İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə körpəliyimizi xatırlamırıq?

Alimlər körpəlik illərini niyə xatırlamadığımızı anlamaq üçün müxtəlif nəzəriyyələr irəli sürüblər.

Bəs körpələrdə də xatirələr yaranırmı? Əgər yaranırsa, bəs onları niyə xatırlamırıq? Doğulduğumuz gün, ilk addımlarımız, ilk sözlərimiz həyatımızın dönüş nöqtələridir. Amma biz onların heç birini xatırlamırıq.

Niyə? 

Alimlər və psixoloqlar onilliklərdir bu sual üzərində çalışırlar. Həyatımızın ilk bir neçə ilini xatırlaya bilməməyimiz "uşaqlıq amneziyası" adlanır və səbəbini izah etmək üçün illər ərzində bir çox nəzəriyyə yaradılıb.

ABŞ-dakı Yale Universitetində psixologiya, beyin və sinir cərrahiyyəsi professoru olan Nick Turk-Browne deyir ki, müzakirə əslində iki əsas suala əsaslanır:

Erkən yaşda xatirələrimiz yaranır, amma sonradan onları xatırlaya bilmirik, yoxsa böyüyənə qədər ümumiyyətlə heç bir xatirəmiz yaranmır?

Professor Nick Turk-Browne-a görə, son 10 ilə qədər tədqiqatçılar, əsasən, körpələrdə xatirə yaranmadığını fərz edirdilər.

Bəziləri bunun səbəbini körpələrin tam formalaşmış "mənlik" hissinə və ya danışmaq qabiliyyətinə malik olmamaları ilə əlaqələndirirdi. Hippokampus bölgəsi yaddaşın formalaşmasında böyük rol oynayır. 

Screenshot_2.png (287 KB)

Başqa bir hipotezə görə, yeni xatirələrin formalaşmasına cavabdeh olan beyin hissəsi -hippokampus - tam inkişaf etmədiyi üçün biz təxminən dörd yaşa qədər xatirə yarada bilmirik.

Prof. Nick Turk-Browne deyir: "Körpəlik dövründə [bu bölgənin] ölçüsü iki dəfədən çox artır. Və bəlkə də həmin vaxt bizdə hələ lazım olan sinir dövriyyəsi olmadığı üçün yaşadıqlarımız yadda saxlanılmır".

Körpələrin hippokampal aktivliyini ölçən təcrübə

Lakin Prof. Nick Turk-Browne-nin bu ilin əvvəlində apardığı tədqiqat bu fikirlə ziddiyyət təşkil edir.

Onun komandası 4-24 aylıq 26 körpəyə bir sıra şəkillər göstərərkən eyni zamanda beyinlərini skan edərək hippokampal aktivliklərini ölçdü.

Daha sonra körpələrə yeni bir fotoşəklin yanında əvvəlki şəkillərdən birini də göstərdilər və onların baxışlarının hərəkətini izləyərək iki şəkildən hansına daha çox diqqət yetirdiklərini təhlil etdilər. 

Screenshot_3.png (259 KB)

Əgər körpələr əvvəlki şəkilə daha uzun müddət baxırdılarsa, tədqiqatçılar bunu onların həmin görüntünü xatırladıqlarının və əvvəlki tədqiqatların iddia etdiyi kimi, tanıya bildiklərinin əlaməti kimi qiymətləndirdilər.

Tədqiqatçılar aşkar ediblər ki, körpə bir şəkilə ilk dəfə baxanda hippokampus nə qədər aktiv olarsa, sonradan onu xatırlama ehtimalı bir o qədər yüksək olur, xüsusilə də körpə 12 aylıqdan böyükdürsə.

Bu isə göstərir ki, hippokampus birinci ildən sonra müəyyən növ yaddaş formalaşdıra bilir.

Xatirələr hara gedir?

Prof. Turk-Browne deyir ki, onun komandasının işi körpələrin hippokampusda həqiqətən xatirə yarada bilib-bilmədiyini müəyyənləşdirmək üçün "ilk addımdır" və daha çox araşdırmaya ehtiyac var:

"Əgər xatirələri yadda saxlaya biliriksə, bu, onların indi harada olduğu sualını da gündəmə gətirir. Onlar hələ də oradadırmı? Biz onlara çata bilərikmi?"

2023-cü ildə dərc olunan bir tədqiqat göstərib ki, körpəykən labirintdən çıxmağı öyrənən siçanlar böyüyəndə bu bacarığı unudurlar. Amma hippokampusun ilk təcrübə zamanı aktiv olan hissələrini süni şəkildə yenidən aktivləşdirmək həmin yaddaşı geri qaytara bilir. İnsanların körpə ikən xatirələri yaddaşa yazıb, sonradan onları unudub-unutmadığı isə hələ dəqiq bilinmir. 

Screenshot_4.png (391 KB)

Böyük Britaniyadakı Vestminster Universitetinin neyropsixologiya professoru Catherine Loveday isə düşünür ki, körpələr ən azından danışmağı bacardıqları dövrdən etibarən xatirə formalaşdırma qabiliyyətinə malikdirlər.

"Biz bilirik ki, kiçik uşaqlar bağçadan qayıdanda başlarına gələn hadisəni danışırlar, amma bir neçə ildən sonra bunu xatırlamırlar. Yəni xatirələr var, sadəcə, qalıcı deyillər", - deyə o bildirir və əlavə edir: "Məncə, əsas sual odur ki, bu xatirələri zamanla yaddaşımızın arxa qatlarına nə dərəcədə ötürürük. Onların çox tez itib-itmədiyi və üzərində düşünə biləcəyimiz bir növ şüurlu xatirəyə çevrilib-çevrilmədiyi də suallardan biridir" .

Xatirə həqiqi olmaya bilərmi?

Prof. Lovedey-in fikrincə, uşaqlıq amneziyası ilə bağlı anlayışımızı daha da mürəkkəbləşdirən amillərdən biri insanların ilk xatirələrinin həqiqətən real olub-olmadığını müəyyən etməyin "demək olar ki, mümkünsüz" olmasıdır. Məsələn, bəzilərimiz körpəykən yaşadığımız müəyyən bir hadisəni xatırlaya bilərik. Prof. Lovedey bildirir ki, belə xatirələrin real təcrübələrin həqiqi xatirələri olma ehtimalı azdır.

"Yaddaşla bağlı məsələ ondadır ki, o, həmişə bir növ yenidən qurmadır. Yəni biri sizə bir hadisəni danışarsa və siz də bu barədə kifayət qədər məlumata maliksinizsə, beyniniz bunu həqiqətən olmuş kimi hiss etdirən bir xatirəyə çevirə bilər", - o izah edir. 

bebeklerde-hafiza-gelisimi.jpg (79 KB)

"Ona görə də əslində baxdığımız şey şüurdur və şüur aşkar olunması çətin olan bir anlayışdır", - deyə o əlavə edir.

Prof. Turk-Browne isə düşünür ki, uşaqlıq amneziyası ətrafındakı sirr bizim kimliyimizlə bağlıdır:

"Bu bizim kim olduğumuzla əlaqəlidir", - o deyir .

"Və həyatımızın ilk bir neçə ilində bəzi şeyləri xatırlamadığımız bir 'kor nöqtə'mizin olması fikri, məncə, insanların özləri haqqında düşündüklərini həqiqətən sınağa çəkir".//Mənbə: BBC News Azərbaycanca

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR