Onlayn ictimai-siyasi qəzet
Qarabağda Azərbaycan Respublikasının suveren hüquqlarının bərpası hər bir vətəndaşda böyük sevinc və qürur hissi yaradır. Bu günlərdə xalqımız üçün 30 ilin ən böyük faciəsi olan Xocalı şəhərindən videokadrların yayılması, əsgərlərimizin Xocalı aeroportunda erməni bayrağını endirməsi rəmzi xarakter daşıması baxımından xüsusi sevinclə qarçılandı.
Musavat.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı rayon təşkilatı Məclisinın növbəti toplantısında da bu sevinc yaşanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edən toplantı iştirakçıları doğma şəhərlərinin azad olunması münasibəti ilə bir birini təbrik edib.
VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinin ən qürurlu günləri yaşanır: “Bu gün Xocalı azaddır və biz xocalılar bunun sözlə ifadə olunmayacaq sevincini yaşayırıq. 31 ildir ki, elimizdən, obamızdan didərgin düşüb köçkün həyatı yaşayırdıq. Dövlətimiz var, bu gün yaşamağa evimiz var, amma vətən həsrəti, elimizin yağı işğalında olması bizi başı aşağı, nisgilli etmişdi. Biz bu günə kimi sevinməmişik, Xocalıda soyqırıma məruz qalan insanlar hər gün yuxumuza girirdi. Bu gün onların da ruhu şaddır, onlar da sevinir. Xocalı yalnız işğal olunmuş ərazi, şəhər deyil, bu işğal bizim milli heysiyyat məsələmiz idi və Azərbaycan ordusu bu məsələni dünyaya gücümüzü göstərərək həll etdi. Xocalı, Xankəni, Xocavənd, Əsgəran, Ağdərə, Meşəli, Umudlu, Kosalar, Cəmilli, Kərgicahan da azadlıqa qovuşdu. Ürəyimiz sevincdən elə çırpınır ki, sanki dayanacaq. Bu sevinci heç nə ilə dəyişə bilmərik, biz evlərimizə, yurdumuza qayıdacağıq”.
Daha sonra digər Məclis üzvləri də çıxış edərək Qarabağın azadlığının dövlətimiz və xalqımızın əbədi qürur məqamı olduğunu bildirib. Məclis Xocalının və Qarabağın ətraf şəhərlərinin azad olması münasibəti ilə VHP-çi xocalılar adından həmyerlilərinə müraciət qəbul edib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ