Onlayn ictimai-siyasi qəzet
Türk dünyası Şimali Kiprə toplaşıb – Ərsin Tatardan birlik mesajları
Şimali Kipr Türk Respublikasında (ŞKTR) Dünya Türk Gəncləri Birliyi Fondunun təşkilatçılığı ilə XX Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilir.
Musavat.com xəbər verir ki, tədbirdə dünyanın ən müxtəlif yerlərində yaşayan və türk soykökünü daşıyan 35-dən çox dövlət və topluluq nümayəndələri iştirak edir. Azərbaycan da bu qurultayda yüksək səviyyədə iştirak edir. Ölkəmizi tədbirdə Dünya Türk Gəncləri Birliyi Fondunun Azərbaycan təmsilçisi, (“Yeni Müsavat” qəzetinin siyasi yazarı, AĞ Partiya başqanının müavini) Cavanşir Abbaslı, “ACUN” Düşüncə Mərkəzinin rəhbərliyi təmsil edir.
Sentyabrın 17-dək davam edəcək qurultaydan öncə qonaqlar Kipr Türk Dövlətinin qurucusu və ilk Prezidenti Rauf Denktaşın məzarını və onun şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Ardınca qonaqlara çay süfrəsi təşkil olunub və günün sonunda qurultayda iştirak edən xalqlar öz musiqilərini təqdim ediblər. Bunun ardınca Prezident Ərsin Tatar və digər rəsmilərin iştirakı ilə qonaqlarla görüş keçirilib.
Tədbirdə ilk söz tədbirin təşkilatçısı, Dünya Türk Gəncləri Birliyi Fondunun rəhbəri Ərsin Gözələ verilib: “35 ölkədən gələnlər var. Ötən il qurultayın burada təşkil olunması qərarı təsadüf deyil. Rum kəsiminin tanınmasına 80 təşkilat öz etirazını bildirdilər və Şimali Kipr Türk Respublikasının yanında olduqlarını bəyan etdilər. Çox uzatmaq istəmirəm. İş görmək lazımdır, bizə də bu bayraq əmanət edildisə, çalışmalıyıq. Hər kəsə iştirakdan dolayı təşəkkür edirəm”.
AK Parti Genel Başkan yardımçısı, Ankaranın millət vəkili Kürşad Zorlu çıxışında bunları deyib: “Dünyanın dörd yanından bura gələn hər kəsi salamlayıram. Sayın Cimhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın salamlarını sizlərə çatdırıram. Biz gələcəyə ümidlə baxırıq”.
Kipr Türk Dövlətinin nəqliyyat naziri Ərhan Arıklı indiyə qədər üzləşdikləri çətinliklərdən söz açıb: “Bu gözəl qurultayımıza xoş gəlmisiniz. Dünya Türk Gəncləri Birliyi 1992-ci ildə bir zərurətdən doğdu. Çox çətinlikdən keçdik. Bəzən sıxıntılardan dolayı çadırlarda qaldıq, amma qurultaylarımızı keçirdik. Bütün bunlar da bir daha türk xalqlarının öz soyköklərinə olan bağlılıqlarını göstərir. Hər zaman bir olmalıyıq”.
Daha sonra tədbirə gələn xalqlar gətirdikləri hədiyyələri Ə. Tatara ardıcıllıqla təqdim ediblər.
Sonda ŞKTR rəhbəri çıxış edib: “Sizləri burada görməkdən böyük qürur duyuram. Milli həmrəyliyimizi bir daha nümayiş etdiririk və bu, bütün türk dünyasını qürurlandırır. Adaşım Ərsin bəyə xüsusi təşəkkürlərimi çatdırıram. Bizimlə görüşdə dəyərli adaşım belə bir qurultaydan bəhs etmişdi. İndi biz görürük ki, bu qurultay daha artıqlaması ilə təşkil olunub. Buradan bütün dünyaya mesajlar verilir. Şimali Kipr Türk Respublikası sizlərin burada bir təmsilçisidir. Siz türk qardaşlarımız harada olursunuzsa olun, bizlərin yaxınları, soydaşlarımızsınız. Siz bizim azadlıq mübarizəmizə daim böyük dəstək vermisiniz. Bizə qarşı olan hücumların fonunda sizlərin Şimali Kipr Türk Respublikasına hər zaman dəstək verməyiniz bizlərə həm də böyük güc verir. Nə yaxşı ki, varsınız. Biz birlikdə bu duyğuları yaşayırıq. Bu duyğuları da birlikdə yaşamaq bizim tarixdən gələn könül birliyimizdir. Sonda bir daha hər birinizə sonsuz təşəkkürlərimi və hörmətlərimi çatdırıram”.
Tədbirin sonunda Ərsin Tatarla xatirə fotosu çəkdirilib.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ