İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici diplomların tanınması üçün nə etməli - ekspertlərdən açıqlama

İlqar Orucov: “Bir çox prosesi əmək bazarı özü tənzimləyir”

Uzun illərdir ki, Azərbaycanda xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı problem var. Bəzi universitetlərin diplomları ölkəmizdə tanınmır.

Düzdür, burada obyektivlik var: xeyli vətəndaş xarici ölkələrdən saxta yolla diplom əldə edib. Ancaq bir çox şəxslər də var ki, onlar gerçəkdən xaricdə oxuyublar, normal təhsil alıblar, ancaq onların da diplomları tanınmır.

Qeyd edək ki, iki gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib.

Sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı bir sıra yenilikləri özündə əks etdirir.

Bu arada bəlli olub ki, yeni qayda təsdiqləndikdən sonra daha əvvəl diplomlarının tanınması ilə bağlı imtina almış şəxslər yenidən müraciət edə bilərlər.

Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, indiyə qədər təkrar müraciətlərə əsasən məhkəmə qərarlarına əsasən baxılırdı. Yeni qaydalar qüvvəyə mindikdən sonra isə bütün imtina almış vətəndaşların təkrar müraciət hüququ yaranıb.

İlqar Orucov AMEA barədə: son 6 il ərzində ciddi tənəzzülə uğramışdı -  30.12.2019, Sputnik Azərbaycan

İlqar Orucov

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a bildirdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” normativ baza baxımından əhəmiyyətlidir: “Önəmli məqamlardan biri budur ki, bir çox ixtisasların-hüquq, mühəndislik, müəllimlik üzrə təhsil alanlardan başqa digər ixtisaslar üzrə təhsil alanların biliklərinin yoxlanmasına dair heç bir tələb olmayacaq. Yalnız onların təhsil aldıqları ölkələrin ərazisində qalma müddəti, diplomun həqiqiliyi və ali təhsil müəssisəsinin hüquqi sənədlərinin olması yoxlanacaq və təhsil aldıqları ölkələrdə oxuduqları dil üzrə imtahanlar keçirilməyəcək. Hüquq, müəllimlik və mühəndislik ixtisasları üzrə DİM imtahanlarında iştirak etmək tələb olunur. Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Dəyişiklikləri nəzərdən keçirərək deyə bilərəm ki, təhsilalanın bacarığı, biliyi əmək bazarının tələbinə uyğunlaşırsa, bir çox prosesi əmək bazarı özü tənzimləyir”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması” Qaydalarının dəyişməsini müsbət dəyərləndirir və hesab edir ki, bu, insanların təhsil hüququnun təmin olunmasıdır: “Dəyişikliyə görə tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Eyni zamanda səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu, doğru addımdır. Elm və Təhsil Nazirliyi bunu yoxlaya bilməzdi. Həmçinin təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.

Ekspert qeyd etdi ki, müsbət məqamlardan biri də budur ki, xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. K.Əsədov kreditlərlə əlaqədar məsələyə də diqqət çəkdi:

“Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR