İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımını işləməyə qoymayan kişilərə cəza təklifi etiraz doğurdu

Deputatın təklifini ağlabatan saymayan ekspertlər çıxış yolu göstərdilər

“Həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər”. Bunu deputat Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermir. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əmək haqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.

Bəs qanun, konstitusiya nə deyir? Hər halda, qadın işləmədiyi, uşaqlara baxdığı dövrdə ailənin əziyyətini onun başçısı - kişi çəkir. Bu təklif qanuniləşə bilərmi? Azərbaycan ailəsində ana-qadının işləməsi niyə bəyənilmir?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

İşçi hüquqlarının müdafiəçisi, ekspert Sahib Məmmədovun fikrincə, ilk növbədə qadınların işləməməsinin səbəbini aydınlaşdırmağın mexanizmi müəyyən olunmalıdır: “Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statistikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunların da çoxu qadındır. İndi DSMF hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçün heç məşğulluq orqanlarında qeydiyyata da durmayıb. Fikrimcə, bir yol qalır. Gərək qadın məhkəmə qaydasında iddia qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın məncə, onun ”işləmə" qadağasını da ləğv etdirə bilər".

O bildirib ki, xanımın tələbi həyat yoldaşının gələcəkdə əmək pensiyası almasına da mənfi təsir edə bilər: “Digər problem: hətta qadın məhkəmə yolu ilə sübut etsə ki, onu işləməyə əri qoymayıb və bu halda kişinin yığım kapitalı iki hissəyə bölünsə, onda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına qədər minimum həddə (bu ildən 46080 manatdır) çatmayacaq və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən halda eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir?

Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək. “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa, ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasından azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər".

Ekspert hesab edir ki, nikahın pozulması halında da problemlər qaçılmaz olacaq: “Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, amma xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?”

Üzeyir Şəfiyev: Azərbaycanda gender problemi yoxdur

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deputatın təklifinin ağlabatan olmadığını və real təşəbbüs kimi görünmədiyini bildirib: “Azərbaycanda qadınların məşğulluğu istiqamətində xeyli işlər görülüb. Ölkədə həmkarlar ittifaqlarına üzv olanların 52%-i qadınlardır. Bu baxımdan, ”kişilər qadınların işləməsinə mane olur" kimi ümumi yanaşma mövcud deyil. Qadınlar kişilərlə bərabər hüquqlara malikdir və bu hüquqlar Azərbaycan Konstitusiyası ilə qorunur. Əgər qadın kişi tərəfindən hər hansı zorakılığa - istər iqtisadi, istərsə də psixoloji təzyiqə məruz qalırsa və onun işləməsinə icazə verilmir, bu, iqtisadi zorakılıqdır və məişət zorakılığı fonunda qiymətləndirilməlidir.

Deputatın təklifinə gəldikdə, kişi qadının işləməsinə mane olursa, onun maaşının bir hissəsinin qadının pensiya fonduna köçürülməsi məntiqli fikir deyil. Bunun əvəzinə, evdar qadınların uşaqları böyütmə dövrünün əmək stajı kimi hesablanması daha məqsədəuyğun olar. Çünki qadınlar yalnız öz ailələri üçün deyil, ümumilikdə cəmiyyət üçün övlad yetişdirirlər. İkinci təklifim isə budur ki, evdar qadınlar üçün Əmək Nazirliyi səviyyəsində frilanser (sərbəst iş) və onlayn iş yerləri yaradılsın, eləcə də əmək yarmarkaları təşkil olunsun. Bu yolla qadınlar evdən çıxmadan da əmək fəaliyyətini davam etdirə bilərlər".

Sosioloqun sözlərinə görə, kişilərin qadınları işləməyə qoymaması çox nadir hallarda baş verir: “Bu, geniş yayılmış bir tendensiya deyil. Təbii ki, bəzən sivil cəmiyyətlərdə belə hallar ola bilər, amma bu hallar fərdi xarakter daşıyır. Qadınlar bəzən evdə uşaqların tərbiyəsi və qidalanması ilə məşğul olduqlarına görə işləyə bilmirlər. Bununla yanaşı, azyaşlı övladı olan qadınların əmək hüquqları Azərbaycanda yüksək səviyyədə təmin olunur. Qanunvericiliyə əsasən, belə qadınlara bir sıra güzəştlər tətbiq edilir, hətta erkən pensiyaya çıxmaq hüquqları da var”.

Sosioloq əlavə edib ki, ailənin vahid büdcəsi anlayışı mövcuddur: “Kişinin maaşından qadına vəsait ayrılarsa, ailənin ümumi gəliri artmır, sadəcə yerində sayır. Bu səbəbdən də belə təkliflər praktiki baxımdan səmərəli deyil”.

Novella Cəfəroğlu — Vikipediya

 Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Yeni Müsavat”a açıqlamasında deputatın təklifini qanunsuz hesab etdiyini bildirib: “Fikrimcə, deputatın bu təklifi qanunsuz olacaq. Qadının pensiya fonduna vəsait köçürmək üçün kişinin maaşından bir hissənin çıxılması ailənin ümumi gəlirinə mənfi təsir edəcək. Belə olan halda qadının ailəsinə yetərincə pul daxil olmayacaq, çünki kişinin məvacibindən çıxılan məbləğ ailənin ümumi büdcəsindən götürüləcək. Mən hesab edirəm ki, qadınlar üçün evdən işləmək imkanı yaratmaq daha məqsədəuyğun olardı. Məsələn, evdə işləyə biləcəkləri iş yerlərinin yaradılması bu problemi qismən həll edə bilər. Bu, həm qadınların iqtisadi cəhətdən fəal olmasına, həm də ailə qayğılarını yerinə yetirməsinə şərait yaradar.

İkinci məsələ isə işləməyən və çoxuşaqlı anaların sosial müdafiəsidir. Ailədə üç və ya daha çox uşağı olan qadınların pensiyasını artırmaq lazımdır. Çünki çoxuşaqlı analar üçün uşaqlara baxmaq, onların tərbiyəsi ilə məşğul olmaq kifayət qədər çətindir. Bu səbəbdən də həmin qadınların sosial təminatını gücləndirmək önəmlidir. Bundan əlavə, gənc evdar qadınlara dəstək məqsədilə xüsusi proqramlar hazırlanmalıdır. Bu proqramlar çərçivəsində qadınlara evdən işləmək yolları öyrədilməli, məsələn, fabriklərlə müqavilələr bağlamaq, evdə yataq dəstləri tikib satmaq kimi iş imkanları təklif edilməlidir.

Ancaq kişinin maaşından bir hissənin çıxılması ilə qadının pensiyasını artırmaq düzgün yanaşma deyil. Çünki bu, ailənin ümumi büdcəsinə zərər vurur və praktik həll yolu hesab edilə bilməz. Qadınların məşğulluğunu artırmaq və onların layiqli pensiya almasını təmin etmək üçün daha effektiv və məqsədyönlü addımlar atılmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR