İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər balıqlarını “kütləvi soyqırım”dan necə qoruyaq - sintetik tor bəlası...

Ekspert: “Dənizin səviyyəsi aşağı düşüb, kürüləməyə gələn balıqların vəziyyəti çətinləşib”

Xəzər dənizində və ölkənin digər su hövzələrində sənaye üsulu ilə balıq ovlanmasına qoyulan moratorium götürülüb. Yəni balıq biznesi ilə məşğul olanlara qanunlara uyğun şəkildə, ayrılan kvota üzrə və qanunla qadağan edilməyən vasitələrlə balıq ovlamağa icazə verilib.

Ancaq sosial şəbəkələrdə yayılan görüntülər və həvəskar balıqçıların müvafiq qruplarda çəkib paylaşdığı videolardan görünür ki, brakonyerlər qanunsuz vasitələrlə və kvotaya əhəmiyyət vermədən Xəzərdə balıqlara qarşı “soyqırım” həyata keçirirlər. Belə ki, tor qurmaq qaydalarına əməl edilmir, sintetik tor qadağan olsa da, ondan istifadə edilir. Sintetik toru kilometrlərlə dənizə səpirlər və sonra onları ya yığmırlar, ya da yaxşı qurmadıqları üçün dalğa dənizin dərinliklərinə aparır, nəticədə on tonlarla balıq onlara dolaşır, ölür. Faktiki olaraq Xəzəri brakonyerlərdən xilas etmək üçün ciddi tədbirlər görülməsi zərurəti var. Müvafiq qurumlar hansı addmları atır?

Uzun illərdir bu sahədə çalışan Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Biz Xəzərin Azərbaycan sektorunda zaman-zaman monitorinq həyata keçiririk. Vəziyyəti öyrənəndən sonra, hansı növlərə kvotanı artırmaq və ya azaltmaq lazım olduğunu müəyyən edəndən sonra açıqlayırıq. Sentyabr ayından artıq balıq tutmağa icazə verilir. Bu şərtlə ki, kvota həvəskarlara, laboratoriya işi aparmaq istəyənlərə, tədqiqat aparmaq istəyənlərə verilsin. Biz yayda baxdıq hansı balıq çoxdur-azdır, ona uyğun da nazirlik kvota tətbiq etdi. Sadəcə, biz öz fikrimizi deyirik. Elə balıq var idi ki, biz kvotanı artırdıq. Məsələn, qurbağa üçün kvotanı azaltdıq. Yəni aldığımız nəticəyə uyğun olaraq cavab veririk. Qaldı ki, sularda köhnə torlara rast gəlinməsinə, bu suala nazirlik cavab versə, daha məqsədəuyğun olar. Amma biz gördüyümüzü deyə bilərik ki, dənizdə suyun üst və dib qatında sürüşmələr olur, külək olur. Dib qatında olanda köhnə torları istədiyi yerə apara bilir. Axırıncı dəfə Xəzərdə ekspedisiya keçirdik, 14 gün orada olduq. Amma biz orada torlara rast gəlmədik. Nazirlik artıq belə torlara icazə vermir. Sərhəd Qoşunları da bu işlə məşğul olur. Yəni nəzarət var. Əvvəlki illərdən fərqli olaraq indi ölkəmizdə nəzarət var. Qaldı ki, balığın azalması-çoxalmasına, bu, ekoloji şəraitlə əlaqədardır. Əsas problem çəkikimilər fəsiləsinə aid olan balıqlarla bağlıdır. Hansı ki, öz kürülərini sahil zonalarına, bitkilərin üzərinə tökürlər. Dəniz çəkilib, 500-600 metr uzaqlaşıb. Belə bir problemlər var. Yəni dənizin səviyyəsi aşağı düşür. Kürüləməyə gələn balıqların vəziyyəti çətinləşir. Onların kürüləmək üçün yerləri əldən çıxır. Amma bəzi dəniz balıqları suyun üzərində yaşayırlar, kürüsünü ora tökürlər. Burada problem yoxdur”.

Ekspert, “insanlar bazarda satışa çıxarılan balıqları da almaq istəmirlər. Bu balıqların əksəriyyətinin süni olaraq artırıldığı deyilir. Dəniz, çay balığını necə ayırd etmək olar” sualına da cavab verib: “Bunu yalnız mütəxəssis fərqləndirə bilər. Mən yaxınlarda bazarda çəkikimilərdən kütüm balığının artıq satıldığını gördüm. Bu balıq olmasa bazara haradan gətirə bilər? Damba üsulu ilə - yəni qapalı sistemdə balıqları artırmaq mümkündür. Amma kütüm balığını süni şəkildə çoxaltmaq mümkün deyil. Ancaq külmə, karp balığı damba şəraitində böyüdülür. Onu yalnız mütəxəssis ayırd edə bilər ki, yediyi balıq dəniz, çay, yoxsa süni şəraitdə artırılmış balıqlardır”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatın qeyd edilir ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir: “Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən  istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı ”ASAN xidmət" mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qəzetimizə bildirilib ki, ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə bu il sentyabr ayının ikinci yarısından başlayaraq müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən ağ amur, çəki, qalınalın körpələrinin Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır: “Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması, ümumilikdə  ekosistemin qorunması baxımından olduqca əhəmiyyətlidir və tərəfimizdən bu  işlər hər il yerinə yetirilir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb balıq ehtiyatlarının artımına şərait yaratması üçün onların qorunması da vacibdir. Bu baxımdan sənaye balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar balıq körpələrini ovlamasalar, qadağan olunmuş vaxtlarda və qadağan edilmiş vasitələrlə ov etməsələr, ölkənin su hövzələrində balıq ehtiyatlarının artımına nail olmaq mümkündür”.

Qeyd edək ki, yaxın günlərdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Siyəzən rayon sakinləri Vaqif Muradov, Şahmar Ağayev, Qənbər və Rəvan Muradov, Xaçmaz şəhər sakini Tərlan Məcidov, Şabran rayon sakinləri Samir Ağagülov, Məhəmməd Muxtarov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

B.Məhəmmədov onu da qeyd edib ki, Kür çayının Saatlı və Sabirabad rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 340 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR