Onlayn ictimai-siyasi qəzet
İqtisadçı Qərblə ticarət dövriyyəsinin həcminin artımını bir neçə amillə əlaqələndirib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 milyon 189 min 623 ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, illik müqayisədə 35,5% çoxdur. Dörd ayda Azərbaycandan Aİ ölkələrinə 6 234 280 ABŞ dolları dəyərində məhsul ixrac edilib (illiklə müqayisədə 38% çoxdur). Həmin dövrdə Aİ ölkələrindən Azərbaycana məhsul idxalı 787,6 min ABŞ dolları (illik əvvəlki ilə müqayisədə 21,3% çox) təşkil edib.
Göründüyü kimi, Azərbaycanın enerji sektorundan asılılığını azaltmaq və qeyri-neft sektorunun inkişafını sürətləndirmək istiqamətində atdığı addımlar öz töhfəsini verir. Azərbaycanın Aİ ölkələrinə ixrac edilən məhsulların həcmini artırması, xüsusilə qeyri-neft məhsullarının daha çox paya sahib olması ticarət dövriyyəsinin artımına gətirib çıxarıb. Aİ-nin Azərbaycanla olan ticarət münasibətlərinin yaxşılaşdırılması, regional əməkdaşlıq və müxtəlif sərmayə layihələri ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Xüsusilə Aİ-nin enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla daha sıx əməkdaşlıq etməsi, Azərbaycan qazı və digər enerji resurslarının ixracını artırır. Mütəmadi olaraq yeni iqtisadi və ticarət sazişlərinin imzalanması da bu artıma müsbət təsir göstərən amillərdəndir. Sazişlər, gömrük və ticarət prosedurlarının sadələşdirilməsi, ticarət tariflərinin azaldılması və məhsul ixracının daha sərbəstləşdirilməsi kimi məsələlər ticari münasibətləri daha da genişləndirir. Azərbaycanın həmçinin tranzit ölkə kimi potensialı artır ki, bununla bağlı ticarət əlaqələri genişlənir. Eyni zamanda Azərbaycanla Aİ ölkələri arasında olan əlaqələrdə nəqliyyat və logistika infrastrukturu mühüm rol oynayır. Bu, xüsusilə “Bir kəmər-bir yol” təşəbbüsü ilə əlaqəli olaraq, ticarətin asanlaşdırılmasına imkan verir. Azərbaycanın iqtisadiyyatına Avropadan daha çox sərmayə gəlməsi, həmçinin texnologiya və innovasiya sahəsində əməkdaşlığın artması, ticarət həcmini artıran faktorlardır. Avropanın inkişaf etmiş texnologiyaları və Azərbaycanla texnoloji sahədə əməkdaşlığı, yeni məhsul və xidmətlərin yaranmasına gətirib çıxarır.
Ticarət dövriyyəsinin artımının davamlı olması isə bir neçə amildən asılıdır. Bu, ilk növbədə Aİ-nin enerji ehtiyacları, xüsusilə Azərbaycanın təbii qaz və digər enerji resursları ilə bağlı işbirliyini inkişaf etdirməsindən asılıdır. Lakin enerji bazarlarında baş verən dəyişikliklər Azərbaycanın ixracına təsir edə bilər. İkinci tərəfdən, Azərbaycan qeyri-neft sektoru üzrə daha çox məhsul ixrac etməyə davam edərsə, bu da müsbət dinamikanın davam etməsinə kömək edə bilər. Bu sahələrdə investisiyalar və texnoloji inkişafların dəstəklənməsi əhəmiyyətlidir.
İqtisadçı Eyyub Kərimli “Yeni Müsavat”a şərhində bu artımı bir neçə amillə əlaqələndirib. İqtisadçının fikrincə, Azərbaycanın Aİ ilə iqtisadi əlaqələri genişlənib: “Əsasən enerjidaşıyıcıları sahəsində əlaqələr kifayət qədər genişlənib. İkinci amil isə Avropa İttifaqının Rusiyadan neft-qaz asılılığını azaltmaq üçün Azərbaycanla təchizatın genişləndirilməsində maraqlı olmasıdır. Digər tərəfdən, Azərbaycanın yaşıl enerji ixracatı artmaqdadır. Bu da artıma təsir göstərən amillərdən biridir. O cümlədən ölkəmizin qeyri-neft sektorunda müəyyən inkişaf müşahidə olunur, qeyri-neft məhsullarının Aİ ilə mübadiləsi genişlənib ki, bu sahədə də artım müşahidə olunur. Bu da qarşılıqlı ikitərəfli, xarici iqtisadi ticarət dövriyyəsinin artmasına öz təsirlərini göstərir. Hesab edirəm ki, bu artım həm də dayanıqlılığı təmin edəcək və gələcək perspektivlər yüksək olacaq. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin nəqliyyat-logistika sahəsində infrastrukturu yaxşılaşdırması və yükdaşımanı artırması da iqtisadi göstəricilərə öz təsirini göstərir. Belə ki, bu sahədə geniş həcmdə investisiya yatırılıb, imkanlar genişləndirilib. Həm dəniz, həm də dəmiryolu ilə daşınan yükün həcmi, o cümlədən Orta dəhlizin buraxılış imkanları artıb. Orta dəhliz vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımanın həcmi daha da artıb. Bütün bu amillər Aİ ilə Azərbaycan arasında olan ticarət dövriyyəsinin həcminin artmasına müsbət təsir göstərib. Artım imkanları daha da genişlənəcək”.
Qeyd edək ki, bu dövr ərzində 53 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 45,1 milyon dəyərində pambıq, 24,4 milyon dəyərində elektrik enerjisi və 18,4 milyon dəyərində qara metal və ondan hazırlanan məmulatlar ixrac olunub. Cari ilin I rübü ərzində ixrac olunan qeyri-neft-qaz məhsullarının 30,17 faizi şimal qonşumuz Rusiyanın payına düşüb. Bu ixracın həcmi 232,9 milyon dollar təşkil edib. İkinci sırada 134,3 milyon dollar həcmində ixrac ilə qardaş ölkə Türkiyə yer alıb. Türkiyəyə olan ixrac həcmi ümumi qeyri-neft-qaz məhsulları üzrə ixracın 17,4 faizini təşkil edib.
İlk üçlüyü 10,45 faizlik pay ilə digər qonşumuz Gürcüstan tamamlayıb. Cari ilin I rübündə Azərbaycandan Gürcüstana 80,6 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub.
Qeyd edək ki, cari ilin I rübündə 91 ölkəyə qeyri-neft-qaz məhsulları ixrac olunub. Azərbaycan və Gürcüstanın Dövlət Statistika Komitələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatlar əsasında aparılan təhlil göstərir ki, Azərbaycan ölkə mənşəli qeyri-neft-qaz məhsullarının ixracı üzrə Gürcüstanı geridə qoyub.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ