İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici fondların ipi ilə quyuya enmək - Ya ipləri qırıq çıxacaq, ya da bəd ayaqda ipi atıb qaçacaqlar

Dünyanın hər tərəfini dolaşan bir siyasi lətifə var, məzmuni belədir: İki siyasətçinin biri o birindən soruşur ki, niyə əksər ölkələrdə ya dövlət çevrilişi, ya da “məxməri inqilablar” olur, amma ABŞ-da belə şeylər olmur.

O biri də cavab verir ki, çünki ABŞ yeganə ölkədir ki, orda ABŞ səfirliyi yoxdur.

Lətifədə həqiqət payı nə qədərdir, bunu çevrilişlər, inqilablar, siyasi kataklizmlər yaşayan ölkələrin informasiyalı dairələri daha dəqiq bilərlər, amma xalq arasında şüurlara hakim kəsilmiş qənaət belədir ki, ABŞ səfirlikləri hər zaman işlədikləri ölkələrin daxili işlərinə müdaxilə etməyə, özlərinə sərf edən siyasi qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdırlar.

PİNOC.jpg (49 KB)

Bu, uzun illərdir ki, belədir. Hələ 50-60 il öncə SSRİ ilə kəskin qarşıdurmada olduğu dövrlərdə ABŞ zəif dövlətləri, məşhur kompüter oyununda olduğu kimi, öz rənginə bağlaya-bağlaya gedirdi. Əgər bir ölkədə kommunistlər, sosialistlər güclənib hakimiyyətə gəlirdilərsə və ya gələ bilərdilərsə, ABŞ o ölkələrdə mütləq hərbi çevriliş təşkil edirdi. Məsələn, 1973-cü ilin 11 sentyabrında Pinoçetin kommunist Alyende hakimiyyətini silahla, qanla devirməsi belə olmuşdu.

evers.jpg (7 KB)

1980-ci ilin 12 sentyabrında Türkiyədə eneral Kənan Evrenin həyata keçirdiyi hərbi çevrilişin də iki hədəfindən biri “kommunist təhlükəsi”nin qarşısını almaq idi və xeyir-duası ABŞ-dan verilmişdi.

Ancaq SSRİ dağılandan, “soyuq müharibə” başa çatandan sonra ABŞ taktikanı dəyişdi, anladı ki, heç də bütün ölkələrə tankla, desantlarla girmək mümkün deyil, amma dollarla bütün ölkələrə girmək, sirayət etmək, rəğbət qrupları yaratmaq olar.

Məhz ondan sonra ABŞ öz dövlət siyasətinə dəstək verən fondlar, institutlar vasitəsilə hədəfə götürdüyü, nəyə görəsə maraq dairəsinə daxil etdiyi ölkələrdə mövcud olmağa başladı. Bundan ötrü həmin institut və fondların yerli mərkəzlərini formalaşdırdılar, onlar da böyük pullar hesabına ətraflarına dəstək qrupları yığdılar. Bu qurumlar müxtəlif mənasız layihələrin həyata keçirilməsinə ətək-ətək pullar xərcləyirdilər. Əslində hamı bilirdi ki, həyata keçirilən layihələrin çoxu gözdən pərdə asmaq üçündür, ciddi əhəmiyyətə malik deyil və ayrılan pullar layihə rəhbərlərini şəxsi ehtiyaclarına, maddi imkanlarının artmasına yönəlir. Lakin bu işlərin belə davam etməsi qrant verən fondlara, o cümlədən ABŞ dövlətinə sərf edirdi. Zaman gələndə onları hərəkətə gətirmək, onların əliylə qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün olurdu.

İstər keçmiş sosialist düşərgəsinə daxil olan dövlətlərdə, istərsə də postsovet ölkələrində baş verən “məxməri inqilablar”ın hərəkətverici qüvvəsi əsasən xarici fondlardan böyük məbləğdə qrant alan partiyalar, onların ətrafındakı qeyri-hökumt təşkilatları idi.

saak-qizi.jpg (9 KB)

2004-cü ildə Gürcüstanda Mixail Saakaşvili hakimiyyətə məhz xarici qüvvələrin dəstəyi ilə, "qızılgül inqilabı" adlandırılan silsilə etiraz aksiyalarının hesabına gəldi. O, öz ölkəsi üçün uğurlu fəaliyyət göstərsə də, arxa-dayağı ABŞ və Avropaydı. Elə buna görə də o, 2008-ci ildə onlara arxayın olub Rusiya ilə “qoç döyüşü”nə çıxdı, fəqət sona qədər müdafiə olunmadı.

narinci.jpg (133 KB)

Böyük dövlətlər, xarici fondlar 2005-ci ildə Ukraynada Viktor Yuşşenkonun "narıncı inqilab" vasitəsilə hakimiyyətə gəlməsində önəmli rol oynamışdılar, ancaq Yuşşenko zəif prezident olunca, onu yeni namizədlə əvəzləməli oldular və uzun aradan sonra Vladimir Zelenskinin personası üzərində dayandılar. Zelenski heç kəsin öncədən proqnozlaşdıra bilməyəcəyi şəkildə Ukrayna prezidenti seçildi.

2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi də həmin dövlətlərin və həmin fondların planlarının və qrantlarının nəticəsində mümkün oldu. Təsəvvür edin ki, adam II Qarabağ müharibəsini 44 günün içində rüsvayçılıqla uduzsa da, Ermənistanln kapitulyasiyasına imza atsa da, bir neçə aydan sonra keçirilən seçkilərdə yenidən qalib gəldi. Bu, dünya tarixində analoqu olmayan fenomenal hadisəydi.

pashinyan12-meq.jpg (48 KB)

Ancaq məsələnin mayasında o dururdu ki, Paşinyanın hakimiyyətə gətirən qüvvələr onun getməsiylə Rusiyanın yenidən Ermənistanı öz caynağına keçirməsinə razı ola bilməzdilər və olmadılar.

Bununla belə, hansı ölkələrdə ki, təhlükəsizlik orqanları ayıq-sayıq işləyirdilər, onlar “qrantverən fondlar”ın da, onlardan “qrantsoran təşkilatlar”ın da fəaliyyətini ciddi nəzarət altında saxlayır, tərpənməyə çalışarkən qollarının üstündən vurur, zərərsizləşdirirdilər. Elə ölkələrdə “məxməri inqilablar” ya rüşeymindəcə boğulur, ya da problem yaratmağa başlarkən tormozlanırdılar.

Rusiya o cür fondları öz daxilində qadağan edən ölkələrin başında gəlirdi.

Bir ara Azərbaycan hakimiyyəti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətini sərbəst buraxsa da, sonradan onları fəaliyyət dairəsini məhdudlaşdırmaq qərarı verdi, bəzi QHT-lər “milliləşdirildi”, bəzilərinin liderləri xarici ölkələrə köçməyə məcbur oldular, bəzilərinin isə “südü kəsildi”. Nəticədə sonuncular maliyyə axınını Gürcüstan üzərindən nağd şəkildə təmin etməyə çalışdılar, bu da bəzi “ekspeditorlar”a baha başa gəldi, həbs olundular.

National_Democratic_Institute.svg.png (66 KB)

Bu sırada bəzi müxalifyönlü gənclər də vardı. Onlar ABŞ-ın NDİ təşkilatı tərəfindən maliyyələşirdilər, ancaq hakimiyyət orqanları onların kütləviləşməsinin qarşısını aldı, gənclər bir neçə il həbsdə yatandan sonra azadlığa buraxıldılar və əvvəlki fəaliyyətlərini bərpa etmədilər. NDİ-nin ölkəmizdəki nümayəndəsinin Azərbaycanda siyasi həyatı dirçəlməyə ayrılmış 2 milyon dolları bu məqsədlərə xərcləməsinə dair faktlar açıqlanınca, onun ölkədən qovulması, NDİ-nin yerli bürosunun bağlanması gündəmə gəldi, hətta bu işə informasiya dəstəyi verən xarici radio və saytların da fəaliyyəti məhdudlaşdırıldı. Onlar hələ də dar dairə üçün mövcud olmaqda davam edirlər.

mirbas.jpg (660 KB)

Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyası yenidən ölkə gənclərini öz ətrafında təmərküzləşdirmək təşəbbüsü göstərir. Bu günlərdə missiyanın direktoru Maykl Nirbas tədbir keçirərək, gənclərin bu platformada (https://enezaret.az/) fəal iştirakının təqdirəlayiq olduğunu qeyd edib.

“İlan vuran ala çatıdan qorxar” deyiblər. Bundan əvvəl o cür missiyalar ölkəmizdə qrant-pul hesabına gəncləri öz ətraflarına toplayıb, çox və asan əldə olunan pula öyrəşdirib, sonra ifşa olunanda müdafiəsiz buraxıblar deyə, adam istər-istəməz narahat olur. Kimsə bu gənclərə deməlidir ki, inkişaf etmək, önə çıxmaq, öz həyatınızı istədiyiniz kimi qurmaq istəyirsinizsə, çox yaxşı, amma ABŞ institutlarının, fondlarının ipi ili quyuya enmək təhlükəlidir, ya ipləri qırıq çıxacaq, ya da özləri bərkə düşən kimi sizin asılı olduğunuz kəndirləri quynunun qırağına atıb qaçacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR