İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri Prezidentin xəbərdarlığını xatırlatdı: “Elə etməliyik ki...”

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Komitə sədri bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və illik hesabat Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub:

“Büdcə qanunvericiliyinə əsasən, Hesablama Palatasının müvafiq rəyi də təqdim edilib. Komitə çərçivəsində məhsuldar büdcə müzakirələrinə yüksək səviyyədə şərait yaradılmasına görə hörmətli xanım Sədr, sizə təşəkkürümüzü bildiririk!

Bu, parlamentin bir tərəfdən hökumətlə, onun iqtisadi bloku ilə işgüzar əməkdaşlığa böyük önəm verməsini, digər tərəfdən də Milli Məclisin büdcə məsələlərinə özünün əsas mandatı kimi xüsusi əhəmiyyət verdiyini göstərir.

Təqdim edilmiş qanun layihəsi və illik hesabat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadi bloku təmsil edən dövlət orqanlarırəhbərlərinin və nümayəndələrinin geniş tərkibdə iştirakı ilə səmərəli və konstruktiv müzakirə olunub. Komitə üzvləri tərəfindən büdcə siyasətinə dair vacib məsələlər qaldırılmış, dəyərli təkliflər səsləndirilmişddir.

Eyni zamanda Hesablama Palatasının büdcə dəyərləndirilməsinə dair çıxardığı nəticələri və irəli sürdüyü tövsiyələri də praktiki baxımdan faydalı hesab edirik”.

Azər Əmiraslanov əlavə edib ki, qaldırılan bütün məsələlərlə bağlı maliyyə naziri Sahil Babayev tərəfindən geniş şərhlər verilib, suallar ətraflı cavablandırılıb:

“Aparılmış müzakirələrin və təhlillərin nəticələri 2024-cü ilin büdcəsini ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə etməyə imkan verir.

Ötən ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin, irəli sürdüyü strateji təşəbbüslərin həyata keçirilməsi, dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı maliyyə təminatı yaradıb”.

Komitə sədri Prezidentin müxtəlif illərdə dövlət büdcəsi ilə bağlı səsləndirdiyi mühüm tezislərdən bir neçəsini xatırladıb:

“Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır...”; “Şəffaflıq tam şəkildə təmin edilməlidir...”; “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir....”; “İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir...” ; “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına malyyələşdirilməlidir...”

Azər Əmiraslanov bildirib ki, ölkə başçısının konseptual xarakterli bu fikirləri dövlət maliyyəsinin və büdcə siyasətinin hədəf və prinsiplərini çox aydın şəkildə əks etdirir.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR