İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN başçıları Qarabağa toplaşır - tarixi Şuşa həftəsi başlayır

 

Politoloq: “Bu tədbirlərin Şuşada keçirilməsi ilə üzv dövlətlərin Azərbaycanın haqlı mövqeyinə növbəti dəstəyinin ifadə edilməsinə nail olunacaq”

Bu gün - oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçiriləcək. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

Quruma üzv olan dövlətlər arasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan mövcuddur.

Bundan əlavə, oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Bu barədə məlumatı TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib. Onun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcək. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.

Beləliklə, bu həftəni əslində Şuşa həftəsi də hesab edə bilərik. Bu cü tədbirlərin Şuşada keçirilməsinin əhəmiyyəti nələrdir? 

Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu  dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib", son xeberler

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Şuşada bir araya gəlməsi əhəmiyyətli hadisədir: "Bundan bir neçə gün sonra TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 4-cü iclasının məhz Şuşada keçirilməsi Şuşanın bir mədəniyyət paytaxtı olması, mühüm strateji şəhər olmasının növbəti nümayişi olacaq. Şuşa artıq dünya əhəmiyyətli, eləcə də böyük regional əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Şuşanın inkişafında, dünyada tanıdılmasında belə tədbirlərin ciddi əhəmiyyətinin olduğu şübhəsizdir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının, həmçinin TÜRKSOY-un Mədəniyyət Nazirləri Şurasının 4-cü iclasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsi, eyni zamanda birgə mədəni fəaliyyətlərin təşkili, bölgədə davamlı sülhün əldə olunması istiqamətində səylərin nümayiş olunması məsələləri müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, belə mühüm tədbirlərin Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilməsi həm də bölgə xalqları, bölgə dövlətlərinin Ermənistana, separatçılara və onların bölgəmizdən kənar dövlətlərdə yerləşən havadarlarına, erməni lobbi diaspor təşkilatlarına, eyni zamanda bölgəmizlə bağlı çirkin planlar qurmaq istəyən dövlətlərə bir mesajıdır. Azərbaycan bir daha Şuşanın əsl sahibinin gəldiyini və əbədi olaraq belə olacağını nümayiş elətdirir. Eyni zamanda Azərbaycan bu addımları ilə həm də Ermənistan xalqına birgə yaşayış mesajını çatdırmış olur. Ermənistan dövlətinə, Ermənistan xalqına gec də olsa Qafqaz ailəsinə daxil olmaq, əməkdaşlıq, xüsusilə də iqtisadi əhəmiyyətli sahələrdə əməkdaşlıq perspektivlərini təklif etmiş olur. Azərbaycan Ermənistana onu da nümayiş etdirmiş olur ki, Ermənistan konfrontasiya ilə, ərazi iddiaları ilə, işğalçılıq siyasəti ilə özlərinə zərər vurmaqdan başqa heç nəyə nail ola bilməyəcək. Azərbaycan Prezidentinin dünən Gürcüstana səfəri zamanı mətbuata bəyanatında açıqladığı kimi, Cənubi Qafqazda möhkəm sülhün əldə olunması üçün tarixi şərait formalaşıb. Bu şəraitdən bölgə dövlətləri Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli, düzgün istifadə etməyi bacarmalıdır. Mən hesab edirəm ki, Azərbaycanın atdığı bu addımlardan Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən Ermənistan cəmiyyəti və dövləti düzgün nəticələr çıxaracaq. Bu proses nəhayət ki, bölgəmizdə davamlı sülhün əldə olunmasına, Cənubi Qafqazın dünyanın unikal bir bölgəsinə, iqtisadi, mədəni inkişafa əsaslanan, qarşılıqlı inama, etimada əsaslanan gözəl bölgəsinə çevrilməsinə şərait yaradacaq".

Politoloq onu da qeyd etdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının, həmçinin TÜRKSOY-un Mədəniyyət Nazirləri Şurasının 4-cü iclasının Şuşada keçirilməsi Xankəndi başda olmaqla Qarabağın erməni separatçı rejimindən təmizlənməsindən sonra Şuşada keçirilən ilk beynəlxalq əhəmiyyətli tədbirlər kimi tarixə düşəcək. Bu tədbirlərin Şuşada keçirilməsi ilə üzv dövlətlərin Azərbaycanın haqlı mövqeyinə növbəti dəstəyinin ifadə edilməsinə nail olunacaq: “Bu, bölgəyə konfrontasiya gətirməyə çalışan Fransa, Almaniya kimi güclərə üzv dövlətlərin birgə iradəsinin nümayişi kimi də qiymətləndiriləcək. Bu mənada da həmin tədbirlərin keçirilməsi üçün məhz Şuşanın seçilməsi heç təsadüfi qiymətləndirilməməlidir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR