Onlayn ictimai-siyasi qəzet
Karol Navrotskinin Polşa prezidenti seçilməsini Avropada həm gözlənilməz, həm də gözlənilən sayırlar.
6 ay əvvələ qədər geniş publika onu o qədər də yaxşı tanımırdı. Çünki Navrotski prezidentliyə mümkün namizədlərin sırasında deyildi.
Hətta o, namizəd olandan sonra da bütün seçki kampaniyası ərzində seçkinin favoriti Varşava meri Rafal Tşaskovski idi. Ancaq ilk turda Polşanın “milli yönümlü” partiyalarından olan üç namizəd toplamda 50%-dən çox səs alanda Navrotskinin önündə yaşıl işıq yandı. İkinci tura keçdiyindən o, milli qüvvələrin səsini cəmləşdirdi.
Ekspertlər hesab edirlər ki, Tşaskovskinin liberal dəyərlərin təbliğatından əl çəkərək orta sağçı seçiciləri cəlb etmək cəhdləri səhv strategiya olub. Çünki o, nəinki cəmiyyətin bu hissəsinin rəğbətini qazana bilməyib, həm də ikinci turda ciddi səfərbərlik nümayiş etdirməyən “Vətəndaş platforması”nın ənənəvi elektoratını məyus edib. Varşava merinin uğursuzluğunun səbəbləri sırasında daha çox siyasi xarizmasının olmaması, şəxsi səhvləri və qərargahının səmərəsiz işləməsi də göstərilir.
Navrotskinin qələbəsi həm də onu göstərdi ki, müasir dövrdə əlində ciddi media resursları cəmləşdirmək və rəqiblərə qarşı şiddətli “qara piar” kampaniyası aparmaq qələbə qazanmağa bəs etmir, əksinə, bəzən əks-effekt verir.
Yarım il əvvəl polyakların mütləq əksəriyyətinin tanımadığı və heç bir siyasi karyerası olmayan Navrotskini ictimaiyyətə məhz rəqibləri tanıdıb. Son həftələrdəki seçki kampaniyası birmənalı olaraq Navrotskinin xeyrinə olmayıb. Tşaskovskinin komandasında olan siyasi strateqlər və media onun tərcümeyi-halı ilə bağlı xoşagəlməz faktları açıqlayıb, onun kriminal aləmlə və futbol xuliqanları ilə yaxından əlaqəsinə dair materiallar yayıblar. Mediada Navrotskinin ciddi nikotin asılılığından əziyyət çəkən və dələduzluq yolu ilə daşınmaz əmlak əldə edən qanqster obrazı yaradılıb. Maraqlıdır ki, Navrotskinin seçki qərargahı siyasi opponentlər tərəfindən irəli sürülən bu ittihamlara cavab verə, onları təkzib edə bilməyib.
Bununla belə, prezident seçilən də məhz Navrotski olub. Bu, bir az da 2024-ci ilin əvvəlindən noyabrına qədər barəsində cinayət işləri qaldırılan, məhkəmələrə çəkilən, mediada rüsvay edilən Donald Trampın sonda ABŞ prezidenti seçilməsini xatırladır.
Qəribədir, ortaya bu qədər ifşaedici və gerçək faktlar qoyulduğu halda seçicilər nədən radikal fikirli, kriminal keçmişli siyasi şəxslərə səs verirlər?
Bunun bir çox səbəbləri ola bilər. Ancaq biri dəqiq budur: seçicilər total antitəbliğatla üzləşən namizədin sevmədikləri korrupsioner oliqarxiyanın təmsilçisi olmadığına əmin olur, onun standart siyasətçi obrazından uzaq olduğunu görür və bu onlarda ortaya çıxmış yeni namizədə, yeni siyasi simaya rəğbət yaradır. Sonra yanılacaqlar, yanılmayacaqlar, fərqi yoxdur, əsas məsələ meydana yeni siyasi sima çıxarmaq, “qoca qurdlar”dan yaxa qurtarmaqdır.
Navrotski gerçəkdən də yeni siyasi simadar. Onun 43 yaşı var. Lex Valensa “Solidarnost” hərəkatı ilə Polşanı SSRİ vassallığından qurtarmaq istəyəndə, Sibirdə sürgün həyatı yaşamış general Voytsex Yaruzelski Polşada yarımdiktatura rejimi bərqərar edəndə Navrotski hələ doğulmamışdı. Budur, indi məhz bu qdansklı oğlan Polşaya rəhbərlik edəcək.
Navrotski Qdanskda doğulub və orta təhsilini bu şəhərdə alıb. O, 2003-cü ildə Qdanskda Ali Biznes və İdarəetmə Məktəbini bitirib, 2003-cü ildə Qdansk Universitetinin tarix İnstitutuna daxil olub, 2008-ci ildə magistr dərəcəsi alıb, 2013-cü ildə dissertasiya müdafiə edib, humanitar elmlər doktoru elmi dərəcəsi alıb.
O, ixtisasca tarixçidir, heç vaxt dövlət vəzifəsi tutmayıb, ən böyük vəzifəsi muzey direktoru və Milli yaddaş institutunun prezidenti vəzifələri olub.
Bundan başqa, o gəncliyində həm boksçu, həm də “Ex Siedlce Gdańsk” futbol komandasının oyunçusu və kapitanı olub. Bu da o deməkdir ki, ötən ilin payızında Gürcüstan prezidenti seçilmiş Mixail Kavelaşvilinin ardınca ikinci keçmiş futbolçu hakimiyyətə gəlib.
Ukraynanın NATO-ya və Avropa İttifaqına qarşı çıxdığına görə bəzən Navrotskini “Rusiyanın adamı” hesab edənlər də olur. Ancaq Polşanın seçilmiş prezidentinin Ukrayna və Rusiyaya dair öz şəxsi mülahizələri var. O, prinsipcə, Rusiyaya qarşı ritorikası ilə məşhurdur. 2019-cu ildə Navrotski Xarici İşlər Nazirliyi ilə birlikdə dünyanın 160-dan çox yerində II dünya müharibəsi illərində Polşa və polşaların tarixini təqdim edən “Döyüş və əzab” adlı beynəlxalq sərgi layihəsinin təşəbbüskarı olub və tədbirləri koordinasiya edib. 2024-cü ilin fevralında Rusiyada Navrotskiyə qarşı Polşa ərazisində sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə cinayət işi açılıb, axtarışa verilib.
Navrotskinin Ukraynaya qarşı iddiası isə keçmişlə bağlıdır. O, bəyan edib ki, Ukrayna "Volında polyakların soyqırımı"na görə məsuliyyəti öz üzərinə götürməyənə qədər bu ölkənin NATO və Aİ-yə üzvlüyünü dəstəkləməyəcək. O, hesab edir ki, Polşada yaşayan ukraynalılar polşalılarla bərabər sosial dəstək əldə etməməlidirlər.
Navrotski Polşa patriotu olaraq II dünya müharibəsində ölkəsinə və xalqına zərər verən ikinci dövləti – Almaniyanı da kənara qoymayıb. O, Hitler nasistlərinin Polşanı işğal və istismar etməsinə, polyaklara qarşı kütləvi qətliamlar törətməsinə görə müasir Almaniyanı cavabdeh sayır və bu dövlətin Polşaya 1,6 trilyon dollar həcmində təzminat ödəməli olduğu barədə tələbi dəstəkləyir.
Ekspertlər onun Polşa prezidenti postunda fəaliyyətə başlayandan sonra baş nazir Donald Tuskla yola getməyəcəyini və bunun hökumət böhranına səbəb olacağını proqnozlaşdırırlar.
Yeni prezident pensiya yaşını artırmayacağına (hazırda Polşada qadınlar üçün 60, kişilər üçün 65 yaş), iqtisadiyyata, səhiyyə və sosial evlərin tikintisinə ayrılan vəsaiti artıracağına söz verib.
O, Avropa İttifaqının federal dövlətə çevrilməsi ideyasına qarşı çıxır, Aİ daxilində polyak milli kimliyinin qorunub saxlanmasının zəruriliyini vurğulayır.
Bir sözlə, Polşa üçün yeni bir siyasi era başlayır.
Araz Altaylı, Musavat.com
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ