı bildirilib. Qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqat aparılması qaydaları barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, seçkilərin mühüm mərhələlərindən biri olan seçkiqabağı təşviqat kampaniyasının sivil və müasir tələblərə cavab verən şəraitdə keçməsi üçün bütün təşviqat subyektlərinə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Avqustun 9-dan start götürən təşviqat kampaniyası namizədlərin yüksək fəallığı şəraitində müvəffəqiyyətlə davam edir. Seçki Məcəlləsinin tələblərinə əsasən Milli Məclisə seçkilərdə qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədi qeydə alınmış siyasi partiyalar, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.
MSK nəzdində Mətbuat qrupu mediada seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini bir daha vurğulayıb, müvafiq tələblərə əməl olunmamasının qanuni məsuliyyət doğurduğunu xatırladıb və media mənsublarının öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.
Mətbuat qrupu seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda növbəti iclaslarının keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ