Onlayn ictimai-siyasi qəzet
Aprelin 3-4-də Səmərqənddə keçirilən birinci Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Aİ liderləri, habelə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan prezidentləri iştirak ediblər. Sammitin yekununda 20 bənddən ibarət Birgə Bəyannamə təsdiq edilib. Bəyannamənin 4-cü bəndində BMT Təhlükəsizlik Şurasının 1984-cü il tarixli 550 saylı qətnaməsinə qəti sadiq olduqlarını təsdiqləyirlər. Həmin qətnamə Kipr türklərini “qanunsuz separatçı fəaliyyətlərini” pisləyir və BMT-yə üzv dövlətləri Şimali Kipr Türk Respublikasını tanımamağa çağırır.
Qeyd edək ki, Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.
Musavat.com xəbər verir ki, bu qərarla bağlı “Regnum” geniş məqalə dərc edib. “Regnum” ermənilərə yaxınlığı faktdır, amma məqalədə diqqətçəkən məqamlar var.
“Mərkəzi Asiya ölkələrinin özləri də bu qalmaqala heç bir reaksiya vermədiyindən, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan liderlərinin yekun bəyannaməni diqqətlə oxumadıqlarını güman etmək olar. Bu formatda yüksək səviyyəli görüşlər artıq üçüncü dəfədir ki, keçirilir. Əvvəlkilər 2022-2023-cü illərdə Qazaxıstanın Astana və Qırğızıstanın Çolpon-Ata şəhərlərində keçirilib. İlk baxışdan bu görüşün niyə “birinci” kimi təyin edildiyi və Avropa tərəfinin nəyə görə ona xüsusi önəm verdiyi aydın deyil. Üstəlik, hadisələrin bütün ritorik və deklarativ hissəsi tam olaraq təkrarlanıb” deyə, məqalədə bildirilir.
“Regnum” yazır ki, Fransanın mövqeyi, şübhəsiz ki, yekun bəyannamənin mətnində əhəmiyyətli olub. “Son illərdə Avropa İttifaqı adından bütün xarici siyasət fəaliyyətlərində ton təyin edən məhz Fransadır. Fransa da Şimali Kipr Türk Cümhuriyyətini(ŞKTC) tanımır. 1983-cü ildə Fransa BMT Təhlükəsizlik Şurasının ŞKTC-nin müstəqillik elanını hüquqi cəhətdən etibarsız elan edən 541 saylı qətnaməsini dəstəkləyib. 2021-ci ildə Fransa prezidenti Emmanuel Makron Ərdoğanın Kipr probleminin iki dövlət əsasında həlli ilə bağlı çağırışlarını pisləyərək onları “təxribat” adlandırmışdı.
2024-cü ilin dekabrında Fransa ilə Yunan Kipr administrasiyası arasında 2017-ci ildə imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Pafos hərbi bazasında yerləşdirilən fransız hərbi təyyarəsi ŞKTC-nin hava məkanını pozaraq Şimali Kipr hakimiyyətinin etirazına səbəb olub. Bu hərəkətlər Fransanın Kiprin birliyini dəstəkləmək və ŞKTC-ni tanımamaq kimi ənənəvi mövqeyini əks etdirir”.
“Əminliklə güman etmək olar ki, Səmərqənddə keçirilən sammitin bəyannaməsinin 4-cü bəndinin tezisləri Fransa tərəfindən daxil edilib”deyə, məqalədə bildirilir. “Son bir neçə ildə Paris bu regionda həm diplomatik, həm də iqtisadi ölçülərdə təsirinin əhəmiyyətli dərəcədə artmasına nail olub.Fransa həm Moskvaya, həm də Ankaraya zidd olaraq Mərkəzi Asiyada öz strategiyasını həyata keçirir və onun uğurları regiondakı bir çox ənənəvi oyunçular üçün sürpriz oldu. Ötən ilin noyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Parisə dövlət səfəri edib. Bu yaxınlarda fransızlar Özbəkistan prezidenti Şavkat Mirziyoyevi dövlət səfərində qəbul ediblər. Və bu yaxınlarda Makronun Qırğızıstana səfəri açıqlandı” deyə, məqalədə bildirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev ADA-da keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.
"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib.
Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".
Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib.
Aydın görünür ki, Makron bu cür xainliklə həm türk birliyinə xələl gətirmək istəyib. Makron öz ağlınca ŞTKK-nin tanınmasına, eləcə də Fransanın işğalı altında olan dənizaşırı ərazilərə diplomatik dəstək verən Bakıya “dərs vermək” istəyib...
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ