İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndiyə girməsək , hələ çox oyunlardan çıxacaqlar” - partiya sədri

Üzeyir Cəfərov: “Azərbaycan masa araxasında daha qətiyyətli və sərt tələblər irəli sürməlidir”

“Bu planların arxasında məkrli niyyətin olduğuna şübhə etmirəm. Bütün baş verənlər onu deməyə əsas verir ki, bəzi güc sahibi olan dövlətlər son aylar Ermənistana və separatçı Qarabağ nümayəndələrinə çox yağlı vədlər veriblər. Arayikin dil çıxartması, Paşinyanın leksikonunda yenidən sülhə xidmət etməyən ifadələri işlətməsi onu deməyə əsas verir ki, yenə mənasız danışıqlar, yenə müzakirələr açmaq istəyən qüvvələrin bir məkrli və xain planları var və onlar həmin planın reallaşması üçün sadəcə vaxt uzatmaq istəyirlər”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Erməni milyarder Vardanyan ətrafında başlanan oyunlardan bəhs edən polkovnikin sözlərinə görə, bu gedişlə Azərbaycan üçün heç də xoş olmayan bir ssenari reallaşdırılmaqdadır: “İndi çox istərdim ki, 44 günlük savaşımızı son anda durduran güclər sözlərini desinlər”.

Amma Ü.Cəfərov bunu real saymır:

“Əvvala, o qüvvələr özləri çox pis siyasi-iqtisadi və hərbi durumdadırlar, ona görə də, çətin ki, onlar ağızlarını açıb separatçılara nə isə desinlər. Ona görə də baş verənlər çox ciddi hadisələrdir və ona elə-belə yanaşmaq düzgün olmaz. Dövriyəyə çox ciddi qüvvələr girib və ölkəmizin ziyanına ola biləcək məkrli planlar işə salınıb. Vardanyan məsələsi də sadəcə vaxt udmaq, sonradan Azərbaycanı Qarabağla bağlı fakt qarşısında qoymaq üçün atılan addımlardan biridir. Separatçıların başçısı Arayik Aratunyanla bağlı heç bir ciddi addım atmaq istəməyən qüvvələr, sadəcə vaxtı uzatmaqla tamam başqa məqsədlər güdürlər. Ona görə də, Azərbaycan masa araxasında daha qətiyyətli və sərt tələblər irəli sürməlidir. Vaxt isə hələlik o qədər də bizim xeyrimizə işləmir. Qəribə səslənsə də, Azərbaycanı çox mürəkkəb və yorucu bir oyuna salmaq mexanizmi işə salınıb”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Ermənistan əvvəl özünü arxa plana keçirməyə, “Dağlıq Qarabağ”dakı qondarma rejimi qabartmağa çalışırdı:

“Torpaqlarımız işğal altında olanda bunu “qalib” mövqeyindən edirdi ki, guya heç nədən xəbəri yoxdur, Dağlıq Qarabağın bir ovuc ermənisi Azərbaycanı diz çökdürüb, üstəlik özü üçün “təhlükəsizlik zolağı” da yaradıb. İndiki məğlub durumda isə həmin ərazilərə son “əl tutacaq yer” kimi baxır, gələcək planları üçün məkan kimi saxlamaq istəyir. Bu mənada Ermənistanın mövqeiyi Rusiyanın planları ilə üst-üstə düşür. Rusiya orada özü üçün “ehtiyat aerodrom” saxlamaq istəyir. ABŞ və Fransa isə ermənilərin səylərinə rəğbətlə yanaşır, kömək etməyə çalışır, “Minsk qrupu”, “status” kimi anaxronizmlərin tarixin zibilliyinə atılmasına imkan vermir. Son proseslər, o cümlədən Vardanyanın Xankəndinə göndərilməsi , Paşinyanın “Arsak məsələsi”ni ümumi prosesdən kənara qoyması , ABŞ və Fransa rəhbərlərinin onlara züy tutması qeyd etdiyimiz təhlükələrin göstəricisidir. Ermənistan rəhbərliyi , ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü dedikdə, “Arsakdankənar ərazi bütövlüyü”nü nəzərdə tutur. Bunu bilməli və uyğun nəticələr çıxarmalıyıq. Biz “Tam qələbə” modelindən çıxış edir və bu son nəticənin əldə olunması üçün “Xankəndi məsələsi”nin həlini, yəni Xankəndi , Xocalı , Əsgəran , Ağdərə və digər əraqzilərdə Azərbaycan hakimiyyətinin tam bərpa olunmasını nəzərdə tuturuq. Azərbaycan öz mövqeyini aydın şəkildə bildirib , “Xankəndi məsələsi”ndə heç kimlə , o cümlədən İrəvan, həmçinin Xankəndi tərəfdə olan quldur dəstələri ilə danışıqlar aparmayacağını bəyan edib. Azərbaycan bu mövqedə qalmalı, bu yoldan sapmalara imkan verməməlidir. Ən ısası isə odur ki , Azərbaycan ləngimədən yumşaq güc tətbiq etməklə Xankəndiyə daxil olmalıdır. Biz hakimiyyətdən bunu gözləyirik. Beləcə, Vardanyan olayı göstərdi ki, proqnozlar düz çıxır. Xankəndiyə girməsək, hələ çox oyunlardan çıxacaqlar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR