Onlayn ictimai-siyasi qəzet
Kiyevin Podolsk rayon məhkəməsi Viktor Yanukoviçi fərariliyə sövq etməkdə və dövlət sərhədindən qanunsuz daşıma təşkil etməkdə təqsirli bilinərək qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məhkəmənin Ukraynanın keçmiş prezidentinə qarşı çıxardığı hökm Yanukoviç üçün ikinci hökm olub: 2019-cu ildə o, dövlətə xəyanətdə ittiham olunaraq qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Konstantin Kobzarın da yeni işdə şərik olduğu məlum olub; ona 10 il həbs cəzası verilib.
Qeyd olunur ki, ittiham tərəfi müvafiq olaraq müttəhimlərin 15 və 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə ittihamları haqlı və sübuta yetirilmiş hesab edərək, onlara mümkün olan maksimum cəza təyin edib.
Müstəntiqlərin fikrincə, 2014-cü il fevralın 23-də Yanukoviç və Kobzar öz çevrələrindən 20 nəfərin – keçmiş təhlükəsizlik xidmətinin əməkdaşları və Rusiya nümayəndələrinin sərhəddən keçirilməsinə kömək ediblər. Onlar üç Rusiya hərbi vertolyotu ilə Ukraynanı tərk edərək, əvvəlcə Krasnodar bölgəsinə, daha sonra Krıma (o zaman Ukraynanın nəzarəti altında idi) və oradan da Qara dənizi keçərək Rusiyaya uçublar.
Daha sonra dövlət təhlükəsizlik işçilərinin bir qismi eks-prezidentlə birlikdə dəniz gəmisi ilə Sevastopoldan Rusiyaya yola düşüb, hərbi xidmətə qayıtmayıblar.
İşə təqsirləndirilən şəxsin iştirakı olmadan xüsusi məhkəmə icraatı qaydasında baxılıb.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ