İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici siyasətində Hitlerə, daxil işlərdə Stalinə bənzəyən....

ABŞ-nin yeni prezidenti Donald Trampın bir çox hərəkətləri soydaşı Adolf Hitlerin davranış və ritorikasını andırır.

Bunu açıq gözlə də görmək mümkündür. Prezident kürsüsündə oturduğundan bəri keçən 7 gündə misterin adının mübtəda olduğu xəbərlərin təhlilindən asanlıqla bu nəticəyə gəlmək olar.

Həmin xəbərlərdən 10-nun başlıqlarına diqqət edək:

1. Tramp əl çəkmir: “Qrenlandiya əhalisi ABŞ-ni istəyir”;
2. Trampdan şok açıqlama: “Kanadanı bir gündə yox edə bilərəm”;
3. Tramp: “ABŞ tezliklə əhəmiyyətli dərəcədə böyüyə bilər”;
4. Tramp: "Qeyri-qanuni miqrantların ABŞ-dən deportasiyası yaxşı gedir";
5. Panama Trampın güc tətbiq edə biləcəyindən qorxur;
6. Trampın ilk təşəbbüsləri ABŞ hökumətində “xaos” yaratdı;
7. Tramp cinsini dəyişib qadın olanların kişi türməsində saxlanılmasını əmr edib;
8. Tramp virtual narkoticarət şəbəkəsinin yaradıcısını əfv etdi;
9. Tramp ölüm hökmünü bərpa etdi;
10. Tramp Mərkəzi Amerikanı cəzalarla əzir: yeni və heyrətamiz sanksiyalar...

Başqa nəticəyə gəlmək mümkündürmü? Bunlar hələ onun etdiklərinin və anonsunu verdiyi edəcəklərinin bir hissəsidir.

Birinci xəbərdən başlayaq. Tramp bir suveren dövlətin ərazisinin bir hissəsini tələb edərək, öz iradəsini referendumla bildirməmiş əhalinin adından çıxış edir. Onun Danimarkaya qarşı irəli sürdüyü ərazi iddiasının əsasında bu fikir durur ki, ABŞ Qrenlandiyanın sabitliyini və təhlükəsizliyini təmin etməyə qadir olan yeganə ölkədir və bu təkcə Amerikanın maraqları deyil, həm də qlobal sülh məsələsidir.

Bu, özünü dünyanın ağası saymaq mərəzinin simtomudur.

Elə onun dilində səslənmiş “Kanadanı bir gündə yox edə bilərəm” iddiası da həmin xanədəndir. O boyda dövləti bir gündə yox etmək nə deməkdir? Beynəlxalq cinayət deyilmi?

Ona görə də Panama haqlı olaraq Trampın bu ölkəyə güc tətbiq edəcəyindən qorxur.

Bəs ABŞ tezliklə necə əhəmiyyətli dərəcədə böyüyə bilər? Bu şardırmı, üfürülə və böyüyə. Bir dövlətin böyüməsi üçün onun başqa ölkələri işğal edib özünə birləşdirməsi lazımdır. ABŞ onsuz da böyük dövlətdir, 50 dövlətin birliyidir. Ancaq onun yeni lideri böyüməkdən danışır. Bu halda beynəlxalq müqavilələr, konvensiyalar necə olacaq?

Cinsini dəyişib qadın olanların kişi türməsində saxlanılması isə skes cinayətlərinə yaşıl işıq yandırmaqdır. Adı üstündədir, adamlar cinslərini dəyişib qadın olublar. İndi bu qadınları seksual manyakların, hətta öz həmcinsinə tamah salan yanıqların arasına salmaq nə deməkdir? Bu, o dönmə qadınların kütləvi seksual zorakılığa məruz qoyulması deməkdir. Tramp isə bunu cinsi azlıqlardan qisas alırmışcasına, çılğınlıqla etmək istəyir.

Adamın davranışında daha bir paradoksallıq: ölüm hökmünü bərpa edir, eyni zamanda virtual narkotik ticarəti şəbəkəsi yaradaraq, on minlərlə gənci zəhərləmiş və buna görə ömürlük həbs cəzası almış şəxsi bağışlayır, sərbəst buraxır. Məntiq varmı? Prinsipcə, o, həmin şəxsin ömürlük həbs cəzasını ləğv etməli, onun barəsində edam hökmü çıxarılmasını istəməliydi.

Trampın xarici siyasətdə nə qədər aqressiv və qayda-qanun tanımayan biri olduğunu son bir həftədə bariz şəkildə üzə çıxıb, ancaq onun öz ölkəsinin daxilində də qanunlara zidd qərarlar verməyə meylli olması müşahidə olunur. Beynəlxalq qanunları pozmaq onun üçün çətin olmasa da, 230 ildən çoxdur qanunlarla idarə olunan ABŞ-də bunu etmək bir qədər çətindir.

Ancaq o, 8 il əvvəlkinə nisbətən daha böyük əzmlə, əsl triumfator kimi hakimiyyətə gəldiyindən hesab edir ki, artıq əlinin üstündə əl yoxdur, istədiyini edə bilər. ABŞ-də isə hakimiyyət qollarının bölünməsi qaydası ləğv edilmədiyindən Tramp icraedici və qanunverici hakimiyyəti öz inhisarına alsa da, məhz məhkəmə hakimiyyətinin müqaviməti ilə qarşılaşacaq.

Bu xüsusda ilk hadisə artıq baş verib: Sietl ştatının federal hakimi Trampın Amerikada doğulan miqrant uşaqlara vətəndaşlıq verilməsinin qadağan olunması barədə sərəncamının icrasını konstitusiyaya zidd hesab edərək dayandırıb.

Ya bundan sonra ard-arda belə qərarlar çox olacaq və Trampın əli-qolu bir az bağlanacaq, ya da Tramp məhkəmə hakimlərinin özlərini repressiyaya məruz qoyacaq, onların yerinə sözəbaxan hakimlər təyin edəcək və bu hakimiyyət qolunu da öz iradəsi altına alacaq.

O bunu edə bilsə, artıq təkcə Hitlerə oxşamayacaq, həm də Stalinə bənzərliyi daha da artacaq, ölkəni təkbaşına idarə edəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR