Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Azərbaycanda vəzifələrdən azad edilmələr, xüsusən də yüksək ranqlı şəxslərlə bağlı qərarlar ictimai müzakirələrin mərkəzinə çevrilib. Məsələn, dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanın vəzifədən azad olunması, eləcə də İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üç oğlunun da vəzifələrindən uzaqlaşdırılması cəmiyyətdə mühüm suallar doğurub.
Uzun illərdir ictimaiyyətdə belə bir fikir formalaşıb: yüksək vəzifələrə gələnlərin bir çoxu bu mövqeləri şəxsi bilik və bacarıqlarına görə deyil, məhz valideynlərinin nüfuzu, əlaqələri və himayəsi hesabına qazanır. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri haqqında verilən hər bir qərar ictimai rəyin diqqət mərkəzində olur.
Lakin bu sual indi daha qabarıq şəkildə gündəmə çıxır: Valideynin törətdiyi əməllərə görə onun övladı da məsuliyyət daşımalıdırmı? Yoxsa ədalət prinsipi tələb edir ki, hər kəs yalnız öz hərəkət və əməllərinə görə cavabdeh sayılsın?

Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a danışıb:
“Əgər kimsə oturduğu kreslonu ata-anasının dəstəyi ilə və heç bir zəhmətə qatılmadan qazanıbsa, hər kəsin bu üstünlüyün qaynağını sorğulamaq hüququ doğar. Sirr deyil ki, bugünkü Azərbaycan reallığında məmurların böyük əksəriyyəti atasına, anasına, yaxın qohumuna görə vəzifəyə gətirilib. Bir çoxları karyera yüksəlişində heç bir imtahandan keçmədən zirvələrə qalxıblar. Nəticədə ən yüksək postlardan birini tutsa da, çiyinlərində general paqonları daşısa da, yetərli səriştəyə malik deyillər. Məhz bu səbəbdən də valideynləri hakimiyyətdən uzaqlaşan kimi özləri də işdən uzaqlaşdırılırlar”.
H. Oğuzun fikrincə, bu, kifayət qədər ədalətli yanaşmadır:
“Çünki onların söykəndikləri dayaqlar, yüksəlişlərinin mənbəyi öz ləyaqətləri deyil, ata-analarının, daydaylarının nüfuzudur. Həmin dayaqlar yıxılan kimi iri məmurların karyerasının fundamenti də sarsılır və onlar öz heç bir əziyyət çəkmədən qazandıqları mövqelərini itirirlər.
Üstəlik, sözügedən adamlar həm də atalarının törətdikləri cinayətlərdə bu və ya digər şəkildə iştirak ediblər. Bir çox hallarda atalarının korrupsiya yolu ilə qazandıqlarından onlara da pay düşüb. Bəziləri hətta atalarının “pulyığanı”, “töycübaşı” olublar. Rüşvətxorluq və korrupsiya cinayətlərində atalarıyla əlbir olduqlarından məntiqlə onun məsuliyyətini bölüşməlidirlər. Bu mənada “qoyunu qoyun, keçini keçi ayağından asarlar” aforizmi belə insanlar üçün keçərli sayılmamalıdır. Onlar atalarının cinayət ortağı olduqlarından ataları ilə bərabər mühakimə olunmalıdırlar”.
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ