Onlayn ictimai-siyasi qəzet
Estetik həkimlərə icazə verildi, pasiyentlərə isə zəmanət yox; cərrahlardan vacib açıqlamalar...
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən 42 həkim-mütəxəssisin adı açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Səhiyyə Nazirliyindən həmçinin bildirilib ki, siyahı aprelin 17-nə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.
Bəs bununla plastik cərrahiyyə ilə bağlı əsas problemlər aradan qalxdımı? Xanımlar bundan sonra arxayın şəkildə əməliyyatlara girə biləcəklərmi? İcazə verilməyən əməliyyatlar hansıdır?
Elşən Nəsibov
Ümumi cərrah Elşən Nəsibov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni siyahı estetik cərrahiyyədə nəyisə dəyişməyəcək: “Adları çəkilən 42 plastik cərrahdan heç biri burun əməliyyatını lor həkimi kimi yaxşı edə bilməz. Hər bir əməliyyatda ağırlaşma ola bilər. Bütün əməliyyatların nəticələri yüksək olmur. Plastik əməliyyatın 100 faizli uğurla nəticələnəcəyini heç kim deyə bilməz. Həmin siyahıda göstərilən həkimlər Allah deyil ki. Belə çıxır ki, yerdə qalan cərrahlar heç kimdir?! Hərənin bir qabiliyyəti və bacarığı var. Stomatoloqa üzgərmə əməliyyatı etməyə icazə verirlər. Stomatoloq nə bilir ki, üzgərmə nədir. O, dişdən başqa heç nə görməyib axı”.
Adil Qeybulla
Cərrah-həkim Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb: “Bu cür təcrübələrlə nəyəsə nail olmaq mümkün deyil. Akkreditasiya, lisenziya yaranmalıdır. Həkimlərə konkret bir müddət üçün fəaliyyət lisenziyası verilməlidir.
İndiyə qədər həkimlərin akkreditasiya sistemi yoxdur. Dünyanın hər yerində belə bir sistem var - həkimlər akkreditasiyadan keçir və onun əsasında onlara lisenziyalar verilir və lisenziya əsasında konkret müddətdə fəaliyyət göstərir. Həkimə fəaliyyət göstərmək üçün 5 il, maksimum 7 il lisenziya verilir, müddət bitdikdən sonra fəaliyyəti araşdırılır və təkrar lisenziya verilir. Amma bizdə isə çox əndirəbadi, bilmirəm kimin ağlına gəlmiş sertifikasiya imtahanı keçirilir və bütün həkimlər onun girovuna çevrilib. Bu zaman kimlərsə hansısa neqativ yolla o imtahandan keçir və sairə. Yəni bu sertifikasiya imtahanı tamamilə mənasız bir şeydir. Təsəvvür edin, Tibb Universitetinin professorları, hansı ki, imtahanlardakı sualları çox zaman onların kitablarından salırlar, həmin professorları da məcbur edirlər imtahan verməyə. Dünyada bu cür biabırçılığın analoqu yoxdur, bunu heç nə ilə müqayisə etmək olmur. Deyərdim ki, bu, həkimlər üzərində bir həqarətdir. Bəs məqsəd nədir? Niyə akkreditasiya sisteminə keçid edilmir? Əgər akkreditasiya sisteminə keçilsə, əlbəttə, qeyd olunan məsələlər ictimai nəzarət altında olacaq. Bu zaman həkimlərin lisenziyasının reyestri ictimaiyyətə tamamilə açıq olacaq. Belə olmadığı təqdirdə çox sayda boşluqlar yaranır və bundan sui-istifadə halları olur.
Sertifikasiya imtahanı ləğv olunmalıdır, dünyanın heç yerində bunlar yoxdur. Bu sistemlər bir-biri ilə ziddiyyət təşkil edir. Bir qrup həkimi kənarda qoyublar, digər qrupa isə icazə verilib. Bu, məsələnin həlli deyil. Lisenziya sistemi isə konkret olaraq hər kəsdə hüquqi məsuliyyət yaradır. Dünya təcrübəsi belədir.
Düşünürəm ki, bu situasiya təkcə estetik cərrahlara aid deyil, araşdırsaq, digər ixtisaslarda da bu cür problemlər var. Çox asan yolla ixtisas dəyişmələri aparılır. Əlbəttə ki, kimsə ixtisasını dəyişə bilər, amma bunun üçün yenidən rezidentura keçməlidir. Dünyanın hər yerində qayda belədir. Bu, 3 aylıq kurs və yaxud hansısa yollarla reallaşa bilməz.
Ona görə də hesab edirəm ki, biz hansısa ölkənin modeli əsasında öz qanunlarımızı adaptasiya etməliyik. Bunun ən yaxşı variantı qardaş Türkiyədir. Orada bu qaydalar, qanunlar demək olar ki, illərlə özünü sınaqdan keçirib.
Hesab edirəm ki, səhiyyədə artıq “azərbaycansayağı” işlərdən qurtulub, normal idarəetməyə keçməliyik və səhiyyə vahid mərkəzdən idarə olunmalı, bütün bunlar da ictimai nəzarətin altında olmalıdır".
Həkim deyir ki, ümumi cərrahlıq təcrübəsi olmayan şəxs estetik işləyə bilməz: “Ən azı 5-7 il müddətinə bu təcrübə tələb olunur. İstənilən halda cərrahi təcrübəyə və müəyyən vərdişlərə sahib olmalıdırlar. Almaniyda rinoplastika ilə lor həkimləri məşğul olur. Çünki onlar burun strukturunu bilirlər. Burun əyriliklərində həm də funksional pozuntular olur. Söhbət estetik korreksiyadan getmir. Yaxud da süd vəzilərinin estetik əməliyyatlarını aparan cərrahlar konstruktiv əməliyyatları da icra edirlər. Süd vəzinin götürülməsindən sonra onun yenidən formalaşdırılması estetik cərrahların işidir. Yəni bir həkim bütün sahədə estetik cərrahlıq edə bilməz. Lisenziyada onun hansı əməliyyatları icra etməsi yazılır. Bizdə estetik cərrah həm rinoplastika, həm mamoplastika ilə, həm də kontur plastikası ilə məşğul olur. Bunları ümumiləşdirmək olmaz axı”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ