İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Hindistanın Azərbaycana qarşı aqressiv siyasətinə SƏRT REAKSİYA

Milli Məclisin deputatı Azay Quliyev son günlər Hindistanın Türkiyə və Azərbaycana qarşı sərgilədiyi aqressiv ritorikasına, iqtisadi boykot, turist səfərlərinin ləğvi, xam neft alışının dayandırılması ilə bağlı çağırışlarına və bu istiqamətdə yaşanan gərginliyə münasibət bildirib.

Musavat.com xəbər verir ki, A.Quliyev bütün bu aqressiv davranışları Azərbaycanın və Türkiyənin Pakistanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəkləməsi və bu üç ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri ilə əlaqələndirib:

“Əvvəla, vurğulamaq istəyirəm ki, Hindistanın bu cür hərəkətləri Azərbaycan–Türkiyə–Pakistan müttəfiqliyinə heç bir təsir göstərə bilməz. Bu gerçəklik bir daha 28 may tarixində Laçında keçirilən üçtərəfli Zirvə görüşündə təsdiq olundu.

İkincisi, bu, elə həmin Hindistandır ki, 2020-ci ildən etibarən 44 günlük Vətən müharibəsində məğlub olmuş təcavüzkar Ermənistanı sürətlə silahlandırmağa başlayıb. Hazırda Hindistan Ermənistanla 770 milyon ABŞ dolları dəyərində silah müqaviləsini reallaşdırır və Ermənistan Hindistanın “Akash” zenit-raket kompleksini alan ilk ölkə olacaq. Bu addımlar açıq şəkildə Azərbaycanın milli təhlükəsizliyinə yönəlib və regionda, xüsusilə Cənubi Qafqazda yeni münaqişə riskini artırır.

Hamı bilməlidir ki, Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən, onu silahlandıran və revanşist meylləri stimullaşdıran istənilən ölkə bizim üçün Ermənistanla eyni səviyyədə qəbul olunur. Belə ölkələr Ermənistanın törətdiyi cinayətlərə və hərbi təxribatlara şərik sayılır.

Üçüncüsü, iqtisadi boykot çağırışları ilk növbədə Hindistan öz maraqlarına zərbə vurmuş olur. Sadə riyazi müqayisə bunu açıq şəkildə göstərir: 2023-cü ildə Hindistanın Türkiyə ilə ticarət dövriyyəsi 11,3 milyard dollar, Azərbaycanla isə 1,5 milyard dollara yaxın olub.

Halbuki, Ermənistanla bu göstərici cəmi 350 milyon dollar civarındadır. Təkcə, Türkiyəyə Hindistanın ixracı 8 milyard dolları keçib”.

Deputat Azərbaycandan neft idxalını dayandırmaqla bağlı səslənən çağırışları belə şərh edib:

“Onlar unutmamalıdırlar ki, onsuz da Azərbaycan neftinə qlobal bazarda tələbat yüksəkdir. Əgər Hindistan bu alışdan imtina edərsə, başda Almaniya olmaqla Avropa ölkələri Azərbaycan neftini daha yüksək qiymətlərlə almağa hazırdır.

Eyni məntiq turizm sahəsinə də aiddir. Hind turistlər əgər gəlməzsə, onların yerini asanlıqla çinli turistlər tuta bilər. Bu, xüsusilə keçən həftə Azərbaycanla Çin arasında vizaların qarşılıqlı ləğvi barədə razılaşma təsdiq olunduqdan sonra daha real görünür.

Hindistanda ölkəmizə qarşı çağırış edən dairələr unutmasınlar ki, Hindistan–İran–Rusiya arasında imzalanmış Şimal-Cənub nəqliyyat dəhlizi məhz Azərbaycanın ərazisindən keçir. Hindistanın Azərbaycana yönəlik aqressiv siyasəti davam edərsə, bu, Yeni Dehlinin şimal-cənub dəhlizinin ölkəmizdən keçən hissəsindən istifadə etmək imkanlarını sual altına qoya bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR