Onlayn ictimai-siyasi qəzet
Moskva neyrocərrahları nadir rast gəlinən onurğa beyni şişi olan xəstəni uğurlu əməliyyatla xilas ediblər.
Moskva Səhiyyə Departamentinin məlumatına görə, qadın sağ əlinin orta barmağında uyuşma və yanma hissi şikayəti ilə müraciət edib. Müayinə zamanı həkimlər onun onurğa beyninin C2-C5 səviyyələrində təxminən 6 santimetr uzunluğunda şiş (ependimoma) aşkar ediblər.
Əməliyyat mikroskop altında və neyrofizioloji monitorinq vasitəsilə aparılıb. Bu üsul həkimlərə əməliyyat zamanı sinir keçiriciliyini və həssaslığı nəzarətdə saxlamağa imkan verib. Neyrocərrah Dmitri Vakatov bildirib ki, əməliyyat zamanı MRT və MRT traktoqrafiyası sayəsində sinir yollarının dəqiq xəritəsi hazırlanıb və bu, nevroloji fəsad riskini minimuma endirib.
Müalicə nəticəsində xəstə artıq hisslərini bərpa edib və sağalma mərhələsindədir.
Qeyd edək ki, ependimoma - sinir sistemi boyunca metastaz verə bilən və nevroloji xəstəliklər kimi özünü göstərə bilən nadir şiş növüdür.
Bundan əvvəl isə Moskvadakı L.M. Roşal Uşaq Klinik Mərkəzində həkimlər bir yeniyetmədən 5 santimetrlik beyin şişini uğurla çıxarmışdılar./Milli.Az
ŞƏRHLƏRŞƏRH YAZ