İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən gələn İT mütəxəssislərinə böyük güzəştlər: razı və narazılar var

Osman Gündüz: “Çox əhəmiyyətli addımdır” İT mütəxəssisi: “Yerli mütəxəssislərin ölkədən köçünə səbəb olacaq”

Rusiyanın Ukraynaya hücuma görə məruz qaldığı sanksiyalar bu ölkənin IT sektorunun fəaliyyətini iflic edib. Əsasən beynəlxalq şirkətlərlə işləyən İT mütəxəssisləri mart ayından etibarən kütləvi şəkildə Rusiyadan çıxmağa başlayıblar. Onların “böyük köçü” bu ilin sentyabrına qədər davam edib. Açıqlanan məlumatlardan aydın olur ki, Rusiyadan çıxan İT şirkətləri, fərdi mütəxəssislər əsasən Ermənistan, Gürcüstan, Özbəkistan kimi ölkələrə üz tutublar. Yalnız düşmən Ermənistana gedənlərin sayı 50 min nəfərə qədərdir.

Son vaxtlar açıqlanan məlumatlardan aydın olur ki, Azərbaycan hökuməti də Rusiyadan çıxmaq istəyən İT şirkətləri və mütəxəssisləri ölkəyə cəlb etmək üçün hərəkətə keçib. Belə ki, iki gün əvvəl Milli Məclisdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gələn Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. İKT sahəsində çalışanlara vergi güzəştlərinin tətbiqini nəzərdə tutan layihədə bir sıra mühüm müddəalar əksini tapır. Bundan əlavə,  “Telekommunikasiya haqqında” Qanuna da müvafiq dəyişikliklər edilir.

Milli Məclisin iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə əhalisinin 82 faizi internet istifadəçisidir: “Bu gün Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihələrini müzakirə etdik. Qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 01 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir”.

İKT sektoruna nəzərdə tutulan güzəştlər bunlardır:

Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq;

Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət(20 faiz) və gəlir(14 faiz) vergisindən tam azad edilir.

Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10 faiz) ləğv edilir.

Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər - 8000 manatadək 0 faiz, 8000 manatdan çox olan hissəsi 5 faiz (hazırda 14 faiz), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5 faizi həcmində ödəniləcək;

İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 man) miqdarından, ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.

Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq;

Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

T.Mirkişilinin sözlərinə görə, Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) mütəxəssislərinə tələbat təxminən 20 min nəfərə yaxındır. Bu baxımdan qəbul olunacaq qanun yeni mütəxəssislərin yetişdirilməsi, mütəxəssislərin ölkədə qalması və yaxud əcnəbi mütəxəssislərin cəlb edilməsi üçün geniş imkanlar yaradacaq: “Təklif edilən dəyişikliklər İKT sahəsində digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadi mühitini ən cəlbedici edəcəkdir. Hesab edirik ki, bu yeni mühit ölkəmizdə İKT sahibkarlığını inkişaf etdirəcək, İT mütəxəssislərin isə inkişafına dəstək olacaq”.

Komitə sədri onu da qeyd edib ki, hər il ölkədə 3,5 min İKT mütəxəssisi hazırlanır. Onların orta aylıq maaşı isə 1 200 manatdan çoxdur. Bundan başqa, deputatın sözlərinə görə, hazırda İKT sektoru Azərbaycanın ümumi daxil məhsulunda 1,8 faiz paya malikdir və hər il ölkədə 2,5 milyard manat dəyərində xidmət göstərilir və məhsul buraxılır.

Qeyd edək ki, dekabrın əvvəlində məlum olub ki, Rusiyadan Azərbaycana bir qrup İT mütəxəssis gəlib. Onların gəlişi Azərbaycan hökumətinin dəvəti ilə baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyevanın ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqladığı məlumata görə, Rusiyadan 300-dən çox İT mütəxəssisi Azərbaycana dəvət olunub. O bildirib ki, Rusiya-Ukrayna hadisələri başlayandan ölkəyə rusiyalı İT mütəxəssisləri cəlb edilib: “Onlar Azərbaycanda aktiv fəaliyyətə başlayıb. Hazırda Atletlər Kəndinin ərazisində şərait yaradılıb, oradakı evlər Rusiyadan gələn İT mütəxəssisləri üçün istifadə olunur”.

Agentliyin sədr müavini bildirib ki, 5 Rusiya şirkəti ilə danışıqlar aparılır və artıq onların 45 əməkdaşı Azərbaycana köçüb: “Bu şirkətdən biri rəsmi olaraq ölkədə nümayəndəlik açmaq niyyətindədir”.

Sahə mütəxəssislərinin davamlı tənqidlərindən sonra hökumətin hərəkətə keçməsi müsbət addım kimi qiymətləndirilir. Ancaq vergi güzəştləri məsələsində fərqli fikirlər də var. Məsələn, deputat Qüdrət Həsənquliyev bildirib ki, kütləvi şəkildə vergi güzəştlərinin tətbiqinin əleyhinədir. Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, çox qazanan daha çox vergi ödəyir, bizdə isə sanki bunun əks prosesi gedir. Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycanda vergilərdən azad olma ilə bağlı elə güzşətlər tətbiq olunur ki, büdcəyə çatmalı olan təqribən 7-8 milyard manat büdcədən kənarda qalır: “Özü də bu tendensiya davam edir. Onda büdcəyə kim pul verməlidir: 300-500 maaş alanlarmı?”

Q.Həsənquliyev qanun layihəsinə qarşı çıxıb: “Mən bunun əleyhinəyəm və həmkarlarımı da əleyhinə olmağa çağırıram. Təklif edirəm ki, ikinci oxunuşa qədər qanun layihəsi icra hakimiyyəti orqanları ilə müzakirə olunsun və yenidən müzakirəyə çıxarılsın”.

Rusiyalı “aytişniklərin” köçünün Azərbaycandan yan keçməsindən dəfələrlə narahatlığını bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hökumətin addımlarını müsbət hesab edir: ““İKT güzəştlər" paketi xeyli gecikmiş olsa da, çox əhəmiyyətli addımdır. Gələn ildən ölkəmizdə İT sektorda çalışan şirkətlər və mütəxəssislər, o cümlədən xarici vətəndaşlar ciddi güzəştlər əldə edəcəklər. Görünür ki , hökumət son illərdə ölkə daxilində İKT sektorda mövcud olan durğunluğu aradan qaldırmaq və sürətli inkişafa nail olmaq, həm də regionda baş verən relokasiyadan faydalanmaq istəyir. Təəssüf ki, regionda relokasiyanın ilkin mərhələsi artıq başa çatıb və müharibə bölgələrindən miqrasiya edən İT mütəxəssislərin çoxusu qonşu ölkələrdə məskunlaşıblar.

İstənilən halda, artıq bizdə də gələn ildən İT sektorda çalışmaq istəyən xaricilərdən iş icazəsi tələb olunmayacaq".

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Osman Gündüz

O.Gündüzün fikrincə, güzəştlərin tətbiqi Azərbaycanın İKT mühitini xeyli cəlbedici edəcək: “Yaxın perspektivdə İT biznes mühiti xeyli inkişaf edəcək. Güzəştlər yeni İT şirkətlərin formalaşmasını sürətləndirəcək. İKT sektorunda, xüsusilə də proqram təminatı sektorunda, İT kadr hazırlığı sahəsində ciddi inkişafı proqnozlaşdırmaq, bu sahədə eksportun artacağını gözləmək olar. Ümumiyyətlə isə bu güzəştlərlə yaxın bir neçə ilə Azərbaycanda ÜDM-də İKT-nin payı az da olsa yüksələcək.

Hazırda isə bu sahədə ölkəmizdə vəziyyət qonşu ölkələrlə müqayisədə xeyli geridədir. Beləliklə, hökumətin “İKT güzəştlər” paketi gecikmiş də olsa çox əhəmiyyətli addımdır, tez bir zamanda bu güzəştlərin tətbiqinə başlamaq, bu sahədə informasiyalı mühit formalaşdırmaq doğru olardı".

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatdan aydın olur ki, Ukraynada müharibə başlayandan sonra Rusiyadan Azərbaycana fiziki şəxslərin pulköçürmələrində 5 dəfəyə yaxın artım baş verib. Belə ki, bu ilin 9 ayında belə köçürmələrin həcmi ötən ilin eyni dövründəki 409 milyon 353 min dollara qarşı 2 milyard 267 milyon 336 min dollar təşkil edib. Mütəxəssislər hesab edirlər ki, bu artımın mühüm bir hissəsi məhz Azərbaycana gələn IT mütəxəssislərlə bağlıdır.

Onu da qeyd edək ki, yerli IT mütəxəssislər əcnəbilərə verilən güzəştlərdən heç də razı deyil. Bu sektorda çalışan şirkətlərdən birinin nümayəndəsi hesab edir ki, əcnəbi mütəxəssislərə iş icazəsinin lazım olmaması heç də yaxşı hal deyil: “IT sahəsi olduqca strateji sahədir və yerli kadrlara üstünlük verilməlidir. Halbuki bu dəyişiklik hesabına yerli kadrların ölkədən axını sürətlənəcək, şirkətlər kadr yetişdirmək yerinə, kənardan hazır kadrların cəlb olunmasında maraqlı olacaq. Ayrıca burada mütəxəssis meyarları dəqiq təyin ediməlidir. Hansı biliklərə, bacarıqlara sahib olanların İT mütəxəssis hesab olunacağı konkret kriteriyalarla müəyyənləşməlidir. Əks halda, güzəştlərdən reallıqda IT mütəxəssis olmayan, digər sahələrdə çalışanlar üçün də rahatlıqla istifadə olunacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR