İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçaturyanın Mladiçdən fərqi: Meşəli anaları Vaqifin üzünə tüpürməyə gələcəklərmi?

Dərdlinin halından eyni dərdi çəkən anlayar. Meşəli faciəsinin qurbanlarına, bu faciədə əzizlərini itirənlərə, öz ölkəsindəki evindən deportasiya olunanlara Balkan yarımadasından, Bosniyadan, konkret olaraq Srebrenitsadan dəstək gəlməsi həm çox anlamlıdır, həm də Vaqif Xaçaturyan mövzusuna vurulan möhürdür.

708271-51753734.jpg (112 KB)

Bütün Avropa Srebrenitsanı tanıyır. Srebrenitsa keçmiş Yuqoslaviya imperiyasının tərkibinə daxil olan Bosniya və Herseqovina respublikasının kiçik şəhəri olub, 1995-ci ildə serb cəlladlar boşnaklara qarşı soyqırım siyasəti yeridərkən bu qəsəbədə kişi, qadın, qoca, uşaq demədən 8 mindən çox günahsız insan öldürüblər. Ayrıca minlərlə qadın zorlanıb. Amansızlıq, qəddarlıq o qədər şiddətli və genişmiqyaslı olub ki, Avropa dövlətləri sözün əsl mənasında şoka düşüblər və bu genosid aktını serb cəlladlara, onların generallarına, hətta Serbiya prezidenti Slabodan Miloşeviçə bağışlamayıblar, onları Haaqa məhkəməsində mühakimə ediblər.

Ermənilərin törətdiyi Meşəli və Xocalı (eləcə də digər) qətliamları Srebrenitsadan 4-5 il əvvəl baş verib.

Fəqət o zaman beynəlxalq birlik bu cür antibəşəri cinayətlərə görə nə erməni cəlladlara bir söz deyib, nə də kimisə mühakimə edib.

Deyək ki, Avropa Meşəlidə 25 nəfərin öldürülməsi ilə başa çatan kütləvi qətl barədə xəbərsiz olub, bəs Xocalı faciəsinə münasibətdə nə üçün susqun qalıb? Həmin zaman Avropada bundan böyük və çoxqurbanlı qətliam aktı olmamışdı. Bu hadisəyə görə ölkə prezidenti istefa verməyə məcbur olmuşdu, Azərbaycanda hakimiyyət dəyişikliyi baş vermişdi. “Qoca qitə”nin siyasi, humanitar dairələrində hər kəsin xəbəri vardı ki, Azərbaycan xalqının başına nə iş gəlib və ölkədə baş verən siyasi təlatümlərin səbəbi nədir.

1991-ci ildə Meşəlidə o cür qırğın baş verəndə bu hadisənin ölkə ictimaiyyəti arasında ajiotaj doğurmamasının səbəbi o zamalar Azərbaycanı idarə edən hakimiyyətin dişsizliyi, fərasətsiziyi idi. Eynilə Xocalı faciəsi zamanı olduğu kimi Meşəli qətliamında da prezidentin müşavirlərindən biri çıxıb kənddə eləcə yüngülvari toqquşma olduğu, hər iki tərəfin 2-3 nəfər itki verdiyini demişdi. Həmin şəxs hələ də üzdədir, siyasi şərhlər verir.

1690692597_vaqif-xaaturyan-1990-lar-dys.jpg (60 KB)

Əslində isə həmin vaxt Meşəlidə əməlli-başlı qırğın olubmuş. Evinin içində oturan 25 nəfərin güllələnməsi, 14 nəfərin yaralanması, 350-dən çox adamın kənddən qovulması nə deməkdir?

O dövrün iqtidarı bu barədə ona görə susmuş, erməni cinayətini malalamışdı ki, xalqın etiraza qalxacağından, terrorçu-separatçılara qarşı təsirli tədbirlər görülməsini tələb edəcəyindən çəkinmişdi. Çünki o zaman respublika rəhbəri vəzifəsini icra edən Ayaz Mütəllibov həm Moskvanın iradəsi qarşısında aciz idi, həm də sərəncamında lazımi qədər hərbi qüvvə yox idi. Əməliyyat zonalarında yalnız xüsusi təyinatlı milis dəstələri vardı, onlar da bir yanı Qubadlı, Zəngilan, Laçın, bu biri yanı Ağdam, Tərtər, Goranboy, Qazax, Tovuz rayonlarında sərhədyanı kəndlərin müdafiəsində idilər. Moskva Azərbaycana milli ordu birləşmələri, könüllü batalyonlar yaratmaq imkan vermirdi, ölkə rəhbərliyi də bununla razılaşırdı. Ermənilər isə Kremlin şifahi qadağasına, dövlətin yazılı yasaqlarına məhəl qoymayaraq silahlanmaqda və kəndlərə hücum edərək qırğınlar törətməkdə, yerli əhalini qorxudub ermənilərlə birlikdə yaşadıqları kəndlərdən çıxmağa məcbur etməkdəydilər.

Meşəli qırğını belə bir vaxtda, həmin bədnam niyyətlə törədilmişdi.

Budur, 32 ildən sonra olsa da, o qətliamda fəal iştirak edənlərdən biri yaxalanıb. Qətliam qurbanlarının əzizləri, hadisənin şahidləri, Xaçaturyanın şəxsən işgəncə verdiyi şəxslərin bir çoxu sağdır və illər əvvəl verdikləri ifadələri bu günlərdə həm hüquq-mühafizə orqanlarında təkrarlayıblar, həm də mediaya müvafiq açıqlamalar veriblər. Vaqif Xaçaturyanın qətliam canisi olmasına heç bir şübhə yoxdur və bu, məhkəmədə sübuta yetiriləcək.

Ancaq Srebrenitsa canilərini, başda general Ratko Mladiç olmaqla ittiham və məhkum edən Avropa məhkəməsi hələ tərpənmir. Avropanın siyasi institutları isə caninin müdafiəsi istiqamətində hərəkətlər edirlər.

Burada bir neçə izah edilməli məqam var. Meşəlidə törədilən qırğın nizami hərbi hissənin başlatdığı qanuni hərbi əməliyyat olmayıb, dinc əhali üzərinə bandit basqını olub. Əgər bu, nizami ordu birləşməsi olsaydı, müdafiəçilər deyə bilərdi ki, Xaçaturyan öz komandirinin əmrinə tabe olan sıravi əsgər olub, ona görə də hərbi cinayətə görə məsuliyyət zabit rütbə daşıyanların üzərindədir. Ancaq həqiqət budur ki, könüllü ermənilərdən ibarət olan quldur dəstəsində kimin komandir, kimin sıravi olmasının elə bir əhəmiyyəti olmayıb. Hər bir əsgər bu qırğına könüllü gedib, həm də öz iradələri ilə adamları güllələmək, işgəncəyə məruz qoymaq qərarları veriblər.

_118844942_24333fcd-1103-4873-a783-0cdb5912f76e.jpg (28 KB)

Hələ ola bilər ki, Haaqa məhkəməsi sonrakı günlərdə Vaqif Xaçaturyanı mühakimə etmək adıyla Azərbaycandan almaq istəyəcək. Təbii ki, biz buna dövlət olaraq rüsxət verməyəcəyik və uzun illərdən sonra ələ keçirdiyimiz canini özümüz mühakimə edəcək, cəzasını verəcəyik.

Başımıza gələn faciələrə görə 28 il susan beynəlxalq məhkəmələrə, onların ədalətinə etibar və güvən yoxdur.

Yeri gəlmişkən, Srebrenitsa qətliamına görə serb cəlladlarla yanaşı və onlar qədər məsuliyyət daşıyan başqaları da var. Bunlar əhalini müdafiəsiz qoyaraq, qana susamış serblərin qarşısından çəkilmiş, Srebrenitsanı labüd qırğın qarşısında qoymuş holland hərbçilərdir. Həmin hollandların Hollandiyanın Haaqa şəhərindəki məhkəmədə mühakimə olunması çox ədalətli olardı. Bəs oldumu? Olmadı...

Bu baxımdan “Srebrenitsa anaları” assosiasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Meşəli kəndinin analarına üz tutaraq, onları Xaçaturyanın məhkəməsinə gedib cinayətkarın üzünə baxmağa dəvət edərkən çox haqlıdır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR