İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xalq diplomatiyası” gündəmdə - Bakıdan kimlər gedir?

QHT təmsilçiləri deyir ki...

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Qeyd edək ki, ümumi adı “xalq diplomatiyası” olan bu cür görüşlərin sonuncusu 2021-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə baş tutmuşdu. Azərbaycan və Ermənistanın siyasi ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələri  Gürcüstanın Kaçreti bölgəsində görüşmüşdülər. Görüşdə Azərbaycan tərəfdən Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Ermənistan tərəfdən isə siyasi ekspert  Stepan Qriqoryan,  akademik Aleksandr Manasyan və digərləri  iştirak etmişdilər. Bundan əvvəl də bu cür görüşlər olsa da, xüsusilə Azərbaycan cəmiyyətində birmənalı münasibət olmayıb. Torpaqlarımızın işğal vaxtında bu cür görüşlərin əhəmiyyətsiz olduğu vurğulanıb. İndi isə situasiya tamamilə dəyişib.

Bakupost.az - Rusiya daha ciddi qarşıdurmalara hazırlaşır - Sahib Məmmədov

Sahib Məmmədov

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın torpaqları işğal altında olanda bir sıra beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistanın vətəndaş cəmiyyəti institutları təmsilçilərinin “xalq diplomatiyası” adı ilə görüşlərini təşkil edirdilər, bu ad altında müxtəlif layihələr həyata keçirilirdi. O zamankı situasiyada “xalq diplomatiyası” yanlış idi: “Mən söyləmişdim ki, belə addımlar ancaq işğala son qoyulduqdan sonra ola bilər ki, xalqları barışdırsınlar və onların birgə yaşayışına töhfə versinlər. Artıq Azərbaycan dövləti ərazilərini işğaldan azad edib. Ona görə də indi "xalq diplomatiyası"nın-vətəndaş cəmiyyəti təmsilçilərinin görüşlərinin məqamıdır. Azərbaycanın Qarabağ ərazisində ermənilər yaşayan bölgədə vətəndaş cəmiyyəti təmsilçiləri var. Onlar “hökumət” strukturu deyillər. O baxımdan da əgər gələcəkdə onlarla  hansısa görüşlərin keçirilməsi təşəbbüsü olarsa, iştirak etmək lazımdır. Elə məsələlər var ki, onu vətəndaş cəmiyyətinin özü həll etməlidir. O baxımdan da belə təmaslara normal baxıram".

Çingiz Qənizadə: "İstəyimiz budur ki, bölgədə sülh, əmin-amanlıq olsun"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, 25 sentyabrda Xocalıda keçirilən görüşdə təklif edilən variantlardan biri də Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri ilə Azərbaycanın ictimai fəallarının görüşlərinin Bakıda və ya ölkəmizin digər şəhərlərində keçirilməsi təklifi olub. Buna ehtiyac olub-olmadığı məsələsi iki gündür müzakirəyə çevrilib: “Torpaqlarımız işğaldan azad edilməmişdən öncəki illərdə "xalq diplomatiyası" adı altında Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər olmuşdu. Hər görüşdən öncə biz bəyan edirdik ki, belə görüşlərin nəticələri uğursuz olacaq. Dediyimiz kimi də olurdu. Ona görə ki, erməni vətəndaş cəmiyyəti təmsilçiləri də həyasız və aqressiv formada Qarabağın Ermənistan olduğunu bəyan edirdilər. Belə vəziyyətdə isə hər hansı görüşün mənası yox idi. Bizə yuxarıdan aşağı baxmaqla məğlub tərəf kimi aşağılamağa çalışırdılar. Ermənilər, sadəcə, beynəlxalq ictimaiyyəti aldatmaq, imitasiya üçün bu cür görüşlərə qatılırdılar. Mən işğal dövründə bir erməni ilə də təmasda olmadım. Təkliflər olub ki, təmasda olaq. Mən imtina etmişəm. Amma indi qalib bizik-torpaqlarımız azad olunub. Ona görə də artıq istər Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri, istər Qarabağda yaşayan ermənilərin vətəndaş cəmiyyəti nümayəndələri ilə təmaslar qurula bilər. Onlar Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, onlarla görüşlər mümkündür. Ona görə də mənə təklif olarsa, bu cür görüşdə iştirak edə bilərəm. Reinteqrasiya üçün bu cür görüşlərin faydası olar. Biz onların uzun illər korlanmış və bizə düşmənçiliyə köklənmiş beyinlərini yavaş-yavaş təmizləməliyik. Ermənilərdən kimlər 1988-ci ilə qədər Qarabağda yaşayıblarsa, həmin şəxslərin və onların övladlarının qalıb yaşaması Azərbaycan dövlətinin marağındadır".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR