İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilnüsdə NATO günləri: Alyans güclənir, Zelenski gileylənir...

 

Ukraynanın təşkilata üzvlüyü müharibədən sonra reallaşacaq, Kiyevə işğala qarşı mübarizədə dəstək isə artırılır; Asim Mollazadə: “NATO genişlənir, qardaş Türkiyənin də nüfuzu artır”

Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitin ikinci günündə NATO-ya üzv ölkələrin liderləri bir araya gəlib. “Yeni Müsavat” xəbər verir ki, NATO-nun Hind-Sakit okean tərəfdaşları Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə Avropa Birliyi (Aİ) də iclasda təmsil olunur. İclasın açılışında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Avropa və Atlantikada regional ittifaqdır, lakin üzləşdiyi problemlər qlobal xarakter daşıyır.

Stoltenberq Avro-Atlantik və Hind-Sakit Okean regionlarında baş verən hadisələrin bir-biri üçün əhəmiyyətli olduğunu, Ukraynadakı müharibənin qlobal əks-səda doğurduğunu, terror və kiber təhdidlərin sərhəd tanımadığını, avtoritar rejimlərin getdikcə yaxınlaşdığını bildirib.

“Biz qaydalara əsaslanan qlobal nizam üçün birlikdə olmalıyıq” deyən Stoltenberq sammitdə tərəfdaşların iştirakının vacib olduğunu qeyd edib. Terror təşkilatları NATO ölkələrinin əhalisini təhdid edir. Alyans terrorun bütün təzahürləri ilə mübarizə aparmağı öhdəsinə götürür. Bu barədə NATO-nun Vilnüs sammitinin bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, terror təşkilatları məqsədlərinə çatmaq qabiliyyətini və ölümcüllüyünü artırmaq üçün şəbəkələrini genişləndirib, imkanlarını gücləndirib və yeni texnologiyalara investisiya qoyublar. NATO ölkələri onların qarşısını almağa davam edəcək. NATO ölkələri bütün forma və təzahürlərində terrorizmlə mübarizənin kollektiv müdafiə üçün çox vacib olduğunu vurğulayıblar.

Ümumiyyətlə, Şimal Alyansının Vilnüs sammitində mühüm açıqlamalar verilib, bir sıra vaib qərarlar qəbul olunub. Finlandiya ilk dəfə tamhüquqlu üzv kimi Vilnüs sammitində iştirak edib. “Dünənki razılaşmamızın ardınca İsveçi də tezliklə tamhüquqlu üzv kimi qarşılayacağıq. Mən İsveç baş naziri və Finlandiya prezidentinə "Xoş gəlmisiniz" deyirəm". Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüs sammitinin açılış mərasimində deyib. “Bu gün biz burada bir çox qərarlar verdik. Bu qərarlarla Alyansımızı daha da gücləndirəcəyik. Biz Ukraynaya siyasi və praktiki dəstəyi artıracağıq ki, bu da Ukraynanı məxsus olduğu NATO ailəsinə daha da yaxınlaşdıracaq”, - baş katib əlavə edib.

“Mən NATO tərəfdaşları ilə Alyansa gedən yolda Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyirəm”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüsdə keçirilən NATO sammitinin ikinci günündə jurnalistlərə açıqlamasında deyib. Ukrayna lideri bildirib ki, bugünkü görüşlərdə onun gündəliyində üç əsas məsələ var: “Birincisi, ordumuzu dəstəkləmək üçün yeni hərbi yardım paketləridir. İkincisi NATO-ya dəvət məsələsidir. Bəyanatlardan başa düşürük ki, təhlükəsizlik şərtləri imkan verən kimi biz bu dəvəti alacağıq. Və digər məsələ, NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsidir. Mən bütün bu məsələləri tərəfdaşlarımızla müzakirə etmək istəyirəm”, - prezident Zelenski vurğulayıb. Polşa Prezidenti Anjey Duda da mətbuata açıqlamasında NATO-nun Ukrayna ilə bağlı qərarlarına qəti narazılıq bildirib: “Mənim fikrimcə, qəbul olunan qərarlar tamamilə qənaətbəxş deyil. Ümid edirəm ki, bir neçə ilə Ukrayna alyansın tamhüquqlu üzvü olacaq”.

Prezident deyib ki, NATO üzvləri Ukrayna məsələsində mütləq yekdillik nümayiş etdirməlidirlər. “NATO müttəfiqləri Ukraynanın Alyansa daxil olmasının sadələşdirilməsində iştirak etmək istəyir, lakin bu, yalnız müharibə başa çatdıqdan sonra mümkündür”. Bunu isə NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak edən Estoniyanın Baş naziri Kaya Kallas deyib. “İndi bunlar Ukraynanın müxtəlif ölkələrlə bağladığı ikitərəfli müqavilələr formasındadır. Biz Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım edirik. Kağız üzərində bu müqavilələrə malik olan Ukrayna əmindir ki, istənilən ölkədə hakimiyyət dəyişikliyi olarsa bu, həmin ölkənin (Ukrayna ilə bağlı - red.) öhdəliklərinə təsir etməyəcək. Bu, çox vacibdir”, - eston baş nazir qeyd edib. Nəzərə çatdıraq ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ Prezidenti Co Baydenlə görüşüb, bir sıra məsələlər barədə danışıblar. Bəs ekspertlər Vilnüs sammitinin hansı nəticələri olacağını düşünür? Qurum daha da möhkəmləndi deyilir, bunu şərtləndirən amillər nədir? Bəs Ukrayna pozitiv rəylərə rəğmən niyə quruma qəbul olunmadı? Zelenski də müttəfiqlərini tənqid etmişdi ki, görünür, bizi şimal blokuna üzv etməyə hazırlıq yoxdur. Müharibə bitdikdə, Ukrayna NATO ailəsinə qoşula bilərmi?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a sammitdə verilən qərarları, açıqlamaları təhlil edərək qeyd etdi ki, bütövlükdə Şimal Alyansı genişlənir. A.Mollazadənin sözlərinə görə, artıq Finlandiya və İsveç demək olar ki, təşkilatın üzvüdürlər. “Ukraynaya hücumlar bu şimal ölkələrini təhlükəsizliklərini gücləndirməyə vadar etdi. Bu proseslərin gedişində Kiyevə hərbi və maliyyə dəstəyi davam etdiriləcək. NATO sammitində də yardımların olacağı bir daha bəyan edildi. Ukraynanın bu bloka üzvlüyünə gəlincə, müharibədən sonra asan prosedurlarla qəbul olunacaq”, - deyə deputat vurğuladı. A.Mollazadənin sözlərinə görə, bir sıra üzv ölkələr Ukraynanı dərhal qəbul etməyə çağırırlar, lakin ABŞ, Almaniya, Fransa kimi NATO-dakı aparıcı dövlətlər müharibən sonra üzvlüyün tərəfdarıdırlar: “Vilnüsdə sammitlə yanaşı, "G 7" toplantısı da keçirilir. Bu toplantıda da Ukraynaya yardımın artırılması qərarları verilməkdədir. Ona görə də Ukraynanın müdafiəsi güclənir". A.Mollazadə onu da diqqətə çatdırdı ki, bu hadisələr fonunda xüsusən qardaş Türkiyənin NATO-da rolu artır, nüfuz çoxalır, Avropa Birliyinə üzvlüyü də reallaşacaq: “O ki qaldı Türkiyənin "Azov" komandirlərini Ukraynaya verməsinə, bu gözlənilməz deyildi. Türkiyə NATO-da ordusunun gücünə görə ikinci qüdrətli ölkədir. Yanlış siyasəti həyata keçirən ölkələr anlayırlar ki, onlar Türkiyəsiz zəifləyəcəklər. O baxımdan Türkiyənin yanındadırlar".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova NATO-nun Şərqə doğru genişlənməkdə davam etdiyini düşünür. Onun sözlərinə görə, Rusiyanın Ukrayna torpaqlarına hücumu da Şimal Alyansı üçün çəkindirici faktor olmadı. Ekspert hesab edir ki, başı döyüşlərə qarışan Kreml, başqa bir qonşusu - Finlandiyanın bloka qoşulduğunu gördü, Baltik dənizi “NATO dənizi”nə çevrildi. R.Məmmədovanın sözlərinə görə, Ukraynada hərbi əməliyyatların əsas məqsədi bu ölkənin neytrallıq statusu qəbul etməsi, öhdəlik götürməsi idi ki, NATO-ya üzv olmayacaq: “İkinci hədəf NATO-nun şərqə doğru genişlənməsi planının qarşısını almaq idi. Lakin Putin bunların heç birinə nail ola bilməyib. Zelenski hər nə qədər şikayətlənsə də, savaşdan sonra ölkəsi üzv qəbul ediləcək. İkincisi, NATO hələ də genişlənir və özünü Avrasiya qütbünün ağası kimi aparan Rusiya buna əngəl ola bilmir. Hələlik NATO bazası Ukraynada yoxdur, amma olacaq. Eləcə də NATO ölkəsi olan Türkiyə Ukraynada "Bayraktar" zavodu tikəcək. Halbuki Rusiya “xüsusi hərbi əməliyyatı”n əsas məqsədlərindən biri kimi demilitarizasiyanı göstərmişdi. Ancaq nəinki silahsızlaşdıra bilmədi, əksinə, Ukrayna Avropada ən militarist dövlətə çevrilməkdədir".

Siyasi şərhçinin fikrincə, Ukrayna Avropa İttifaqına üzv qəbul edilsə, Qərbdə ən silahlanmış dövlət sayılacaq: “Vilnüs sammiti bu mənada yaddaqalan oldu. Eləcə də blok Ukrayna müharibəsi ilə özünü eksperiment etdi. Məlum oldu ki, NATO-ya üzv ölkələr bir mövqedən çıxış edə bilirmişlər. Yəni təşkilat gücünü ortaya qoydu və Rusiyanın arzuladığı parçalanma olmadı. Yalnız Macarıstan müəyyən qədər ehtiyatlı siyasət yürüdür, Türkiyə sülh təşəbbüskarı kimi hərəkət etməklə yanaşı Ukraynanı müdafiəsiz qoymur, Avropanın NATO-Ya üzv olan və ”dişsiz" görünən ölkələri də artıq prinspiallıq nümayiş etdirir: Fransa Ukraynaya uzaqmənzilli raketlər verir, Almaniya “Leopard-2" tanklarını tədarük edir, ən əsası isə anqlosakson dünyası - Britaniya və Birləşmiş Ştatlar Zelenski komandasının əsas müdafiəçiləridir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR