İnsanlara hürriyət, millətlərə istiqlal!

Körfəz “cırtdan”ının “div”ə çevrilməsi – Qətər ərazisinə görə dünyada 158-ci, rifahına görə 4-cüdür

Fars\Ərəb körfəzinin neft krallıqları öz iqtisadiyyatlarını uğurla şaxələndirirlər. Bu neft dövlətlərinin qeyri-resurs sektorları, demək olar ki, dörd faiz iqtisadi artım nümayiş etdirir. Eksklüziv “qızıl” vizalar və xüsusi lisenziyalar, habelə investisiyaların diversifikasiyası mühüm inkişaf alətlərinə çevrilib.

Körfəz Əməkdaşlıq Şurasına Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir.

Şöhrəti dünyanı tutan, 2022-ci ildə dünyanın nəhəng dövlətlərinin əlindən mundiala ev sahibliyi fürsətini (rüşvətlə olsa da) alan Qətərin ərazisi “əl içi” boydadır, cəmi 11,586 km²-dir və dünyada 158-ci yerdədir. Ərazisinə görə “cırtdan” dövlətlərin səfində olan Qətər iqtisadiyyatına görə, “div”lərin sırasındadır. Bu dövlətin Ümumi Daxili Məhsulunun həcmi 356 milyard dollardır (dünyada 60-cı), adambaşına düşən milli gəlirə görə isə 115 min dollarla dünyada 4-cüdür. Qətərin 3 milyona yaxın əhalisi var.

Söz yox, Qətər iqtisadi inkişafını da, əhalisinin rifahını da neftə borcludur, ancaq bu faktdır ki, Qətər neftdən gələn milyardları səmərəli istifadə etməyi bacardığı üçün bir yerlərə çıxmaqdadır. Dünya İqtisadi Forumunun (WEF) ekspertlərinin fikrincə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) neftdən tarixi asılılıqdan qurtularaq, daha çoxşaxəli və investisiya cəlbedici iqtisadiyyata doğru irəliləyir və böyük iqtisadi transformasiya anını yaşayır.

katt04.jpg (73 KB)

Beynəlxalq Valyuta Fondu (BVF) bu şuraya üzv olan ölkələrin iqtisadiyyatlarının 2025-ci ildə orta hesabla 3,5% və 2026-cı ildə 4,2% artacağını proqnozlaşdırır.

Beynəlxalq ekspertlər bildirirlər ki, bu ölkələrin iqtisadiyyatları yaxın illərdə dünya bazarında neftin qiymətinin aşağı düşmə tendensiyası müşahidə olunsa da, böyüməkdə davam edəcək.

Fars körfəzinin bütün ərəb ölkələrində investorlar və ya mütəxəssislər üçün “qızıl viza” proqramları yaradılıb. Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “qızıl viza” və ya “Səudiyyə Ərəbistanı yaşıl kartı” tibb, elm, mühəndislik və ya təhsil sahələrində sahibkarları və peşəkarları cəlb etmək üçün nəzərdə tutulub. Qətərdə analoji beş illik rezidentlik proqramı xarici investorların cəlb edilməsində əldə etdiyi uğura əsaslanır.
Omanda həmçinin investor mərkəzli iki rezidentlik proqramı var. Bəhreyn “Qızıl rezidentlik proqramı” ixtisaslı investorlara, istedadlı şəxslərə və başqalarına daimi yaşayış imkanı verir. Əcnəbilər üçün bu proqrama yaxın ailə üzvləri üçün yaşayış icazələrinə sponsorluq etmək imkanı daxildir. Krallıq bunu təkcə iş imkanları deyil, həm də yüksək həyat keyfiyyəti, o cümlədən təhlükəsiz və ailəyə uyğun icma axtaran ailələr üçün cəlbedici təklif kimi görür.

Körfəz ərəb ölkələri investisiya şərtlərini daim yaxşılaşdırmağa çalışır. Onların bunu iqtisadiyyatlarının təkanverici qüvvəsi sayırlar. Məsələn, BƏƏ-də 40 azad iqtisadi zona var - bu sahələr biznes üçün çox cəlbedici mühit təklif edir. Əcnəbilər və xarici investorlar şirkətlərin tam mülkiyyətinə sahib ola, sadələşdirilmiş şirkət formalaşma proseslərinə daxil ola, vergi və gömrük rüsumlarından 100% azad oluna bilər. Oman və Qətər də ticarət və nəqliyyat marşrutlarına çıxışı olan ərazilərdə yaradılmış müqayisəli azad zonalara malikdir.

katt-2.jpg (84 KB)

Bəhreyn həm də iqtisadi cəhətdən ən açıq körfəz ərəb dövlətlərindən biridir və bütün ölkə keyfiyyətli infrastruktur, əlavə stimullar və limanlara asan çıxış təmin edən xüsusi sənaye zonalarına əlavə olaraq azad iqtisadi zona elan edilib.

Qətər bazarında, azad iqtisadi zonalarda başqa ölkələrin yüzlərlə şirkəti fəaliyyət göstərir.

Bu ölkə öz dövlət müstəqilliyini 1971-ci ildə Böyük Britaniyadan qazanıb. Ona qədər Qətər neft buruqlarının sıralandığı çöllükdən ibarət olub. Ancaq müstəqillik illərində yavaş-yavaş dirçələn, öz milli sərvətinə sahib çıxaraq varlanan Qətər dünya bazarında karbohidrogen resurslarının qiymətinin yeddiqat bahalaşması ilə yeddiqat sürətlə inkişaf etməyə başlayıb. Qətərlilər başa düşürlər ki, ya bir gün neft tükənə, ya da ona tələbat azalar və qiyməti düşə bilər. Ona görə də onlar qeyr-neft sektorunun inkişafı ilə ciddi şəkildə məşğuldurlar.

Qətərin hökumət strukturuna nazirliklər, ali şuralar və digər dövlət qurumları daxildir. Qətərlilər və əcnəbilər də daxil olmaqla, təxminən 90 min işçi hökumət və digər dövlət sektoru qurumlarında çalışır.

Mütləq monarxiya quruluşuna malik Qətərin başçısı əmirdir və o, ölkəni daxildə, beynəlxalq aləmdə və bütün beynəlxalq münasibətlərdə təmsil edir.

Şeyx Təmim bin Həməd Al Sani 25 iyun 2013-cü ildən Qətər dövlətinin əmiri vəzifəsini icra edir. Ondan əvvəl həmin vəzifədə onun atası işləyib.

katt-1.jpg (310 KB)

Qətərdə siyasi partiyaların, həmkarlar ittifaqlarının yaradılması və nümayişlərin keçirilməsi qadağandır. Söz və mətbuat, eləcə də din və etiqad azadlığından söhbət belə gedə bilməz. İslamı tərk etmək Qətərdə cinayət sayılır və ölümlə cəzalandırılır. İslam ehkamlarının düzgünlüyünə ən xəfif şübhə belə “küfr” hesab edilir və 7 ilədək həbslə cəzalandırılır. İslamdan başqa hər hansı dini təbliğ edənlərə 10 ilədək həbs cəzası verilir. Yəni adi bir xaç çevirməyin üstündə adamı türmədə çürüdürlər.

Belə görünür ki, bu “cırtdan” ölkədə təməl azadlıqlar heç kəsin qulağına deyil. Qətərlilər komfortda yaşayırlar, kalorili qidalanırlar, dünyanı gəzirlər, ürəkləri istəyən kimi əylənirlər – bu, onlara bəsdir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR