İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnternet istəmirik deyə telefon xəttimizi də kəsiblər”- Paytaxt sakinləri etiraz edir- FOTOLAR  

Nizami rayon “Məhsəti 4-6” ünvanında və yaxınlıqda yerləşən binalarda telefon xətləri işləmir.

Bu barədə Musavat.com-a Nizami rayonunda yaşayan sakinlər bildiriblər. Paytaxt sakini Oksana Lembikova bizimlə söhbətdə deyir ki, süründürməçiliklə üzləşib:

“Bir neçə ay əvvəl bizim binalarda internet üçün yeni kabel quraşdırıldı. İnternetə qoşulmayan evlərin telefon şəbəkəsini söndürdülər. Amma biz hər ay abunə haqqı (3 man. 50 qəpik) ödəyirik, telefonumuz isə hələ də işləmir. Bir neçə dəfə 3 saylı Rabitə Xidmətləri Mərkəzinə getdik. Mənimlə birgə eyni problemi yaşayan üç qonşuma da dedilər ki, internetə qoşulun, sonra telefon işləsin. Birincisi, internet çox bahadır, biz kasıb adamıq, istəmirik. Yalnız ev telefonu ilə danışsaq, bəsimizdir. Binamızda pensiyaçılar, əlillər var, təcili yardım çağırmaq lazım olsa necə edəcəyik, axı telefon işləmir. Bir də biz neçə aydır işləməyən telefon üçün niyə ödəniş etməliyik?! Hər dəfə də deyirlər, gözləyin, yandıracağıq. Amma üstündən xeyli müddət keçib, problemimiz həll olunmayıb”.

Musavat.com-un əməkdaşı olaraq sakinlərin şikayəti ilə bağlı 3 saylı Rabitə Xidmətləri Mərkəzinə getdik. Yaqub adlı (soy adını demək istəmədi) şöbə müdiri dedi ki, şikayətçilər “155 qaynar xətti”nə zəng vursunlar: “Abonent bizə rəsmi şikayət etməlidir, biz ona rəsmi cavab verməliyik. Rəsmi müraciət olunmayıbsa, necə cavab verə bilərik. Ola bilər ki, bizim orada avadanlığımız yoxdur, nə isə başqa bir problemimiz var. Ola bilər ki, bizim orada mis xəttimiz olmaz, optik kartımız ola bilər. Bununla əlaqədar olaraq deyə bilərik ki, internetə qoşulun, sizə pulsuz telefon xətti çəkək. Bunlar ola bilər. Bunun üçün abonentin rəsmi müraciəti olmalıdır, rəsmi də cavab veriləcək”.  

Qeyd edək ki, məsələ ilə bağlı “Az Telecom”un mətbuat xidmətinə də sorğu ilə müraciət edilib. Cavablandırıldığı halda yayımlayacağıq.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR