Onlayn ictimai-siyasi qəzet
"Boğaza yığıldığıma görə artıq bu açıqlamanı etməliyəm. Allah Nicat Məhərrəmliyə ağıl versin!"
Müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı videomüraciətində həmkarı Nicat Məhərrəmli ilə bağlı inanılmaz iddialar səsləndirib.
Musavat.com-un məlumatına görə, Xatirə İslam bildirib ki, Nicat dəfələrlə onun adından istifadə edərək insanlardan beh alıb:
"Nicat toylarda, şənliklərdə, açılışlarda və müxtəlif tədbirlərdə mənim adımdan beh istəyib. Sənət yoldaşlarım, dostlarım, aparıcılar zəng edərək bu barədə mənə şikayət ediblər."
Müğənni vurğulayıb ki, Nicatın mərhum anası Yagut xanım bu vəziyyətə görə ağır streslər keçirib:
"Elə vaxtlar olub ki, Yagut xanım oğlunun borclarını ödəmək üçün qızıllarını satıb. Bu, onun üçün çox ağır olub, bunu başa düşürəm. Mən də hər zaman əlimdən gələni etmişəm. Nicatın anası rəhmətə gedəndə, o, mənə dedi ki, 'tövbə etdim hər şeyə, pis vərdişlərimə'".
Xatirə İslam Nicata dəstək olduğunu, hətta ona mahnı hədiyyə etdiyini bildirib:
"Mahnının bütün xərclərini özüm çəkdim, boynuma götürdüm. Hətta dedim ki, sənə bir klip də hədiyyə edəcəyəm, özüm çəkəcəyəm, pulunu da özüm ödəyəcəyəm. Ki, sən də digər müğənnilər kimi ayaq üstə dura biləsən, tanınasan. Amma günü bu gün də mənim adımdan pul alır və sonra deyir ki, guya Xatirə xanımın övladının vəziyyəti ağır olduğuna görə məclisə gələ bilmir. Hər kəsə bildirmək istəyirəm ki, bu münasibətləri artıq bitirirəm! Bundan sonra Nicat mənim adımı heç yerdə çəkməsin!"
Xatirə İslam bildirib ki, bu hadisələr onun səbrini tükədib və o, bu məsələyə son qoymaq qərarına gəlib.
Qeyd edək ki, Nicat Məhərrəmli Xatirə İslamın müraciətinə cavab olaraq üzr şərhi yazıb:
"Nə desən düz deyirsən. Sən mənə bacı olmusan, həmişə dəstək vermisən. Bu bir səhv idi və üzr istəyirəm, bağışla".
Xalidə Gəray
Musavat.com
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ